“Gənclər arasında narkotik istifadə edənlərin sayı getdikcə artmaqdadır” - FATİMƏ HACIBƏYLİ

“Narkotik maddələrin qanunsuz dövriyyəsi cinayətkarlığın artmasına səbəb olmaqla yanaşı, həm də terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə də ən ciddi təhdidlərdən biri kimi çıxış edir”

“Narkotiklərin qanunsuz dövriyyəsindən hər il on milyardlarla dollar gəlir götürülür”

Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır desək, yanılmarıq. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Silah, insan alveri, orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədə qorxulu olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya (geniş mənada narkotizm) hazırda sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilib.

Bu haqda Stopnarkotik.az-a danışan "Vəfa sosial problemlərin həllinə dəstək ictimai birliyi"nin rəhbəri Fatimə Hacıbəyli deyir ki, narkomaniya ümumilikdə millətin fiziki və mənəvi sağlamlığına təhlükə yaradır, zərbə vurur. Buraya nəsillərin genetik degenerasiyası, narkomaniyanın QİÇS, hepatit, digər ağır xəstəliklər, homoseksuallıq və fahişəlik problemləri ilə sıx əlaqəsi daxildir. Müxtəlif sosial problemlərin bütöv bir “buketi” narkomanlıqla əhatə olunmuşdur.

“Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir”, - deyən F.Hacıbəyli vurğuladı ki, son vaxtlar dünyada gənc nəsil arasında narkotik vasitə və psixotrop maddələri qəbul edənlərin sayı  getdikcə artmaqdadır: “İnzibati qadağa və cəzaların verilməsinə baxmayaraq, bu sahədə müsbət nəticə əldə etmək müşkülə çevrilib. Bu araşdırmada məqsəd gənc nəslin zərərli vərdişlərdən qorunmasının optimal yollarını tapmaqdan ibarətdir. Bunun üçün ümumtəhsil məktəblərində təhsilalanların narkotik vasitələrdən və psixotrop maddələrdən istifadəsinin mövcud vəziyyətini öyrənmək məqsədilə müəllimlər, valideynlər və şagirdlər arasında anket sorğusu keçirilib. Suallar üzrə cavablar ümumiləşdirilib və iştirakçılar maarifləndirmə sahəsində ehtiyaclarına görə qruplaşdırılıb. Məqalədə aparılan araşdırmanın nəticəsi olaraq ümumtəhsil məktəblərində narkotik vasitələrdən və psixotrop maddələrdən istifadənin qarşısının alınması üçün hazırlanan və tətbiq olunan maarifləndirici təhsil proqramı üzrə həyata keçirilən məqsədyönlü işlərin müsbət nəticəsindən bəhs olunur.

QHT rəhbəri bildirir ki, narkomaniya yeniyetmə və gənclər arasında daha sıx yayılmağa başlamışdır: “İndi  sual yaranır ki, yeniyetmə və gənclərə narkomaniya ilə mübarizədə necə dəstək olaq? Çünki son illərin ən aktual məsələlərindən birinə çevrilən narkomaniya yeniyetmə və gənclər arasında daha sıx yayılmağa başlamışdır. Bu hal həm uşaq və gənclərimizə, həm də onların ailələrinə maddi və mənəvi ziyan vurmaqda davam edir. Narkotik maddələr mərkəzi sinir sisteminə spesifik təsir göstərir və tez bir zamanda asılılıq yaradı. “Narkomaniya” sözünün mənasına diqqət etsək, yuxu, bihuşluq, cəzbetmə və ağılsızlıq deməkdir. Bu maddalər bir növ düşüncəyə təsir edir və beyni tənzimləyir. Bu tənzimləmə psixoloji və fizioloji defektlərlə nəticələnə bilir. Bunlara misal olaraq, yaddaş və təfəkkür pozuntusunu, depressiya, diqqət əksikliyi, yuxu pozuntusu, intihar riski, özünə və başqalarına zərər yetirmə hallarını qeyd edə bilərik.

Yeniyetmə və gənclər ilk vaxtlarda düşünürlər ki, narkotik qəbul stressi azaldır, problemləri unutmağa, onlardan uzaqlaşmağa kömək edir. Müəyyən müddətdən sonra isə bu asılılıq onlarda bir problem halına çevrilib, digərlərinin üzərinə əlavə olunmuş olur.

Fatimə Hacıbəyli qeyd etdi ki, bu gün narkomaniya təkcə bəşəriyyətin sağlamlığına, mənəvi dünyasına deyil, qlobal dünya iqtisadiyyatına da narkoticarət yolu ilə ağır və sağalmaz yaralar vurmaqdadır: Belə ki, narkotik maddələrin qanunsuz dövriyyəsi cinayətkarlığın artmasına səbəb olmaqla yanaşı, həm də terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə də ən ciddi təhdidlərdən biri kimi çıxış edir. Mütəxəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il on milyardlarla dollar gəlir götürülür ki, bu yol ilə əldə edilən qanunsuz gəlirlər də yeni müharibə və münaqişə ocaqlarının, ayrı-ayrı terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılmasına, silah alverinin daha da güclənməsinə və digər cinayətkar aksiyalara sərf olunur.

Ölkəmiz  öz müstəqilliyinə qovuşduqdan sonra bütün sahələrdə olduğu kimi, narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində də məqsədyönlü, ardıcıl və təxirəsalınmaz addımlar atmışdır. 1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tamhüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il Konvensiyasına qoşulmuşdur. 1998-ci ildə isə Azərbaycan Respublikası BMT-nin “Narkotik vasitələr haqqında” 1961-ci il və “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyalarına qoşulmuşdur. Həmçinin, ölkəmiz narkotiklərlə mübarizədə beynəlxalq əməkdaşlığın aktuallığını nəzərə alaraq, cinayətkarlıq və narkotiklərlə mübarizə sahəsində dünyanın bir sıra dövlətləri ilə ikitərəfli və çoxtərəfli sazişlər, memorandumlar imzalamışdır.

Müstəqilliyimizin ilk illərindən başlayaraq ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, cəmiyyətimizin sağlam inkişafının vacibliyini vurğulayaraq demişdir: “Narkomaniya və narkobizneslə mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və əqli sağlamlığı uğrunda aparılan mübarizədir”.

Fuad BİLƏSUVARLI

Stopnarkotik.az