Penitensiar Xidmətdə 9 ay ərzində nə dəyişib? – MİRSALEH SEYİDOV PREZİDENTİN ETİMADINI DOĞRULDA BİLİB?

Stopnarkotik.az saytında Penitensiar Xidmətdə baş verən neqativ olaylar və qanunsuzluqlarla bağlı dəfələrlə yazmışıq. Xüsusilə də keçmiş rəis Ceyhun Həsənovun quruma rəhbərlik etdiyi dönəmdə saytımızda onlarla məqalə dərc olunub və hər birində də çoxsaylı faktlar işıq üzü görüb.

Sonuncu dəfə 10 iyul 2023-cü il tarixində Penitensiar Xidmət rəisi Prezidentin sərəncamı ilə vəzifəsindən azad edildikdən bir gün sonra, “Ceyhun Həsənov “getdi”, Penitensiar Xidmətdə nə dəyişəcək?” sərlövhəli məqalə dərc etmişdik. Həmin yazıda qeyd etmişdik ki, əslində, C.Həsənovun istefaya göndəriləcəyi gözlənilən, həbsxanalarda hökm sürən və dövlətin bu sferada imicini zədələyən mənfi hadisələr fonunda bu sərəncam həm də labüd idi. “Çünki Həsənovun yarıtmaz fəsliyyəti nəticəsində dövlətin təhlükəsizliyinə vurulan zərbə ilə yanaşı, həbsxanalar İranın narkotik ticarəti "oylağı"na çevrilib”, - deyə vurğulamışdıq.

**

Onu da əlavə etmişdik ki, dövlət başçısının digər sərəncamıyla Penitensiar Xidmətin rəisi təyin olunan Mirsaleh Miradil oğlu Seyidovun fəaliyyət yolu elə də hamar olmayacaq: “Yeni rəis həbsxanalardakı durumu düzəltməklə yanaşı, sələfinin “ciçəkləndirdiyi” narkobiznes şəbəkəsinin gizləndiyi künc-bucaqları açığa çıxarıb, problemi aradan qaldırmalıdır. Dövlət başçısının göstərdiyi etimadı əldə edilmiş uğurlu fəaliyyətlə doğrultmaq yalnız ona etibar edilmiş vəzifəni yerinə yetirməklə mümkündür. Bu baxımdan, Mirsaleh Seyidovun öhdəsinə önəmli iş düşür”.

**

Məqalənin sonunda isə qeyd etmişdik ki, yeni rəisin ən qısa müddətdə Penitensiar Xidmət daxilində ciddi “təmizləmə” işləri aparacağına və çoxsaylı qanunsuzluqları aradan qaldıracağına inanırıq. Ona görə bu düşüncədəydik ki, M.Seyidov Penitensiar Xidmət rəhbərliyinə kənardan gətirilməmişdi və həbsxanalarda yaşanan duruma çox yaxından bələd olan insan idi. Prezident İlham Əliyevin ona etimad göstərməsi də təsadüf deyildi. Məhz bu səbəbdən də, çoxsaylı vətəndaşlarımız kimi, biz də aylardır Penitensiar Xidmətə tabe olan cəzaçəkmə müəssisələrində vəziyyətin düzələcəyini gözləyirdik...

Bəs, Mirsaleh Seyidov Penitensiar Xidmətə rəhbərlik etdiyi təxminən 9 ay ərzində bu qurumda nə kimi müsbət yeniliklər olub? Ümumiyyətlə, bu müddətdə Penitensiar Xidmətdə hər hansı əsaslı dəyişikliklər həyata keçirilib, yoxsa görülən işlər sadəcə kosmetik xarakter daşıyıb?

Dəyərli oxucuların diqqətinə çatdıraq ki, bu və digər suallara növbəti yazılarımızda cavab tapa biləcəksiniz. Bizi izləyin.

Stopnarkotik.az