“İkinci Dünya müharibəsindən sonra Amerika bugünkü qədər çətin duruma düşməyib”
Beynəlxalq arenada cərəyan edən geostrateji və qlobal iqtisadi proseslərdən ümumi nəticə çıxaran bir çox analitiklərin fikrinə görə, ABŞ öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayır. Hazırda Ağ Evin qarşısında iqtisadi-maliyyə çətinlikləri ilə yanaşı, əsas önəmli məsələ kimi Avrasiya materikindəki geostrateji rəqiblərinin öhdəsindən gələmək dayanır.
Digər yandan, Amerikanın ictimai-siyasi həyatında da ciddi və dərin təlatümlər baş verir. Dünyanın ən güclü dövləti olan Amerikada aparıcı iki partiya arasındakı münasibətlər getdikcə sərtləşir. İndi Bayden administrasiyasının qarşısında qlobal çağırışlara adekvat reaksiya göstərməklə bərabər həm də ölkədəki xoşagəlməz daxili mühitin meydana gətirdiyi problemlərin həll edilməsi məsələsi dayanır.
ABŞ-nin “The Hill” qəzeti “ABŞ-ni beş cəbhədə müharibə gözləyir, o isə buna hazır deyil” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur. Həmin məqaləni təqdim edirik: ”Yaponiyanın 7 dekabr 1941-ci ildə Pörl-Harbora hücumundan sonra Prezident Franklin Ruzveltin müəyyən mənada bəxti gətirmişdi. İkinci Dünya müharibəsi iki cəbhədə gedirdi və bu müharibə müttəfiqlərin dəstəyi ilə Atlantikada, Avropada və Sakit Okeanda aparılırdı. Bu gün Prezident Baydenin qarşısında daha mürəkkəb və riskli problemlər dayanır. İndi o, daha az sayda müttəfiqlə beş cəbhədə müharibə perspektivi ilə üzləşib.
İlk iki cəbhədə “müəyyənedici” kimi Çin və “kəskin təhlükə” kimi Rusiya yer alır. Çin iqtisadi və hərbi superdövlətdir, ancaq Rusiya yalnız hərbi gücə malikdir. Hər iki dövlət həm ABŞ-ın gücünü sınayır, həm də onun qlobal liderliyinə qarşı meydan oxumağa çalışır.
HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumundan sonra Ukraynada gedən döyüşlərə daha bir qaynar münaqişə əlavə olundu. Amerika İsrail və Ukraynaya “sarsılmaz” dəstək və “lazım olduğu müddətcə” istənilən yardım göstəriləcəyini vəd edib.
Amma əgər yeni müharibə, daha doğrusu Qəzza sektorunda HƏMAS-a qarşı böyük əməliyyat həyata keçirilərsə, o zaman Ukraynaya göstərilən diqqət azalacaq və yəqin ki, yardımın səviyyəsi aşağı düşəcək.
Bütün bunlar sadalanan dörd cəbhəyə aid məsələlərdir.
Lakin bunların bəlkə ən ağırı məhz ABŞ-nin öz içində açılmış olan beşinci cəbhədir. Siyasət milləti ən vacib hadisələrdən tutmuş, ən adi məsələlərə qədər partiya və ideoloji xətt üzrə parçalayıb. Bir-birinə qarşı duran tərəflər arasında prinspicə güzəştə gedilməsi mümkün olmayan dərin və barışmaz fikir ayrılıqları yaranıb. Bu cəbhə ABŞ Konqresinin Nümayəndələr Palatasına qədər uzanır.
Ağ Evin eyni zamanda bir neçə böhranın öhdəsindən gəlməsi müşküldür. Hazırda göz qabağında qaçılmaz böhran var. Ağ Ev rəhbərliyinin nə qədər bilikli və bacarıqlı olmasına baxmayaraq, diqqəti eyni anda bir neçə münaqişəyə cəmləmək çətindir, imkanlar isə istənilən halda məhduddur. KİV-lər ətraflı brifinqlər tələb edir və çətin suallarla üzərinizə gəlib sizi yükləyirlər. Hətta ən loyal müxalifət belə ilk fürsətdəcə hakimiyyətin boğazından yapışmağa hazırdır.
Prezident Bayden İsrail baş naziri Benyamin Netanyahu ilə görüşdən bu yaxınlarda qayıdıb. Onun verdiyi qərar fiziki və siyasi risksiz ötüşmədi. Amma Bayden üçün vəziyyət çıxılmazdı. Nəyə görə?
Bu barədə xüsusi bir şey deyilməsə də, bu səfərin məqsədlərindən biri Netanyahunu Qəzzaya genişmiqyaslı müdaxilədən və işğaldan çəkindirməkdən ibarət idi. Əslində, bu, sağlam məsləhətdir. Ancaq İsrailin böyük işğala alternativi praktiki olaraq yoxdur. Necə ki, vaxtilə 11 sentyabr hadisəsinə qarşı ABŞ-nin sərt reaksiya verməkdən başqa heç bir seçimi yox idi.
Amerikanın 2001-ci ildə Əfqanıstana və iki il sonra isə İraqa girmək qərarı bütün tarix boyu Vaşinqtonun ən pis xarici siyasət addımlarından biri idi. Bu, fəlakətdən betər oldu. Əgər Əfqanıstandakı missiya “Əl Qaidə”nin məhv edilməsi və Usama ben Ladenin məsuliyyətə cəlb edilməsilə məhdudlaşdırılsaydı, tamamilə aydındır ki, bu gün vəziyyət kökündən fərqli olacaqdı.
İraqdan demokratiyanın bütün Yaxın Şərqə yayılacağı və regionun geostrateji sxemini əsrlər boyunca dəyişdirəcəyi fikri heç də az uğursuz olmadı. Gəlin, fərz edək ki, ABŞ-nin bu müdaxiləsi baş tutmayıb və Səddam Hüseyn də hakimiyyətdə qalıb. Ola bilər ki, sadə iraqlılar daha yaxşı yaşaya bilərdilər və ya bəlkə də yox... Amma əgər tarixi münaqişənin xarakterini nəzərə alsaq, onda yəqin ki, İraq İranın önünü kəsəcək faktor olacaqdı.
Bayden fələstinlilərə ABŞ-dən və ya Misridən humanitar yardım göstəriləcəyi vədini verdi. Bundan başqa, demək olar ki, o, bu səfərdən praktik baxımdan əliboş qayıtdı. Qəzza sektorundakı xəstəxanaya vurulan zərbə təəssüf ki, siyasi fiaskoyla nəticələndi və ümumi yekunda ərəb liderləri Bayden ilə keçirəcəkləri görüşləri ləğv etdilər.
Respublikaçılar həm bu səfərə və həm də beynəlxalq böhranın öhdəsindən necə gəlinməsinə görə sadəcə Baydeni “çarmıxa çəkirlər”. Heç şübhə yoxdur ki, Donald Tramp da bundan sonra artıq sakit durmayacaq.
Bəs bütün bunlar hansı anlama gəlir?
İkinci Dünya Müharibəsindən indiyə kimi ABŞ-nin bugünkü qədər çətin problemlər, böhranlar və sınaqlar qarşısında dayandığını xatırlamaq mümkün deyil. Həm də ki, beş cəbhədə necə və hansı üsullarla müharibə aparılacağına dair nə əyani vəsait nə də ki, təlimat yoxdur.
Bayden ata Corc Buşdan sonra Amerikanın xarici siyasət üzrə ən təcrübəli prezidentidir. Görəsən, onun strateji mühakimələri nə qədər düzğündür? Ümumiyyətlə, Prezident öz gəmisini beş cəbhədə gedən müharibənin məkrli suları arasından təkbaşına keçirə biləcəkmi? Yaşayarıq, görərik”./azpolitika.info