“RAZILAŞMANIN AÇARI 5 ƏRAZİ ƏTRAFINDA FIRLANIR” - Uitkoff danışıqların detallarını açıqladı

Donald Trampın xüsusi elçisi Stiv Uitkoff Vladimir Putinlə keçirdiyi son danışıqları "inandırıcı" adlandırıb və Ukraynaya dair sülh razılaşmasının "beş ərazini" əhatə etdiyini bildirib.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Uitkoffun sözlərinə görə, Putinlə Ukraynada müharibəyə son qoya biləcək və yeni biznes imkanlarının yaradılmasına gətirib çıxaracaq addımları müzakirə edib.

O iddia edir ki, Putin ona “davamlı sülhün” təmin edilməsi xahişi ilə müraciət edib.

Uitkoffun sözlərinə görə, ümumi razılaşmanın açarı “beş ərazi”(Krım və Ukraynanın 4 vilayəti-red.) ətrafında fırlanır: “Sülh sazişi bu beş əraziyə aiddir. Lakin saziş qat-qat daha böyükdür və biz bütövlükdə dünya üçün çox, çox vacib olacaq bir şeyin astanasında ola bilərik".

Trampın elçisi əlavə edib ki, o, “bölgəyə real sabitlik gətirəcək bəzi çox cəlbedici kommersiya imkanları vasitəsilə Rusiya ilə ABŞ arasında münasibətləri dəyişmək fürsəti” görür.

Xatırladaq ki, aprelin 11-də Stiv Uitkoff Vladimir Putinlə görüşmək üçün Sankt-Peterburqa uçmuşdu. Onların söhbəti dörd saatdan çox davam edib.

KİV-in məlumatına görə, Uitkoff daha sonra Donald Trampa deyib ki, atəşkəsə nail olmağın ən sürətli yolu 2022-ci ildə Moskvanın qondarma referendum keçirdiyi Ukraynanın dörd bölgəsinə nəzarəti Rusiyaya verməkdir.

Onu da əlavə edək ki, Putinlə Uitkoffun “səmərəli” görüşündən az müddət sonra Rusiya Sumının mərkəzinə iki raket zərbəsi endirib, nəticədə onlarla dinc sakin, o cümlədən uşaqlar həlak olub./azpolitika.info