2022-ci ilin aprelində Taliban hökumətinin qadağalarından sonra BMT-nin illik hesabatlarında Əfqanıstanda tirək əkininin gözlə görüləcək dərəcədə azalması qeyd olundu.
Stopnarkotik.az xəbər verir ki, yeni məlumatlara görə, çörəyi tiryəkdən çıxan fermerlərin Əfqanıstanın cənubundan Pakistanın Bəlucistan bölgəsinə kütləvi köçü müşahidə olunub. Belə ki, 2000-2001-ci illərdə Talibanın ilk tiryək qadağasından sonra Xeybər-Paxtunxva və Bəlucistan əyalətlərinə tiryək miqrasiyası baş verdi. Bəlucistanın Duki, Qila Seyfullah və Qila Abdullah rayonlarında yaşayan əfqanlar tiryək yetişdirmək təcrübələrini Pakistana gətirmək qərarı verdilər. Özlərnin dediklərinə görə, onları bu qərarı verməyə məcbur edən Əfqanıstandakı ailələrini dolandırmaq məcburiyyətidir. Amma onlar şikayətlənirlər ki, Əfqanıstan torpağına nisbətən Bəlucistanda torpağın keyfiyyətinin yaxşı deyil, su da azdır. Lakin, hər bir halda minlərlə əfqan xaşxaş yetişdirmək üçün Bəlucistana köçüb.
Talibanın tiryək əkini qadağasından sonra dənli bitkilərin əkininə keçən fermerlərə aydın oldu ki, heç bir məhsul tiryəkdən gələn qazanca bərabər olmur. Bu üzdən Taliban 2022-ci ilin aprelində tiryək əkinini qadağan etdikdə, bir çox cənublu fermerlərin Pakistana miqrasiyası təəccüblü olmadı və onlar Pakistanın Bəlucistan və indiki Xeybər-Paxtunxva əyalətinə köçdülər.
UNODC-nin 2023-cü il üzrə tiryək sorğusuna əsasən, əfqan tiryəki 2022-ci ildəki 6200 tondan 2023-cü ildə cəmi 33 tona düşüb. 2023-cü ildə xaşxaş sahəsi müvafiq olaraq 84 faiz azalıb. Əfqanıstanda təkcə tiryək becərilməsinin episentri kimi deyil, həm də onun ticarətinin mərkəzi kimi xüsusi əhəmiyyət kəsb edən Hilmənd və Qəndəhar əyalətlərində tiryək əkini 99,99 və 88,84 % azalıb.
2000-ci illərin əvvəllərində olduğu kimi, 2022-ci il tiryək qadağası külli miqdarda tiryək pastası ehtiyatlarına sahib olan iri fermerlər istisna olmaqla, daha yoxsul fermerləri sıradan çıxardı, eyni zamanda görünməmiş qiymət artımına səbəb oldu. Bu səbəbdən daha kasıb fermerlər Talibanın himayəsində olan fermerlərlə rəqabətə davam gətirməyərək, Bəlucistan və Xeybər-Paxtunxva əyalətlərinə köçməyə vadar oldu, harada ki, dövlət istəsə, geniş torpaq sahələrinə “az nəzarət” edir və tiryək əkilməsi üçün torpaq icarəyə vermək fermerlər üçün daha əlverişli olur. Belə görünür ki, əslində Əfqanıstanda tam olaraq tiryək əkini qadağasından söhbət getmir. Sadəcə Talibanın “çətiri” altında olmayan fermerlərin tiryək əkməsinə qadağa qüvvəyə minib deyə onlar rəqabət bazarından çıxmalı olublar. Çünki özlərinin də dediyi kimi, taxıl əkini tiryək əkini kimi qazanc gətirmir. Belə mənzərə yaranır ki, Talibanın qadağası nəinki tiryək əkininini və hasilatını azaltdı, ixtisara saldı, əksinə çörəyi tiryəkdən çıxan əfqan tacirlərinin yolunu Pakistanın Bəlucistan əyalətinə saldı ki, bu da faktiki olaraq tiryəkin əkin arealını genişləndirdi.
Yeri gəlmişkən, onu da qeyd edək ki, əfqan opiatlarının çox hissəsinin qaçaqmalçılıq yolu ilə Afrika və Avropaya daşındığı Hilmənd Bəlucistanla həmsərhəddir. Eləcə də Pakistan Bəlucistanı qərb tərəfdən Iran Bəlucistanı ilə həmsərhəddir. Böyük ehtimalla üç ölkə-Əfqanıstan, Pakistan və İran arasında yerləşən Bəlucistan həm əkin, həm daşınma qovşağı kimi narkoticarətə “töhfə verəcək”. Sözsüz ki, narkoticarət üçün sərhədlər şərti olduğundan Pakistan Bəlucistanından İran Bəlucistanına tiryək axacaq, İran isə Fars körfəzi vasitəsilə ərəb ölkələrinə “dəniz qapısı” olduğundan narkobazara birbaşa çıxış verəcək. Amma İranın gündəmində Azərbaycan narkomüharibənin baş hədəfi olduğundan yenə biz zərbə altında qalacağıq. Həm də kim zəmanət verə bilər ki, Pakistan Bəlucistanında tiryək əkildiyi kimi, İran Bəlucistanında da tiryək əkini və narkotik istehsalı yoxdur?
Stopnarkotik.az