PUTİNİN ƏSAS ELÇİSİ VAŞİNQTONDADIR - Dmitriyev Uitkoffla nəyi müzakirə edəcək? / Yeniləndi

Kremlin əsas müzakirəçisi Kirill Dmitriyev və ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş bu gün baş tutacaq.

Bu barədə CBS News-un jurnalisti Sarah Kuk öz mənbələrinə istinadən X sosial şəbəkəsində məlumat verib. Onun sözlərinə görə, görüş Ağ Evdə baş tutacaq. Hələlik bu barədə rəsmi məlumat verilməyib.

Jurnalist əlavə edib ki, ABŞ Maliyyə Nazirliyi Dmitriyevə qarşı sanksiyaları müvəqqəti olaraq ləğv edib ki, Dövlət Departamenti ona ABŞ-yə gəlmək üçün viza verə bilsin.

Yada salaq ki, Dmitriyev Putinə yaxındır və Rusiya və Amerika rəsmilərinin Ukraynada müharibəyə son qoyulmasını müzakirə etdiyi Ər-Riyadda danışıqlarda iştirak edib.

***

ABŞ-Rusiya danışıqlarının açar fiquru və Vladimir Putinin əsas elçisi sayılan Kirill Dmitriyev Vaşinqtona səfər edəcək.

CNN-in öz mənbələrinə istinadla yaydığı məlumata görə, Putinin əsas müzakirəçisi olan Dmitriyev bu həftə Vaşinqtona gedəcək. Onun Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşəcəyi bildirilir. Bunun üçün Dmitriyevin üzərindəki sanksiyalar götürüləcək.

Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, Putinin investisiya və iqtisadiyyat üzrə xüsusi elçisi (Həmçinin, Putinin qızının rəfiqəsinin əri olan) Kirill Dmitriyev özü də mətbuatda yayılan bu xəbəri dolayısı ilə təsdiqləyib. Bu barədə “X” sosial şəbəkəsində paylaşım edən Dmitriyev yayılan xəbərə birbaşa cavab verməkdən yayınıb, lakin bu səfərin baş tutacağına eyham vurub.

CNN qeyd edib ki, Kirill Dmitriyevin səfəri çərçivəsində Stiv Uitkoffla iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə dair danışıqlar aparılacağı və Ukrayna müharibəsinin bitirilməsi məsələsinin müzakirə ediləcəyi gözlənilir.

Xüsusi qeyd etmək lazımdır ki, bu, Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğalının başlanmasından sonra yüksək rütbəli rusiyalı məmurun Vaşinqtona ilk səfəri olacaq. CNN qeyd edib ki, bu səfər Donald Trampın Ağ Evə qayıtmasından sonra iki ölkə arasında münasibətlərin istiləşməsinin növbəti sübutu olmalıdır.

Dmitriyev 2022-ci ildən ABŞ-nin sanksiyaları altındadır. Dövlət Departamentinin ona viza verməsi üçün Amerika hökuməti Dmitriyevə qoyulan məhdudiyyətləri müvəqqəti olaraq aradan qaldırıb.