Məlum olduğu kimi, Gürcüstan parlamenti narkoticarətə qarşı yeni və daha sərt qanunu müzakirə edir. Müzakirələr o cümlədən narkotik vasitələrin, o cümlədən marixuananın icazə verilən dozalarının dəyişdirilməsi ilə bağlı qanun layihəsi ətrafında da aparılır.
Stopnarkotik.az xəbər verir ki, siyahıya narkotik vasitə sayılan 272 dərman vasitəsi və dövriyyəsinə ciddi nəzarət edilən 72 psixotrop dərman vasitəsi daxildir.
Dəyişikliklərə əsasən, aşkarlandıqda və ya satıldıqda ən yüksək cəza olan ömürlük həbsin verildiyi “xüsusi böyük” dozanın ölçüsü iki dəfə azaldılacaq. Yəni, ömürlük yaxud müddətsiz həbs cəzası daha az aşkarlanan narkotik dozasına görə veriləcək. Belə dərmanların siyahısına buprenorfin, kokain, marixuana, çətənə, psilosibin, tetrakannabinol, ketamin və preqabalin daxildir.
Xatırladaq ki, Gürcüstan artıq yeni qanun istiqamətində hərəkətə start götürüb. Bu gün qonşu ölkənin Daxili İşlər Nazirliyi regionlarda keçirdiyi xüsusi əməliyyat çərçivəsində narkotik cinayətlərində ittihamı üzrə 9 nəfəri saxlayıb.
Saxlanılanlar arasında dörd narkotik alverçisi, həmçinin əcnəbilər də var. Polis bir neçə dəfə sınaq alış-verişi edib və hər şeyi audio və videoya yazıb.
Həbs olunanları 20 ilə qədər həbs və ya ömürlük həbs gözləyir.
Stopnarkotik.az