Millət vəkili Zahid Oruc: “Təəssüflər olsun ki, məhkum edilən şəxslərin sırasında narkotik satışını həyata keçirən şəxslərin özünəməxsus çəkisi var”
Narkotiklərin yeniyetmə və gənclərimizə vurduğu fəsadların aradan qaldırılması üçün əsas çıxış yolu müalicə prosesidir. Lakin sovet dönəminin mirası olan müalicə üsulları hazırkı dövrdə təsirsizdir. İndi orqanizm üçün daha təhlükəli olan süni narkotiklərin çeşidləri günbəgün artır ki, bütün bunlar da yeni və daha fərqli müalicə metodları tələb edir. Hansı ki, bu metodlar çərçivəsində narkoloji dispanserdə 21 günlük detoksikasiya yalnız prosesin başlanğıc mərhələsidir.
Amma, etiraf etməliyik ki, elə ilk mərhələdəcə cəmiyyət olaraq peşəkar narkoloq çatışmazlığı yaşayırıq. Hansı ki, bu günlərdə Milli Məclisin deputatı Zahid Oruc da bu problemə toxunaraq, ölkəmizdə 500 narkotik istifadəçisinə 1 narkoloq düşdüyünü açıqlamışdı. Odur ki, bu problemin həlli yollarını elə Zahid Orucla müsahibəmizdə aydınlaşdırmağa çalışdıq.
- Zahid müəllim, Milli Məclisin 7 martda keçirilən iclasında Azərbaycanda hər 500 narkotik istifadəçisinə 1 narkoloq düşdüyünü bildirmisiniz. Necə düşünürsünüz, narkoloqların çatışmazlığı istifadəçilərin müalicəsində hansı yetərsizliyi yaradır?
- Şübhəsiz ki, biz bu məsələyə yalnız bir qurum, bir səhiyyə sistemi, yaxud bir konkret nazirliyin fəaliyyətinin hədəfi kimi yanaşsaq, onda çətinliyi görmək o qədər problemli olmayacaq. O mənada ki, biz fərqindəyik ki, Azərbaycan dünyaya açılandan bu yana - ötən illər ərzində sərhədlərimizdən keçib gələn ən böyük təhlükə həm də “ağ ölüm” olub. Bu haqda sizinlə danışmışıq. Buna dair daha sahəvi kompetent qurumlar var. O cümlədən, müvafiq komissiya fəaliyyət göstərir. Daxili işlər orqanları uzun illərdir sərhəd xidməti və gömrük orqanları ilə sistemli, koordinasiyalı işlər aparır. Ancaq o da həqiqətdir ki, bu siyasəti bəlkə dövlət mənşəli, dövlət iradəli, dövlət himayəli qruplar, beynəlxalq şəbəkələr səviyyəsində daim ilbəil artırırlar. Ona görə də, bu, son nöqtəsi qoyulmayacaq bir mübarizə, bəlkə də müharibədir.
Təəssüflər olsun ki, burada, qeyd etdiyimiz kimi, xarici şəbəkələr daha önəmli rol oynayırlar. Ona görə də ifşa edilən narkodilerlər, kartellər və yaxud da qruplar, şəbəkələr hər zaman üçüncü ölkələr olublar. Lakin, digər tərəfdən, o da həqiqətdir ki, daxildən də bu və ya digər hallarda, xüsusilə də müəyyən kriminallığa meylli şəxslər tərəfindən bunu bir qazanc mənbəyinə çevirən dairələr olub. Onlar da nə qədər sərt cəzalansalar da, buna rəğmən, öz fəaliyyətlərini davam etdirirlər. Hər halda, Əfv Komissiyasında cinayət törədən şəxslərin ümumi statistikasını, orada baş verən hadisələrin xarakterini, mənşəyini, səbəblərini görə və təhlil edə bilirik. Və təəssüflər olsun ki, məhkum edilən şəxslərin sırasında narkotik istifadəçilərinin, daha doğrusu, narkotik satışını həyata keçirən şəxslərin özünəməxsus çəkisi var.
Narkotik mənşəli cinayətlər isə ayrı kateqoriyalı hadisədir. Narkotik mənşəli digər cinayətlər də təəssüf doğurur. Tutaq ki, narkotik qəbul edən şəxsin müəyyən bir vaxtda oğurluğa, quldurluğa və s. kimi əməllərə baş vurmasının səbəbi sonuc etibarilə məhz narkotiki əldə etməsi olur. Bu da narkotik mənşəli cinayətlər kimi tövsif edilməkdədir. Bu mənada, cəmiyyətdə narkloloqlara – bu sahə üzrə peşəkar klinik mütəxəssislərə ehtiyac var.
Ancaq işlə bağlı daha sistemli tədbirləri müvafiq olaraq yalnız Elm və Təhsil Nazirliyində görməklə məsələ bitmir. O cümlədən, bu yöndə fəaliyyət aparan dispanserlərin yaradılması, öncəki tədbirlərin hamısı bir-biri ilə sistemli, sinxron bağlıdır. Hər bir halda dövlətin burada çox sərt bir iradəsi var. Bu, dəqiqdir, mütləqdir. Narkotiklərə qarşı ən sərt mübarizəni aparan dövlətlərdən biri məhz Azərbaycandır. Bu, məhz bizə qarşı aparılan savaşın bir hissəsidir. Ona görə ki, gənclərin həyatının məhvi, ailələrin dağılması, həbs cəzası aldıqdan sonra illərlə məhbus ömrü yaşayanlara dövlətin külli miqdarda vəsait xərcləməsi və s. kifayət qədər resurslar tələb edən məsələdir. Dövlətimiz iradə ortaya qoyur, bütün bunlara qatlaşır. Biz onu da deməliyik ki, əksər hallarda xüsusilə DİN hər zaman bu məsələlərlə bağlı aparılan çox mühüm işləri təqdim edərkən vurğulanır ki, bir narkotik cinayətinin üstünün açılması çox böyük vəsaitlərə başa gəlir. Çünki ən çətin xarakterli cinayətlər sırasındadır. Yəni “bu neçəyə başa gəlir” sualına cavab olaraq deyə bilərik ki, gerçəkdən də çox böyük rəqəmlərdir. Asan deyil. Bu cinayətin izinə düşmək, onları yaxalamaq, ifşa etmək həddən çox vaxt tələb edir. Burada narkoloqların azlığına diqqət çəkməyə çalışmışam. Açıq mənbələrdə olan məlumatlardan yararlanmışıq. Buna diqqəti çəkməyə cəhd etmişəm ki, bu istiqamətdə daha yeni yanaşmalara ehtiyac var.
Bildiyimiz kimi, bu sahə üzrə yeni xüsusi narkoloji dispanserlərin qurulması istiqamətində müəyyən addımlar atılmaqdadır. Düşünürəm ki, onunla paralel şəkildə bizim həkim mütəxəssislərin həm praktiki sahədə bilikləri, həm də gələcək dövrdə təhsillə bağlı məsələlərdə bir neçə qurumun sistemli addımlarına ehtiyac var. Mənim gətirdiyim rəqəm o demək deyil ki, bir şəxs onların hamısının müalicəsində iştirak edir. Bu, ümumi statsitikaya bir baxışdır. Onlar bəlkə də başqa sahələrdə, başqa qüvvələr tərəfindən, başqa həkimlərimizin nəzarəti altında müxtəlif formalarda müalicə olunurlar. Ancaq, bununla bərabər, biz onun tərəfindəyik ki, bu problemlə birbaşa bu sahənin peşəkarları məşğul olsun və peşəkar narkoloqların sayı arıtırılsın.
- Əlbəttə, yeni ixtisaslı narkoloqların yetişdirilməsi 3-5 günün işi deyil, bunun üçün illər lazımdır. Amma nəzərə alsaq ki, ölkədə narkomanların sayı sürətlə artır və biz onların müalicəsi üçün illərlə gözləyə bilmərik, demək, daha operativ tədbirlərə ehtiyac var. Sizcə, özəl reabilitasiya mərkəzləri bu boşluğu doldura bilir?
- Hər bir halda bu çağırışları özəl reabilitasiyalar hiss edir, duyur, ona adekvat tədbirlər tətbiq edirlər. Çünki tibbi sfera özü də biznesin ən aparıcı sahəsidir. Düşünürəm ki, bu insanları müalicəyə cəlb etməklə problemin həllində kömək olurlar. Amma hər bir halda desək ki, onlar bu sferanı tam əhatə edə bilirlər, yanlış olar. O üzdən, bu məsələdə hamı dövlət strukturlarının rolunu qabarıq görmək istəyir. Demək istəyirəm ki, dövlətin burda mühüm iradəsi var. Üçüncü dəfə vurğulayıram ki, bu həqiqətən bir savaşdır. Ən önəmli məsələ qarşıdakı dövrdə dediyiniz vətəndaş cəmiyyətləri, ixtisaslı və peşəkar təhlillər aparan qurumlar, birinci növbədə DİN vahid proqramlar, yeni yanaşmalar, yeni yol xəritələri qəbul edə bilərlər.
- Yeri gəlmişkən, zaman-zaman özəl reabilitasiya mərkəzlərinin bağlanılması haqda təşəbbüslər də irəli sürülür. Hətta dövlət qurumlarından biri belə təkliflə də çıxış edib. Sizcə, kadr çatışmazlığı şəraitində alternativ müalicə yolu varmı, varsa nələrdir?
- Alternativ müalicə yolları - kimsə bunu fərdi qaydada seçməyə qərar verirsə, bu, çox vaxt effektli olmur. Burada ixtisaslı mərkəzlərə ciddi ehtiyac var. Özəl reabilitasiyalar lisenziyalı, yaxud xüsusi sertifikatlı qurumlar olduğu təqdirdə onların bağlanması işin faydasına deyil və biz o statistikaya qayıtsaq görürük ki, tendensiya artmağa doğru gedir. Ona görə də, sonucdan danışırıqsa ki müalicə effektiv olsun, o zaman həm narkoloq mütəxəssislərin artırılması, o cümlədən ya qeyd etdiyiniz özəl, ya dövlət xəstəxanalarının, dövlət reabilitasiya mərkəzlərinin açılması zəruridir. Ancaq ən başlıcası bu tədbirləri başlanğıc nöqtədə tətbiq etməkdir ki, bu da narkotiklərin başlanğıc nöqtədə qarşısını almaq, zərərsizləşdirməkdir. Kimsə düşünürsə ki, guya, bu məsələ ilə bağlı müəyyən hissələrə sənayemizdə yer verilməsi, apteklərdə satılması kimi Qərb ölkələrinin təcrübəsi yaxşı nəticələr doğura bilər, bu heç vaxt yaxşı nəticə doğura bilməz. Ona görə, sağlam millət, sağlam gənclik formalaşdırmaq üçün sistemli tədbirlər görməliyik.
- Sizcə, narkotik istifadəsi ilə əlaqədar həbsə düşən məhkumlarla bağlı hansı addımları atmaq yerinə düşər? Çünki, faktiki olaraq onların böyük əksəriyyəti, bəlkə də 100 faizi istər həbsxanada, istər də azadlığa çıxdıqdan sonra yenidən narkotik istifadə edir...
- Belə residiv hallar gerçəkdən də mövcuddur, dəqiq məlumatlar da var. Amma çox maraqlıdır ki, onların bir qismi cəzaçəkmə müəssisələrində çox intizamlı, nümunəvi davranışları ilə fərqlənirlər. Hətta bu məqamın hansı səbəbə bağlı olduğu peşəkar hüquqşünasları təəccübləndirir. Bəlkə, bunun onlar tərəfindən seçilən xüsusi taktiki addımlar olduğu da sual edilir. Açıq desəm, peşəkar mütəxəssislərin iştirakı ilə bu məsələlərin müzakirə edilməsinə ehtiyac var ki, gələcəyimiz qənaətlər, yekunlar doğru, elmi, peşəkar olsun ki, ondan sonra bayaq dediyimiz kimi, görülən uğurlu işləri inkişaf etdirək, irəli aparaq.
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az