İrəvan, Vaşinqton və Tehran üçün TRIPP layihəsi maraq dairəsindədir və əhəmiyyət kəsb edir, lakin marşrut Bakı üçün xüsusilə əhəmiyyətlidir. İlk növbədə ona görə ki, Prezident İ.Əliyev uzun müddətdir bu istiqamətdə çalışır. Bakı artıq 2020-ci ildə Ermənistandan keçən Azərbaycan-Naxçıvan-Türkiyə quru dəhlizini bölgəni rifah arealına çevirəcək proyekt kimi müzakirə edirdi.
Bakının rolu haqqında nələri anlamaq vacibdir:
Azərbaycan tərəfindəki infrastruktur demək olar ki, hazırdır, Bakı artıq sərhədə qədər yollara və dəmir yoluna sərmayə qoyub, Türkiyə isə Naxçıvan-Qars xəttini çəkir;
TRIPP "Orta Dəhliz"in daha geniş strategiyasına oturuşur. Bakı üçün dəhiz yalnız Naxçıvana əlaqə deyil, həm də Rusiya və İranı keçərək Çin-Xəzər-Azərbaycan-Gürcüstan/Türkiyə-Avropa marşrutunun bir hissəsidir.
Azərbaycan hökuməti TRİPP marşrutundan istifadə etməklə eyni anda üç məqsədə çatmaq istəyir:
- sülh müqaviləsindəki mövqeyini təmin etmək,
- Rusiyanı Cənubi Qafqaz təhlükəsizlik arxitekturasından sıxışdırıb çıxarmaq,
- Qərblə iqtisadi qarşılıqlı mənfəət müansibətləri yaratmaq.
Bu arada bəzi ekspertlər qeyd edirlər ki, ABŞ-ın dəhlizin inkişafına dair müstəsna hüquqları o deməkdir ki, Vaşinqton bir məqamda bu təsir rıçağını tanış vasitələrlə - insan hüquqları uğrunda mübarizə, sanksiya təşəbbüsləri və s. vasitəsilə inhisara almağa çalışa bilər. Əslində isə bu gediş layihəni ABŞ-ın çətiri altında qorunmasını zəmanətə almaq məqsədinə daha çox yaxındır. Bunu Rusiyanın İrəvandakı səfirliyinin bu gün verdiyi açıqlamadan anlamaq çətin deyil. Məsələyə dair “Rusiyanı və ya İranı daha böyük nəqliyyat dəhlizindən kənarlaşdıran layihələr mahiyyət etibarilə gəlirsizdir. Hesab edirəm ki, bu, iqtisadi əməkdaşlıq üçün ən yaxşı zəmin deyil", deyə Rusiyanın Ermənistandakı səfirliyinin nazir-məsləhətçisi Dmitri Litskay münasibət bildirib. Burada da Rusiya ilə İranın anti-Zəngəzur dəhlizi hərəkətlərində bir-birinə yaxın mövqelərini görürük. Deyilə bilər ki, fundamenti Zəngəzur dəhlizi olan TRİPP layihəsinin məqsədi Çindən Qərbi Türküstanı keçərək Avropaya yük daşınmasıdır, Rusiya və İrandan yük daşınması deyil, sizin narahatçılığınız əbəsdir. Burada əsas ticari tərəfdaş Çin və bu marşrut boyunca uzanan ölkələrdir.
Eyni zamanda, xəritədə başqa bir güclü oyunçu var. Tehran illərdir Zəngəzur dəhlizinə qarşı çıxır, məhz ona görə ki, Cənubi Ermənistandan keçən istənilən Azərbaycan-Naxçıvan-Türkiyə marşrutu İranın Qafqaza tranzit dəhlizinin dəyərini azaldır və potensial olaraq İranın Ermənistana və daha sonra Qara dənizə quru çıxışını azaldır.
2025-ci ildə İran rəsmiləri layihəni birbaşa "regional təhlükəsizliyə təhdid" və "İrana qarşı mühasirə" adlandırdılar.
Xameneinin müşaviri Əli Əkbər Vilayəti dövlət mediası vasitəsilə TRIPP-i "bloklamaqla" hədələyib və şimalda geosiyasəti dəyişdirmək cəhdlərinə qarşı "çəkindirici cavab" verməyə hazır olduğunu bildirib.
Hətta TRIPP-dən əvvəl də İran Araz çayında təlimlər keçirib və sərhədə qoşun yerləşdirib və bütün bunları "cavab tədbirləri" adlandırıb.
Razılaşmaya əsasən, TRIPP Ermənistan ərazisində tikilir, lakin 99 il ərzində ABŞ-ın eksklüziv inkişaf hüquqlarına malikdir (boru kəmərləri, dəmir yolları, neft və qaz boru kəmərləri, fiber optik kabellər və ehtimal ki, elektrik xətləri ilə konsorsium). Amerika rəsmiləri İran, Rusiya və Çinin bölgədəki təsirini azaltmaq məqsədlərini açıq şəkildə bildiriblər. Amma məqsəd Çinin iqtisadi yolunu Avropaya bağlamaqdırsa, ABŞ-ın Pekinlə razılaşacağı məqamlar yox deyil. Çünki bu nəqliyyat dəhlizi düşmənnçilik yox, əməkdaşlıq və rifah dəhlizidir.
Stopnarkotik.az