Salyan rayonu Şorsulu kəndi ərazisindən keçən avtomobil yolunda baş verən yol qəzasında ölən şəxsin narkotik vasitə daşıdığı müəyyən olunub.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, 19 yaşlı Goranboy rayon sakini Nahid Orucsoy idarə etdiyi "Kia Forte" markalı avtomobillə idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Nəticədə avtomobildə sərnişin qismində olan 32 yaşlı Namaz Babayev aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Yol-nəqliyyat hadisəsi ilə bağlı polis əməkdaşları tərəfindən hadisə yerinin protokolu tərtib olunub, nəqliyyat vasitəsinə baxış keçirilib, sürücünün izahatı alınıb və hadisənin başvermə səbəblərinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib.
Araşdırma zamanı qəzaya uğramış avtomobilə baxış keçirilərkən qara polietilen torbanın içərisində narkotik vasitə hesab edilən marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Sürücü N.Orucsoy izahatında bildirib ki, martın 10-da Bakı şəhəri ərazisində kirayələdiyi avtomobillə qohumu Namaz Babayevlə birlikdə sonuncunun tanışı olan bir qadından pul götürmək məqsədilə Biləsuvar rayonuna gediblər. Göstərilən ünvana çatdıqda N.Babayev avtomobildən düşərək həmin ərazidən qara polietilen torba götürüb.
Daha sonra Bakı istiqamətində hərəkətlərini davam etdirərkən yol kənarında sayrışan işıqları görüb polis əməkdaşları ola biləcəyini düşünərək avtomobili saxlamaq istədiyini, lakin N.Babayevin buna etiraz edərək əlindəki qara torbanı avtomobilin pəncərəsindən atıb ona bıçaqla hədə-qorxu gələrək avtomobili saxlamadan sürəti artırmasını tələb edib.
N. Orucsoy hərəkətini yüksək sürətlə davam etdirib və müəyyən məsafə qət etdikdən sonra Salyan rayonu ərazisində idarəetməni itirərək avtomobili aşırıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hazırda ibtidai istintaq tədbirləri davam etdirilir.
***08:53
Salyanda baş verən qəza bir nəfərin ölümünə səbəb olub.
Hadisə Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "KİA" markalı avtomobil idarəetmənin itirərək yoldan çıxıb və aşıb. Qəza nəticəsində Goranboy rayon sakini, 1994-cü il təvəllüdlü Babayev Namaz Qurban oğlu hadisə yerində ölüb.
2007-ci il təvəllüdlü Orucsoy Nahid Sadiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan rayon xəstəxanasına yerləşdirlib.
O, daha sonra paytaxt xəstəxanalarından birinə yola salınıb.
Faktla bağlı araşdırma aparılır.
Salyan Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Salyan rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2007-ci il təvəllüdlü şəxs (kişi) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə martın 11-də saat 00:30 radələrində hospitalizasiya olunub.
Ona başın təpə nahiyəsinin, sağ qulağın açıq yarası, döş qəfəsinin səthi travması, sağ diz qapağının çıxığı və üzün əzilməsi diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.
Ailə üzvləri tərəfindən pasiyentin digər tibb müəssisəsinə aparılacağı bildirildiyindən, o, öz istəkləri əsasında tibb müəssisəsindən buraxılıb.