“Ukrayna müharibəsinin "dondurulmuş" münaqişə olacağına inanmıram. Söz yox, Ukraynanın döyüş meydanında tam yenilməsi də mümkündür. Ancaq hətta bu halda da tam tabe etdirilmiş Ukraynanı təsəvvür etməyə çətinlik çəkirəm. Axı onlar rəsmən məğlub olsalar da, aramsız partizan savaşı ilə düşmənə ard-arda zərbələr vuracaqlar”.
Bunu "Chatham House" araşdırma institutunun Rusiya və Avrasiya proqramına rəhbərlik edən, Rusiya xarici siyasəti üzrə aparıcı mütəxəssislərdən sayılan Ceyms Niksi “Azadlıq” radiosunun gürcü xidmətinə müsahibəsində deyib. “Biz bu müharibəni aparmağın Rusiya üçün nə qədər çətin olduğunu da görməzdən gəlməməliyik. Düzdür, biz də bunu get-gedə daha da çətinləşdirməliyik", - o əlavə edib.
Ekspert hesab edir ki, münaqişə 2014 və 2022-ci illər arasındakı kimi dondurulmuş hala gələ bilər. “Ancaq biz açıq-aydın bilirik ki, Rusiyaya təkcə Krım yetərli deyil… Biz NATO üzvlüyündən, hətta Aİ üzvlüyündən imtina haqda danışsaq, bu, Rusiyanın nüfuz dairəsini üstüörtülü qəbul etmək deməkdir. Bu da… Mənim, sadəcə, Qərb siyasətçilərinə inamım yoxdur”, - yenə Niksinin sözləridir.
Niksi Putinin Monqolustana səfəri zamanı Beynəlxalq Cinayət Məhkəməsinin qərarı əsasında həbs edilməməsi ətrafındakı diskussiyalara da toxunub: ““Bu, beynəlxalq hüquqa təhqirdir" deyən bir çox Qərb şərhçi və ekspertinin sadəlövhlüyü insanı heyrətə gətirir. Gerçəkdənmi kimsə Ulan-Batorun Vladimir Putini həbs edəcəyini gözləyirdi? O halda siz gerçək dünyada yaşamırsınız. Yəni, bu qəribədir. Əlbəttə, Monqolustan yox, Rusiya beynəlxalq hüquqa təhqir sayılmalıdır".
Niksi Ukrayna müharibəsinin son nəticədə dondurulmuş münaqişəyə çevrilməsi ehtimalı haqda bunları deyib: "Mənə elə gəlir, Ukrayna müharibəsi tam… unikal vəziyyətdir və, təəssüf ki, ondan geriyə dönüş yoxdur. 2014-cü il? Krım, Donbas, - bunlar dondurula bilən idi. Mən bu qədər insanın öldüyü, sistemin bu qədər çalxalandığı, Rusiyanın bütün resurslarını artıqlaması ilə ortaya qoyduğu bir durumda insanların həyatlarına davam edəcəyini görə bilmirəm. Bu, yəqin ki, münaqişəni dondurmağı çətinləşdirəcək. Düşünürəm ki, işlər daha qızğın getdiyindən onu dondurmaq da daha çətindir.
Başqa sözlə, mən, sadəcə, bunu görmürəm. Mən, sadəcə, Ukraynanın tam tabe etdirilməsini və indiki status-kvoya, az-çox, qane olmasını təsəvvür edə bilmirəm. Bəlkə, mənim xəyal gücüm yetərsizdi, ancaq bunun necə tərəfləri qane edəcək şəkildə baş verəcəyini görmək asan deyil. Bu, Zelenski üçün siyasi baxımdan riskli olardı. Əgər Zelenski Rusiyanın bütün tələblərinə tabe olsa idi, bu onun sonunu gətirərdi".
Qərbin hazırda Ukraynada nəyə nail olmaq istədiyi ilə bağlı vahid strateji baxışa toxunan Niksi deyib ki, Qərbin gücünü toparlaması, gerçək planla işləməsi və bu savaşda qalib çıxmağa qərarlı olması arzulanandır. Axı bu, ən müxtəlif problemlərin çözümünə kömək edərdi: "Ancaq Qərb bunu etmir, mənim etirazım da bunadır. Biz, sadəcə, yetəcək qədər iş görürük, pis iş görmürük, ancaq işi yetərincə yaxşı da görmürük".
Ekspert qeyd edir ki, Bayden administrasiyası və çox güman, Harrisin administrasiyası Rusiyanın məğlubiyyəti fikrinə çox da rahat yanaşmır: “Onlar bunun anarxiyaya, nüvə silahlarına nəzarətin zəifləməsinə, nüvə silahlarının yayılmasına, vətəndaş müharibəsinə, nəzarət edə bilmədikləri şeylərə səbəb olacağından gerçəkdən rahatsızdırlar. Onlar bu müharibəyə nəzarət edə bilmək istəyirlər. Rusiyanın məğlubiyyəti isə nəzarət edilə bilən bir şey deyil, axı gerçəkdən də heç birimiz bunun necə bitəcəyini bilmirik. Mənə elə gəlir, bu, bir çox mənada yanlışdır, axı artıq ən pis ssenarinin içindəyik: Ukrayna işğal edilə bilər. Ancaq məncə, əsl çirkli və narahatlıq doğuran həqiqət budur ki, Ukrayna …qurban verilə bilər. Mən demirəm ki, onlar Ukraynanı qurban vermək istəyirlər. Onlar şeytan deyillər, ancaq mələk də deyillər. Yəni problem ondadır ki, indi biz hər iki dünyanın ən pis tərəflərini görürük. Bu, dondurulmuş münaqişənin olmadığı, müddəti uzadılmış münaqişənin olduğu narahat durumdur. Çünki biz Ukraynanı əldən vermək istəmirik, biz onun udmasını da istəmirik, uduzmasını da istəmirik. Bu da iflicə səbəb olur”.
Ekspert onu da qeyd edir ki, indi Ukraynaya “F-16” döyüş təyyarələrinin verilməsinə baxsaq, onlardan istifadəyə hansı məhdudiyyətlərin qoyulduğunu hələ də məlum deyil: “Özəlliklə Rusiyanın Ukrayna sərhədi yaxınlığında hava bazaları tikməsi fonunda. Amerikalılar bu təyyarələrdən istifadə etməyə icazə verir, ya yox?
…Bilirsiniz, biz daha yaşlı vaxtımızda geriyə baxanda Bayden administrasiyası yaxşı görünməyəcək. Tarix Obamanı müsbət dəyərləndirmədiyi kimi, bunu da müsbət dəyərləndirməyəcək…Məndə belə bir şübhə var ki, biz gücünü ortaya qoymadığı üçün bu administrasiyanı barmaqla göstərəcəyik. ABŞ Çinin özü də daxil, dünyadakı hər hansı başqa ölkədən qat-qat daha güclüdür. Ancaq o bu gücdən yararlanmaq istəmir. Rusiya isə, tam tərsinə, güclü ölkə deyil, ancaq əlinə keçən bütün gücdən faydalanır. Fərq də bundadır. Bu üzdən, Rusiyanın gücünü maksimum ortaya qoyması Amerikanın öz gücünü minimal səviyyədə ortaya qoyması fonunda daha böyük görünür", - Niksi vurğulayıb./azpolitika.info