NARKOTİK BAZARINDA “İRANLI” FAKTORU – Yerli alverçilər onların adından istifadə edir, yoxsa... / MÜƏMMALI SƏSYAZISI

Bu gün Lerikdə polisin keçirdiyi əməliyyatda 10 kiloqram narkotik aşkarlanıb və iki nəfər şəxs - Zülfüqar Süleymanov və Məhəmməd Nağıyev saxlanılıb. Araşdırmalarla onların narkotik vasitəni “şəxsiyyəti araşdırılan İran vətəndaşı”ndan əldə etdikləri və maddi qazanc qarşılığında Bakı şəhərində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.

Xub, bura qədər hər şey aydındır. Demək olar ki, keçirilən əksər narkotik əməliyyatlarında narkotiklərin İran mənşəli olduqları və hansısa “naməlum iranlı”dan əldə edildiyi məlumat verilir. Hətta buna o qədər öyrəşmişik ki, demək olar, belə xəbərlərin məntiqi izahı kimi mütləq narkotikin hansısa iranlı şəxsdən alındığı istər-istəməz ağlımıza gəlir. Amma bu alqı-satqı prosesində məntiqsiz məqamlar da yox deyil. Nədir onlar?

Birincisi, bu gün yaxalanan kuryerlərin narkotiki Bakıya çatdırmaq üçün “iranlı” kimi əlaqə saxladıqları narkotacirin danışığı, ləhcəsi qətiyyən iranlıya bənzəmir, əksinə Azərbaycan vətəndaşının nitqinə oxşayır.

İkincisi, nədənsə narkotikin Bakıya çatdırılmasını tapşıran şəxsin səsi dəyişdirilib. Əgər sözügedən şəxs həqiqətən iranlıdırsa və hazırda da İrandadırsa, şübhəsiz, rəsmi qurumlarımız bu əməlinə görə onu gedib İrandan qolu qandallı gətirmək imkanında deyil. Bu halda, onun səsi niyə dəyişdirilsin və nə üçün ifşa olunmaqdan qorunsun? Şəxs həqiqətən iranlıdırsa, qoy onun İran ləhcəsi ilə danışığı qeydə alınsın, bunun nə qəbahəti var? Axı, bütün bunlar ortaya belə bir şübhə toxumu səpir ki, bəlkə, iranlı kimi təqdim olunan azərbaycanlı narkotacirin ifşa olunması məqsəduyğun sayılmadığından, onun səsi dəyişdirilib?

Üçüncüsü, narkotikin çatdırılması üçün niyə çətin relyef şəraiti olan Lerik seçilir? Üstəlik, onu da nəzərə alaq ki, ələ keçirilən narkotik marixuanadır. Yəni marixuana istehsalı elə də çətin proses təşkil etmədiyindən, Azərbaycanda da əkilib-becərilə bilər. Məsələn, cənub zonasının istənilən əlverişli yerində...

Doğrudur, Azərbaycana daxil olan narkotik vasitələrin 95 faizinin İrandan gətirildiyi kimsəyə sirr deyil. Amma, qeyd etdiyimiz kimi, bu, daha çox bəlli istehsal prosesindən keçməyi tələb edən narkotiklərə aid ola bilər - heroin, həşiş, tiryək, metamfetamin və s. kimi. Yəni iranlı kimi təqdim olunan, amma tərtəmiz bizim ləhcəmizdə danışan narkotacirin marixuananı “İrandan göndərməsi” o qədər də inandırıcı deyil. Hətta bu iki narkokuryerin niyə Lerikdə saxlanması da maraqlıdır. Bəlkə, hadisəni marixuananın sərhədlə İrandan keçirilməsi kimi qələmə vermək üçün...

Narkotikin iranlı narkotacirdən alınması hekayəsinin bir nüansı da İranda yaşayan narkotik alverçilərinin ''instagram'' sosial şəbəkə platforması üzərindən gənclərə yazaraq, onlara şirnikləndirici vədlər verməklə, çirkin təkliflər etməsidir. Bu barədə Stopnarkotik.az 12 oktyabr 2023-cü il tarixində material da dərc edib. Material hansısa iranlının Azərbaycan vətəndaşlarına mesajlar yazaraq onları narkokuryer qismində “işə cəlb etməsi”ndən bəhs edir. Başqa ölkədə əldə edilmiş telefon nömrəsi ilə sosial şəbəkə hesablarında qeydiyyatdan keçilirsə, bu şəkildə Wathsaap üzərindən, eləcə də digər sosial şəbəkə profillərindən əlaqə saxlamaq texniki baxımdan mümkünsüz deyil. Yəni, bu versiyada da iranlı adı altında Azərbaycan ərazisində yaşayan şəxsin narkotik alveri məqsədilə kimlərəsə “qarmaq atmaq”, narkoşəbəkəyə cəlb etmək ehtimalı var.

İranlı narkotacirlər hekayəsinə dair Stopnarkotik.az-ın 14 iyun 2023-cü il tarixli məqaləsində də toxunmuşuq. Məqalədə deyilir ki, saxlanılan narkotik alverçiləri birmənalı olaraq narkotiki hansısa tanımadıqları iranlı narkotacirdən aldıqlarını bildirirlər, hətta onların “Baba”, “Behzat”, “Mobil”, “Seyfur Rza”, “İsa”, “Hadi” və s. kimi isimləri, daha doğrusu, “şifrəli adları” da var...

Yuxarıda yazılanları diqqətə alsaq, bu nəticəyə gələ bilərik ki, proses məntiqlə aşağıdakı ssenari üzrə gedir: özlərini “iranlı narkotacir” kimi qələmə verən “yerli və milli” narkoticarət şəbəkəsinin qismən “iri balıqları” rahat alver edə bilməkdən ötrü maskalanırlar. Yəni onlar “iranlı narkotacir” adı altında “qara bazar”a daxil olur, narkotik satış şəbəkəsinin alverçiləri ilə təhvil-təslim prosesini İranla sərhəd bölgələrində həyata keçirirlər – bəlkə də hadisəyə narkotikin İranla sərhəddən (hələ ki, söhbət marixuanadan gedir) keçirildiyi, iranlıdan alındığı görüntüsünü vermək, özlərini sığortalamaq üçün...

Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az