İstanbul Böyükşəhər Bələdiyyəsi Şurasının Törəmə və Bağlı Təşkilatlar Komissiyasının sədri Ertan Yıldızın sürücüsü Bayram Yıldırımın ifadəsi ittihamnaməyə daxil edilib və bu ifadə rüşvətin daşınma mexanizmini açıq şəkildə təsvir edir.
İfadəyə görə, Bayram Yıldırım korrupsiya şəbəkəsinə daxil olan rüşvət pullarının Fatih Keleşin idarə etdiyi pikap maşınları ilə daşındığını bildirib.
O, ərzaq səbətlərində gətirilən pulların boşaldıldıqdan sonra səbətlərin yenidən maşına yükləndiyini qeyd edib.

Bayram Yıldırım deyib:
“Fatih Keleş, Ertan Yıldız və Yiğit Oğuz Dumanın ofisləri Floryadakı keçmiş prezident iqamətgahının olduğu ərazidə idi. Pikap maşını hər dəfə gəlirdi, içindəki ərzaq səbətləri binaya aparılır, sonra boş halda geri qaytarılırdı”.
Yıldırımın sözlərinə görə, hər dəfə səbətlər iqamətgaha gətiriləndən sonra Mustafa Akın həmin yerə gəlir və təxminən 1–1.5 saat qalırdı. Onun gedişindən sonra pullar Fatih Keleş, Murat Ongun, Kadriye Kasapoğlu və Mustafa Akının sürücüləri tərəfindən toplanırdı.
İstintaq zamanı Floryadakı prezident iqamətgahı ətrafından gələn telefon siqnalları da diqqət çəkib.
Məlum olub ki:
- Murat Ongunun sürücüsü Kadir Öztürkün telefonu – 231 dəfə
- Fatih Keleşin sürücüsü Hüseyn Yurddaş – 754 dəfə
- Kadriye Kasapoğlunun sürücüsü Sabri Caner Kırca – 19 dəfə
- Təhlükəsizlik meneceri Mustafa Akın – 248 dəfə
- Kadriye Kasapoğlu – 229 dəfə
- Ertan Yıldız – 802 dəfə iqamətgahdan siqnal verib.
Bu göstəricilər həmin şəxslərin iqamətgaha tez-tez giriş-çıxış etdiyini göstərərək rüşvət şəbəkəsinin əlaqələrini daha da gücləndirir.
İstintaq davam edir və prokurorluq yeni məlumatların da ortaya çıxa biləcəyini istisna etmir.
Qeyd edək ki, sabiq İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu barəsində hazırlanan 3900 səhifəlik ittihamnamə haqda yeni iddia irəli sürülüb. Sözügedən ittihamlar əsasında prokurorluq İmamoğlu üçün 2430 ilə qədər həbs cəzası istəyib./musavat.com