Narkoticarətlə əlaqədar saxlanılanların sayı 3 dəfə artıb – ARAŞDIRMA / STATİSTİKA

2024-cü ilin son aylarında Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniyaya qarşı mübarizə çərçivəsində saxlanılan şəxslərin sayında ciddi azalma müşahidə olunduğu haqda məlumat vermişdik. Daxili İşlər Nazirliyinin (DİN) gündəlik rəsmi açıqlamalarına istinadən yazmışdıq ki, ümumiyyətlə, xüsusilə də sentyabr, oktyabr və noyabr ayları ərzində saxlanılan şəxslərin sayında ciddi azalma var. Qeyd etmişdik ki, sentyabrda narkoticarətlə məşğul olan 502 nəfərin qoluna qandal vurulmuşdusa, oktyabrda saxlanılanların sayı 389, noyabrda isə cəmi 254 nəfər olub. Dekabrda eyni səbəblərdən qoluna qandal vurulan şəxslərin sayı isə 287 nəfərə çatmışdı.

2024-cü ilin son ayında əvvəlki ayla müqayisə də narkotik ticarəti ilə əlaqədar saxlanılan şəxslərin sayı 33 nəfər artsa da, dəyərli oxucuların diqqətinə çatdırmışdıq ki, ümumilikdə, sentyabr, oktyabr və noyabrın statistik göstəricisində azalma müşahidə edilməsi xeyli ümidvericidir. Üstəlik, 2025-ci ilin ilk ayından etibarən narkoticarətlə məşğul olan şəxslərin sayının azalmağa doğru yön almasının arzuedilən olduğunu da xüsusi olaraq qeyd etmişdik. Ən azı ona görə ki, bu rəqəmlərin getdikcə kiçilməsi ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin müsbət nəticə verdiyini ortaya qoyur.

**

Bəs, 2025-ci ilin yanvarında arzuladığımız nəticə əldə olundu, yoxsa vəziyyət daha da acınacaqlıdır? Təəssüf ki, Stopnarkotik.az-ın ümidi özünü doğrultmadı. Belə ki, cari ilin ilk ayında nəinki narkotik ticarəti ilə əlaqədar saxlanılan şəxslərin sayı azalıb, əksinə, ötən ayla müqayisədə az qala 3 dəfə artım müşahidə olunub. Yəni DİN-in rəsmi açıqlamalarına əsasən, yanvarda narkoticarətlə məşğul olan 728 nəfərin qoluna qandal vurulub. Bu da son 6 ayın ən yüksək göstəricisi hesab oluna bilər.

Daha ətraflı məlumat almaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

 

**

Sonda isə bir daha qeyd edək ki, ölkəmizdə narkoticarət dövriyyəsinin azalması birbaşa qaçaqmalçılıq yolu ilə daxil olan narkotik vasitələrin həcmi ilə bağlıdır. İlk baxışdan belə düşünmək olar ki, daxil olan narkotikin “həcmi azaldığından”, daxili bazarda da “alver zəifləyib”. Lakin, təəssüf ki, yanvar ayının statistik göstəricisi tamamilə fərqli mənzərəni ortaya qoyur.

Stopnarkotik.az

P.S. Dəyərli oxucularımıza xatırladaq ki, biz sadəcə DİN-in rəsmi açıqlamalarına istinadən yuxarıdakı qənaətə gəlmişik. Nəzərə alsaq ki, adətən real rəqəmlər rəsmi statistik göstəricilərdən 5-7 dəfə çox olur, deməli, ölkədə vəziyyət daha acınacaqlıdır...