Tokayev Qazaxıstanın təhlükəsizliyini təhdid edən hadisədən danışdı – PREZİDENT BÜTÜN SƏLAHİYYƏTLİ ORQANLARI SƏYLƏRİNİ BİRLƏŞDİRMƏYƏ ÇAĞIRDI

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə bütün sintetik narkotik istehsalı məntəqələrinin ləğvi üçün ən sərt tədbirlərin görülməsi barədə göstəriş verib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Prezidentinin Mətbuat Xidmətinin rəsmi Teleqram kanalı olan “Akorda” məlumat yayıb.

"Narkotik vasitələrin istehsalı Qazaxıstan Respublikasının ərazisinə keçib - bu, dövlətimizin təhlükəsizliyini təhdid edən ciddi hadisədir. Mübarizə aparmaq üçün burada bütün səlahiyyətli orqanların səylərini birləşdirməliyik, əks halda vəziyyətə nəzarəti itirəcəyik. Qazaxıstan ərazisində sintetik narkotik istehsal edən bütün istehsal ocaqlarını (şəbəkələrin) ləğvi üçün ən qətiyyətli tədbirlər görülsün. Bu, çox mühüm vəzifədir”, - deyə prezident bildirib.

Kasım-Jomart Tokayev

Qeyd edək ki, Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin, onların analoqlarının qeyri-qanuni hazırlanması, emal edilməsi, əldə edilməsi, saxlanması, satılması, satış məqsədilə daşınması, satış məqsədilə başqasına göndərilməsi əmlakı müsadirə olunmaqla 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər külli miqdarda narkotik vasitələr, psixotrop maddələr, onların analoqları ilə bağlı törədildikdə də əmlakı müsadirə olunmaqla 6 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 297-ci maddəsinin birinci və ya ikinci hissələrində nəzərdə tutulur ki:

qabaqcadan razılıq əsasında bir qrup şəxs tərəfindən;

dəfələrlə;

narkotik vasitələrin, psixotrop maddələrin, onların analoqlarının xüsusilə böyük miqdarda olması hallarında;

vəzifəli şəxsin öz xidməti mövqeyindən istifadə etməklə;

elektron informasiya vasitələrindən-resurslarından istifadə etməklə;

ictimai yerdə törədildikdə,

əmlakı müsadirə olunmaqla 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

“Bu cəza maddəsinin birinci, ikinci və ya üçüncü hissələrində nəzərdə tutulmuş əməllər cinayətkar qrup tərəfindən törədildikdə, habelə narkotik vasitələri, psixotrop maddələri, onların analoqlarını təhsil təşkilatlarında və yaxud bilərəkdən yetkinlik yaşına çatmayan şəxsə satma— əmlakı müsadirə olunmaqla 15 ildən 20 ilədək müddətə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır”, - deyə Qazaxıstan Respublikasının Cinayət Məcəlləsində bildirilir.

Ötən ilin dekabrında xəbər verilmişdi ki, Qazaxıstanda sintetik narkotiklərin qeyri-qanuni dövriyyəsinə görə cinayət məsuliyyətini artırmaq planlaşdırılır. Eyni zamanda, bu ilin mart ayının ortalarında hökumət Qazaxıstanda 2023-2025-ci illər üçün narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə kompleks planı dəstəkləyib. Qeyd olunub ki, ekspertlərin hesablamalarına görə, narkomanların faktiki sayı rəsmi göstəcilərdəkindən 5 dəfə çoxdur. Sonra Daxili İşlər Nazirliyinin rəhbəri Marat Axmetjanov məktəblilər arasında skrininq sisteminin tətbiqinin nəzərdə tutulduğunu xəbər verdi ki, bu da cəmiyyətdə narkomaniyanın səviyyəsini obyektiv qiymətləndirməyə, habelə xüsusilə yeniyetmələr arasında narkomanların ilkin mərhələdə müəyyən edilməsinə imkan verəcək.

Marat Axmetjanov

Həmçinin, Marat Axmetjanov Qazaxıstanda narkotiklərlə bağlı vəziyyətə mənfi təsir göstərən amilləri də sadalayıb. "Birincisi, bu əfqan heroininin Şimal marşrutu ilə Orta Asiya ölkələri, Qazaxıstan, Rusiya və daha sonra Avropaya daşınmasıdır. İkincisi, çətənənin xammal bazası cənub bölgələrində Şuya vadisi və Qızılorda vilayətindədir. Ən təhlükəli amil isə sintetik narkotiklərin yayılmasıdır”, - deyə Marat Axmetjanov qeyd edib. Onun sözlərinə görə, təkcə ötən il hüquq-mühafizə orqanları narkotiklərlə bağlı 3 minə yaxın cinayətin üstünü açıb.

Stopnarkotik.az