Təxminən 30 il öncə “Yeni dünya nizamı” adlı termin beynəlxalq siyası arenaya aktiv şəkildə daxil edilmiş və bu mövzu ətrafında qızğın polemikalar başlanmışdı (Yeni dünya nizamı – “Novus Ordo Seclorum” anlayışı hələ 100 il öncələrə getsə də, 1990-cı illərin ortasından aktuallıq qazanmışdı). Bir çoxları buna konspirasiya nəzəriyyəsi kimi baxsa da, siyasi icmalçılar arasında bu nizamın necə və hansı şərtlər daxilində qurulacağı barədə qızğın fikir mübadiləsi gedib və bir nüansa həmişə xüsusi diqqət ayırılıb.
Gəlinmiş ümumi qənaətə və proqnozlara görə, bu yolda amansız geostrateji çəkişmələr və müharibələr qaçılmaz olacaq. Bəli, deyilənlər özünü doğruldur. Biz hazırda dünyanın yenidən formatlanmasının bariz təzahürlərilə üzləşirik. Rusiyanın Ukraynada apardığı müharibə, ABŞ Prezidenti Donald Tramp və onun ətrafının qlobal nizam və təhlükəsizlik sisteminə qarşı yönəlmiş təftişçilik siyasəti mövcud dünya nizamının dəyişəcəyindən xəbər verir.
Ağ Evdə Donald Tramp ilə Volodimir Zelenski arasındakı qalmaqalın və Avropanın Ukrayna ilə bağlı verəcəyi qərarlar da yeni dünya nizamının qapılarını açacaq ilkin addımlar hesab oluna bilər. Nə qədər qəribə səslənsə də, belə görünür ki, sözügedən yeni dünya nizamında Rusiyaya ABŞ-nin əlaltısı, vassalı rolunu ayırıblar.
Belə çıxır ki, yeni konsepsiyaya əsasən Rusiya ABŞ-nin yedəyində getmək şərtilə daha da güclənmiş siyasi-hərbi mərkəz rolunu oynamalıdır. Deməli, Rusiya Ukraynanın bir hissəsini işğal edib, müharibədən qalib çıxmalıdır, amma Qərb mətbuatının illər ərzində tərifini ərşəyə qaldırdığı Rusiya ordusu işinin öhdəsindən heç cür gələ bilmir. Hələ əksinə, Rusiyanın ağır məğlubiyyətə uğraya biləcəyi ehtimalı birmənalı istisna oluna bilməz. Bəlkə də bu, çoxlarına təəccüblü görünə bilər, ancaq 2022-ci ildən bu günə kimi güclənən tərəf Ukraynadır.
Rusiya “düşməni taqətdən salmaq” taktikasına güvənirdi və hesablayırdı ki, hər necə olsa, ukraynalıların resursu çatmayacaq və onlar yorulub əldən düşəcəklər. Ancaq faktlar göstərir ki, rusların istədiyi olmur və resurs üstünlüyü onların köməyinə gəlmir. Hazırda rusların canlı qüvvə itkisi ilə onun yerinin doldurulması arasındakı balans sürətlə mənfiyə doğru sürüşür, hərbi texnika baxımından da vəziyyət oxşardır. Bunu ABŞ hərbi analitikləri bilirlər və Trampın tezliklə atəşkəsə nail olmağa can atmasında bunun da rolu ola bilər.
Tramp vitse-prezident Venslə birlikdə Zelenskini atəşkəsə getməyə və müharibəni Ukraynanın maraqlarına zidd olan şərtlər daxilində bitirməyə məcbur edir. Tramp “müharibədə günahsız insanlar ölür, bunu durdurmaq lazımdır” tezisini qəsdən tez-tez təkrarlayır. Demək istəyir ki, baxın, mən Ukraynaya kömək etmək, onları məhvdən qurtarmaq üçün çalışıram, lakin Zelenski sülh istəmir, əhalisini qırğına verir, hələ gəlib “utanmadan bizi təhqir də edir” və sairə. Tramp özünü sülhpərvər və Ukraynanın dostu kimi göstərir, amma Putinin təcavüzkar siyasət yürütməsini əsla dilə gətirmir. ABŞ Prezidenti müharibənin başlamasınıın bütün günahını “sarsaq prezident” adlandırdığı Cozef Baydenin üstünə atır.
ABŞ rəhbərinin Ukraynaya qarşı yürütdüyü siyasəti diqqətlə izləyən Rusiya Prezidenti öz sülh şərtlərindən geri çəkilmək və ya ona hər hansı cüzi güzəştə getmək haqqında qətiyyən düşünmür, çünki Vaşinqtondakı dostlarına arxayındır. Rusiyanın irəli sürdüyü şərtlərə əsasən Ukrayna Zaporojye, Donetsk, Luqansk və Xerson vilayətlərindən imtina etməli, NATO-ya qoşulmayacağını bildirməli, təxminən 80 minlik ordu saxlamalıdır. Məsələ bununla da bitmir. Ruslar tələb edirlər ki, Ukrayna ordusunun artilleriya qurğularının sayı kəskin azaldılmalı, raketlərin uçuş məsafəsi isə 40 kilometri keçməməlidir. Ukraynanın hərbi aviasiyasından isə söhbət belə gedə bilməz. Beləliklə, Rusiya Ukraynanın faktiki tərkisilah olunmasını istəyir...
Elə öncədən də bəlliydi ki, Zelenski bu şərtlərlə razılaşmayacaq. Trampla görüşü zamanı Zelenski vurğulayırdı ki, diplomatik yolla Putinlə sülhə gəlmək mümkün deyil, çünki bundan öncəki dönəmlərdə Putin imzaladığı müqavilələrin hamısını pozub, ona inanmaq olmaz. Zelenski görürdü ki, Ukrayna ərazisindəki nadir torpaq metallarının ABŞ şirkətləri tərəfindən istismar edilməsi barəsində sövdələşməyə razılıq verməklə strateji səhvə yol verəcək. Çünki Tramp bu sövdələşmə müqabilində təhlükəsizlik zəmanəti verilməsindən boyun qaçırdı. Belə olan təqdirdə Zelenskinin qəti təhlükəsizlik zəmanəti almadan və Rusiyanın şərtlərinə boyun əyərək atəşkəsə getməsi, eləcə də gələcək aqibəti naməlum olan hansısa sənədə imza atması siyasi “xarakiri” demək olardı.
Trampın hərəkətlərini yozanlar içərisində onun Vladimir Putinə tələ qurmasını düşünənlər də var. Lakin bu, inandırıcı versiya deyil. Artıq bəllidir ki, Tramp Putinin siyasətinə, planlarına zərbə vuracaq addımlar atmaq fikrindən xeyil uzaqdır. Əlbəttə, Trampın müəyyən planı var, lakin bu planda ziyan çəkəcək tərəf Ukraynadır.
ABŞ-nin Ukraynaya qarşı neqativ fəaliyyətini anlayan Avropa liderləri Ukraynanı dəstəkləmək üçün Londonda “Gələcək üçün təhlükəsizlik” sammitinə toplaşmışdılar. Üç il ərzində Avropa ölkələri buna bənzər çoxsaylı toplantılar keçiriblər, lakin hələ ki, özündə konkret tədbirlər planı ehtiva edən fundamental dəstək konsepsiyası və yeni reallıqlara cavab verə biləcək geostrateji yol xəritəsi hazırlanmayıb. Londondakı sammitdə Ukraynanı dəstəkləyən ölkələr Zelenskini yenidən ABŞ-yə müraciət etməyə çağırdılar və dağılışdılar...
Təəssüf ki, Avropada vahid strateji proqram, düşüncə nəzərə çarpmır. Avropa özünü ən müasir silahlarla təmin edəcək silah sənayesinə malikdir və bu sektorun istehsal gücünü lazımı səviyyəyə çatdırması müşkül iş deyil. Lakin bunun üçün müvafiq plan və layihə tərtib edilməli, tələb olunan maliyyə ayrılmalıdır. Avropa isə hələ də geostrateji mübarizəyə girişməkdən çəkinir.
İndi elə bir vəziyyət yaranıb ki, bir tərəfdən ABŞ Ukraynaya yadımı kəsir, digər yandan isə Avropa ölkələri qətiyyət nümayiş etdirmək əvəzinə Zelenskiyə yalnız “ürək-dirək verirlər və deyirlər ki, ABŞ ilə razılaşması “məsələhətdir”. ABŞ da öz növbəsində Ukraynanın önünə kapitulyasiya şərtləri qoyur. Hazırkı duruma əsasən Ukrayna ABŞ silahından asılıdır, bu silahların yerini Avropa tam plmasa da doldura bilər, lakin avropalılar bu xüsusda “dişsiz” davranırlar.
Əgər belə getsə, bir neçə aydan sonra cəbhədəki vəziyyət Ukraynanın əleyhinə pisləşə bilər ki, nəticədə Rusiya ordusunun irəliləmək və yeni ərazilər işğal etmək imkanı yaranacaq. Görünür, ABŞ rəhbərliyi də elə məhz bunu istəyir.
Bundan sonra ABŞ-dən Ukraynaya “haray olmayacaq”, ümid yalnız Avropaya qalır. Bəs, bu zəif ümid özünü doğruldacaqmı? Əsas sual budur.../azpolitika.info