Paşinyan-Lukaşenko “qarşıdurması”nın pərdəarxası... - Və Putinin Paşinyanın “nazına dözmək” məcburiyyəti

Məlum olduğu kimi, Belarus Prezidenti Aleksandr Lukaşenko və Ermənistan Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) son sammitində Ermənistanın növbəti iclasdakı iştirak formatı ilə bağlı mübahisə ediblər.

Mübahisə Paşinyanın Minskdə keçiriləcək tədbirə Ermənistan nümayəndə heyətinin distant formatda qatılacağını bildirməsindən sonra yaranıb. Lukaşenko da Paşinyana buna görə irad tutub. Paşinyan bunu cavabsız qoymayıb, növbəti iclasla bağlı qərarının qəti olduğunu deyib. Lukaşenko bu dəfə “heç mənə lazım da deyil” prinsipindən çıxış edərək, həmin vaxt “televizorların işləməyə biləcəyini” deyərək, erməni heyətini video formatında ümumiyyətlə, toplantıda görmək istəmədiyinə eyham vurub. Paşinyan isə cavabında Belarusun beynəlxalq sanksiyalara məruz qalmasını nəzərdə tutaraq, rişxəndlə “əgər sizin artıq televizorlarla da bağlı problemləriniz yaranıbsa, mən bunu anlayışla qəbul edirəm” deyib.

Bütün bunlar, yəni, Ermənistan başçısının Belarusa, onun da timsalında Rusiyaya “meydan oxuması” Vladimir Putinin qoşulduğu iclasda, onun gözü qarşısında baş verib. Lakin Rusiyanı Ukraynada vəhşi işğalçılıq müharibəsinə və Qərblə mənasız qarşıdurmaya soxan, nəticədə digər regionlar kimi Cənubi Qafqazda da mövqelərini itirən Putin Paşinyanın bu şıltaqlıqlarına, nazına dözmək məcburiyyətindədir. 

Rusiyaya bütün MDB məkanındakı mənfi münasibəti anlayan Kreml Ermənistandakı rusiyapərəst müxalifətin cəmiyyətdə dəstək almadığını, zəifliyini gözəl başa düşür. Ona görə də Paşinyanı devirmək onun üçün olduqca çətindir. Lakin məsələ təkcə bunda deyil. Erməni cəmiyyəti də Paşinyanın bəyanatları kimi, “iki gündən bir” dəyişə bilər. 

Əsas məsələ odur ki, Ermənistan hər nə qədər özünü Qərbpərəst kimi göstərməyə çalışsa da, faktiki olaraq, bu gün Rusiya hərbi sənayesini Qərb elektrotexnikası ilə təmin edən əsas “alverçi” ölkədir. Məhz Qərb elektrotexnikasını Rusiyaya ötürmək sayəsində Ermənistanın xarici ticarət dövriyyəsi bu ölkə üçün fantstik həddə, 30 milyard dollara yaxınlaşıb. Rusiya isə bu avadanlıqlar sayəsində öz hərbi sənayesini ayaq üstə saxlayır və istehsal etdiyi silahlarla elə həmin Qərbin dəstəklədiyi Ukrayna dövlətini, əhalisini məhv edir. Daha çox məhz buna görə Putin “dişi dodağını kəsə-kəsə” Paşinyanın “cingiltili” səslə ifadə etdiyi eyhamları, tənələri qəbul etmək, onun “nazı ilə oynamaq” məcburiyyətindədir.

Çoxdan simasını itirmiş ikiüzlü və başıpozuq Qərb isə Paşinyanın Rusiyanın hərbi sənayesinə “töhfələrini” bilə-bilə, buna göz yumur, Ermənistanı az qala Cənubi Qafqazdakı əsas müttəfiqi, “demokratiya lideri” kimi təqdim və qəbul edir...

Bütün bunların fonunda Paşinyan-Lukaşenko “qarşıdurması” tragikomik təsir bağışlayır. Çünki bu siyasi personajların heç biri müstəqil deyil. Lukaşenko Putinin, Paşinyan isə Qərbdəki himayədarlarının göstərişi, dili ilə danışır. Buna baxmayaraq, artıq bu iki nəfər arasındakı “qarşıdurma” qarşılıqlı şəxsi nifrət səviyyəsinə qalxıb və bunu heç biri gizlədə bilmir...

Sonda onu da qeyd edək ki, erməni mətbuatı Ermənistan hökumətinin hələ bu ilin yayında geri çağırdığı Belarusdakı səfirini Minskə qaytarmaq fikrində olmadığını yazır. Xüsusilə də son Lukaşenko-Paşinyan “atışması”ndan sonra bunu heç gözləməyə də dəyməzdi.

Digər yandan, Rusiyanın başçılığı altında yaranan KTMT və Aİİ kimi süni təşkilatlarda “strateji müttəfiqlər” arasındakı bu cür “isti”, “səmimi” münasibətlərdə qeyri-adi heç nə yoxdur. Rusiya kimi “ədalətli baş müttəfiq” olan yerdə başqa cür ola da bilməzdi.../azpolitika.info