Xain, yoxsa qəhrəman? - Döyüşməkdənsə alçalmağı seçən Putin “Vaqner”ə ad qoymaqda çətinlik çəkir

“Uzaqdan Prezidentə oxşayan adamın ifasında bundan rəzil heç nə görməmişəm. Hamıya afərin! Hamı yaxşı işlədi, artıq Şoyquya ordenlər vermək və nəhayət, onu marşal rütbəsinə yüksəltmək lazımdır...”

Bunu Donbas separatçılarının sabiq lideri İqor Strelkov(Qirkin) Vladimir Putinin son çıxışını öz “telegram” kanalında şərh edərkən deyib.

Putin isə həmin çıxışında həm özünü, həm də rusiyalıları “dolaşdırıb”. O, bir yandan “vaqnerçiləri” Ukraynada şücaət göstərdikləri üçün “qəhrəman” adlandırıb, digər yandan onların qiyamının “xəyanət” olduğunu söyləyib: “Üsyanın təşkilatçıları xalqa və üsyana cəlb olunanlara xəyanət etdilər. Rusiyanın düşmənləri ölkənin qanlı vətəndaş qarşıdurmasında boğulmasını istəyirdilər, səhv hesab edirdilər... İyunun 24-də, hadisələr başlayandan mənim birbaşa göstərişimlə çoxlu qan tökülməsin deyə addımlar atıldı. Bu, o cümlədən səhvə yol vermiş şəxslərə fikirlərini dəyişmək şansı vermək, onların hərəkətlərinin cəmiyyət tərəfindən qətiyyətlə rədd edildiyini bildirmək və Rusiya üçün hansı faciəli, dağıdıcı nəticələrə gətirib çıxaracağını aydınlaşdırmaq üçün idi”.

Putin “Vaqner” döyüşçülərinə müraciət edərək onları seçim etməyə, ya orduda xidməti davam etdirməyə, ya da Belarusa getməyə çağırıb.

İndi xalq bilmir Priqojin və “Vaqner” qəhrəmandır, yoxsa vətən xaini. Qəhrəmandırsa, niyə rus ordusu ilə birgə Ukraynaya qarşı savaşmır və Belarusa gedir? Xaindirsə, Prezident niyə Priqojinin və “vaqnerçilər”in Belarusa getməsinə imkan verir? Faktiki olaraq, xain, qiyamçı, satqın elan etdiyi şəxsi başının dəstəsilə birgə “İttifaq dövləti”nin digər üzvü olan, az qala Rusiyanın bir parçasına çevrilmiş Belarusa göndərir. Bir də görəsən, Putin nə vaxtdan rusların qanının tökülməməsi üçün güzəştə getməyə başlayıb? Putin “Mənim göstərişimlə çoxlu qan tökülməsin deyə addımlar atıldı” deyir.

Bəs Ukraynada məhv edilmiş 200 min Rusiya hərbçisinin qanı necə olsun, onları oraya göndərən kimdir?

 

Bəs bir neçə saat ərzində vurulan 6-7 vertolyot, bir təyyarə, orada həlak olan 20-yə yaxın pilot və zabit, ələ keçirilən aerodrom, qərargah, bəs Rusiyanın onsuz da dəyərsizləşən nüfuzunun, reputasiyasının tamamilə zibilliyə atılması, ordunun, dövlət başçısının alçaldılması, diz çökdürülməsi və sair və ilaxır? Bu cinayətlərə görə kim cavab verəcək?

Strelkov Putinin durumunu “rəzalət” adlandırarkən heç də səhv etmir. Təkcə onu qeyd etmək kifayətdir ki, qiyam günü Rusiya Təhlükəsizlik Şurasının 12 üzvündən yalnız 5-i səsini çıxardı və kələ-kötür, ikibaşlı da olsa Putini dəstəkləyən bəyanatlar verdi. Bu, şuranın üzvlərinin heç 50 faizi də deyildi. Putinə susmaqla qarşı çıxanların arasında TŞ-nin katibi Nikolay Patruşev, FTX sədri Aleksandr Bortnikov, DİN başçısı Vladimir Kolokoltsev kimi açar isimlər var. Eləcə də qubernatorların böyük əksəriyyəti özlərini görməzliyə vurdular – susdular, ən yaxşı halda isə sadəcə, rəhbərlik etdikləri regionda vəziyyətin satbilliyi barədə ümumi sözlər dedilər. Yalnız Medvedev nəsə mızıldandı, nüvə silahının “quldurların” əlinə keçməsinə imkan verilməməli olduğunu dedi. Həmin “quldurlar” ki, Putin onları “qəhrəman” adlandırır və məsuliyyətdən azad edir.

Kadırov da iş-işdən keçəndən sonra nəsə dedi, hətta döyüşçülərini Rostova göndərdi. Ancaq nədənsə, Priqojinin döyüşçüləri Moskvaya doğru 24 saat ərzində 780 kilometr yol getdiyi halda, “kadırovçular” eyni zaman kəsiyində “qulaqlarının dibindəki” Rostova çata bilmədilər...

Çaşqınlıq içindəki Putin Baş nazir Mişustini də götürüb Sankt-Peterburqa qaçdı, ondan ötrü ki, Konstitusiyaya uyğun olaraq, hakimiyyəti Mişustinə ötürə bilməsinlər. Beləliklə, Putin savaşmağı, yeri gəlsə, dövlət və dövlətçilik uğrunda ölümü seçmədi, buna cəsarət etmədi, alçalmağı seçdi.

Bu qiyam tragikomediyasından çıxarılan bir paradoksal nəticə də odur ki, 7-8 min silahlı adamın və onların başında duran öz sabiq aşpazının qabağından qaçan, özünü qətiyyətli dövlət adamı yox, rəzil, qorxaq biri kimi aparan məlum şəxs vaxtilə bütün dünyaya, o cümlədən NATO-ya meydan oxuyurdu, az qala La-Manş boğazına qədər gedəcəyini, “Rusiyanın sərhədsiz olduğunu” deyirdi, hamını nüvə silahı ilə hədələyirdi. Lider qıtlığı yaşayan Qərbdə isə onun qarşısında az qala tir-tir əsirdilər və Ukrayna “bizə silah verin” deyib fəryad edəndə yaxın gəlməyə cəsarət etmirdilər. İndi Putin Qərbdəki əksər liderlərlə eyniləşdi, çünki onların da əksəriyyəti qorxaqlıqda və digər bir çox keyfiyyətlərdə elə Putinin tayıdırlar.../azpolitika.info