Bərdədə bir ailənin 4 üzvünün qidadan zəhərlənməsi xəbərinə AQTA-dan reaksiya - YENİLƏNİB

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bərdə rayonunda 4 nəfərin “qida zəhərlənməsi” ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. 

Stopnarkotik.az AQTA-ya istinadən xəbər verir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, həmin şəxslərə “Mədə-bağırsağın dəqiqləşdirilməmiş funksional pozğunluğu” diaqnozu qoyulub. Xəstələrə ilkin tibbi yardım göstərilib, vəziyyətləri yaxşılaşdığı üçün evə buraxılıblar. 

AQTA qeyd edib ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər.

***11:58

Bərdədə qidadan zəhərlənən bir ailənin üzvlərinin vəziyyəti açıqlanıb.

TƏBİB-dən bildirilib ki, 07.12.2025-ci il tarixində saat 06:30 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 4 nəfər hospitalizasiya olunub.

Qusma, ürəkbulanma, dispepsiya, dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozları təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***11:25

Bərdə rayonunda bir ailənin 4 üzvü qidadan zəhərlənib.

Hadisə dekabrın 7-də Xanərəb kəndində baş verib.

1968-ci il təvəllüdlü Vüqar Əliyev, arvadı 1968-ci il təvəllüdlü Elza Əliyeva, oğlu 1994-cü il təvəllüdlü Şəmistan Əliyev və onun arvadı 2006-cı il təvəllüdlü Təhminə Əliyeva yaşadıqları evdən qidadan (pomidor turşusu) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

T. Əliyevanın vəziyyətinin ağır, digərlərinin vəziyyəti qənaətbəxş olduğu bildirilir./apa