Fars rejimi neft-qaz satışından daha çox, qaçaqmalçılıq yolu ilə bazarlara çıxardığı narkotik satışından gəlir əldə edir
İran bu fəaliyyəti ilə qlobal hibrid savaşını dəstəkləmək üçün hər il milyardlar qazanır
Məlum olduğu kimi, İran terrora verdiyi dəstək səbəbindən ABŞ və tərəfdaşlarının sanksiyalarına məruz qalıb. Belə bir təəssürat yaranır ki, tətbiq edilən sanksiyalarla əlaqədar olaraq ölkədə pul kütləsinin azalması Tehranın terrorun maliyyələşdirilməsində əlini zəiflədəcək.
Amma dünya mediasında dərc olunan materiallar onu deməyə əsas verir ki, İranın terroru dəstəkləmək üçün xərclədiyi vəsait yalnız neft-qaz satışından gəlmir. Belə ki, fars rejimi neft-qaz satışından daha çox, qaçaqmalçılıq yolu ilə bazarlara çıxardığı narkotik satışından gəlir əldə edir. Və beynəlxalq narotik ticarətində iştirak İrana stabil valyuta axınını təmin edir. İlk növbədə də SEPAH-a və İranın Livan, Yəmən, Suriya, İraqda saxladığı muzdlu qruplaşmalara sərf etdiyi vəsait narkotikdən gələn "qanlı xəzinə"dir.
Hətta İranın qanlı narkotrafiki nəinki Əfqanıstandan tutmuş Yaxın Şərqə kimi ərazisini içinə alır, bu narkobinez arealına Latın Amerikası da çoxdan daxil olub. Hazırda narkotik vasitələrin qanunsuz dövriyyəsi ən gəlirli fəaliyyət növlərindən biri hesab olunur. Monarxların sərvəti narkotik kartellərinin başçılarının qazandıqları pulla müqayisədə "kölgədə qalır".
Narkotik alverçiləri hər il öz mallarını daşımaq və satmaq üçün yeni üsullar təklif edirlər. Artıq narkotikin daşınması üçün sualtı qayıqlardan və narkotiki satmaq üçün internetdən istifadə heç kəsi təəccübləndirmir.
İndi təsəvvür edin ki, dövlət ya birbaşa, ya da "proksi" strukturu vasitəsilə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olur.
Tehranın, xüsusən də İslam İnqilabı Keşikçiləri Korpusu və İrana bağlı “Hizbullah”ın qlobal narkotik ticarəti şəbəkəsində iştirak etdiyinə dair sübutlar yetərincədir. Təbii ki, onlar alban mafiyası və Latın Amerikası narkokartelləri timsalında “biznes tərəfdaşları” əldə edə biliblər.
Şübhəsiz ki, bu cür fəaliyyət ölkənin ali rəhbərliyinin xəbəri olmadan həyata keçirilə bilməz. İran rejimi bu fəaliyyəti bir tərəfdən özünün qlobal hibrid müharibəsini dəstəkləmək üçün valyuta əldə etmək fürsəti, digər tərəfdən isə Qərb ölkələrinə və hər şeydən əvvəl ABŞ-a qarşı “Narko Cihad” kimi görür.
Qeyd etmək lazımdır ki, narkotik qaçaqmalçılığı olmasa belə, SEPAH İranda geniş, nəzarətsiz biznes imperiyasına, o cümlədən qaçaqmalçılıq yolu ilə müxtəlif malların idxalı və ixracı üçün istifadə edilən qeyri-qanuni dəniz limanlarına nəzarət edir. Cənubi və Mərkəzi Amerikadakı narkotik kartelləri ilə əlaqələr “Hizbullah” vasitəsilə yoluna qoyulur.
“Taliban”ı silah və sursatla təmin etmək…
2012-ci ilin martında ABŞ Maliyyə Nazirliyi SEPAH-ın briqadasının yüksək rütbəli zabitini - "Qüds Qüvvələri"nin komandiri general Qulamrza Bağbanini heroinin Qərbə ixracının başçısı olmaqda ittiham etdi. Bundan əlavə, bəzi “Taliban” komandirləri də bu siyahıya daxil edilmişdi. Hansı ki, İranın xüsusi xidmət orqanları narkotiklərin qanunsuz dövriyyəsindən əldə edilən vəsaiti “Taliban”ı silah və sursatla təmin etmək üçün istifadə ediblər.
Üstəlik, 2011-ci ildə Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinin öldürülməsinə görə iranlılar Tehranın güclü əlaqələri olan Meksika narkokartellərinə üz tutmuşdular.
Lakin İranın bu kimi məsələlərdə yalnız kartellərə və “Hizbullah”a arxalandığını güman etmək olmaz. Venesuela da sabiq prezident Hüqo Çavesin dövründə Tehranla sıx əməkdaşlıq qurdu. Bununla da Venesuela İranın Cənubi və Mərkəzi Amerikada, o cümlədən narkotik alverində "keçid qapısı"na çevrildi. Venesuelalılar üçün bu, yeni bir şey deyildi, çünki demək olar ki, bütün Venesuela elitası bir növ narkotik alveri ilə məşğuldur, o cümlədən, bəzi iddialara görə, hazırkı prezident Nikolas Maduronun ailəsi də.
Livan rəsmiləri bildiriblər ki, İranın Venesuelaya müntəzəm uçuşlar həyata keçirən təyyarələri də narkotik ticarəti ilə məşğuldur.
“Hizbullah” emissarları həmçinin Cənubi Amerikadan Avropaya kokain ixracı yaradıb və ciddi valyuta gəlirləri qazanırlar. Bu pullar, şübhəsiz ki, "Hizbullah"ın fəaliyyətinin maliyyələşdirilməsinə gedəcək. "DEA"nın keçmiş əməliyyat rəhbəri Maykl Braunun sözlərinə görə, “Hizbullah” indiyə qədər gördüyümüz ən mürəkkəb çirkli pulların yuyulması sxemini və ya sxemlərini işləyib hazırlayıb.
Venesuela rejimi həmçinin ABŞ-a və digər Qərb ölkələrinə rahat səyahət etmələri üçün Yaxın Şərqdəki dostlarına pasportların verilməsində də köməklik edir. Heç də sirr deyil ki, bir müddət əvvəl Venesuela pasportları bu ölkənin Yaxın Şərqdəki səfirlikləri vasitəsilə açıq satışa çıxarılmış və bu da qalmaqala səbəb olmuşdu. Hazırda Suriya, İraq, İordaniya, Livan və İran vətəndaşlarının çoxu Venesuela pasportu alıb. Odur ki, indi Venesuela pasportlarının şanslı sahiblərindən bir neçəsinin Yaxın Şərq münaqişələrindən xilas olmaq istəyən insanlar olduğu, nə qədərinin isə “Hizbullah” və ya İranın agentləri olduğu məlum deyil.
Qərbdə İrana bağlı “yuxuya getmiş” terror təşkilatları
Yeni adı və Venesuela pasportu olan bir şəxs (məsələn, İran agenti) ABŞ-a gələ, orada siyasi sığınacaq istəyə, hətta qeyri-qanuni yaşaya və ya tələbə ola, beləliklə, Tehrandan göstərişlər alaraq müvəqqəti “yuxuya getmiş” terror təşkilatı yarada bilər.
Bu insanlar Mərkəzi və Cənubi Amerikada da heç bir şübhə yaratmadan və ya ABŞ-ın regiondakı xüsusi xidmətinin diqqətini cəlb etmədən, o cümlədən İranın narkotik ticarətinin bu qismində koordinasiya və operativ idarə olunması üçün maneəsiz səyahət edə bilən aktiv agentlər ola bilərlər.
Braziliyada “Hizbullah”ın narkotik kartelləri və dəstələri ilə sıx əməkdaşlıq etdiyinə dair sübutlar da var. Bu ölkədən kokain də ABŞ və Avropa İttifaqı ölkələrinə satış üçün göndərilir.
Kassandra layihəsi
2017-ci ilin sonlarında dünya bəlkə də Barak Obamanın prezidentliyi ilə bağlı əsas qalmaqallardan biri ilə şoka düşdü. Bu “Kassandra layihəsi” idi.
“Kassandra layihəsi” 2008-ci ildə ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı əməliyyatdır. İstintaq zamanı DEA agentləri “Hizbullah”ın ABŞ və Avropadakı narkotik qaçaqmalçıları şəbəkəsinə ifşa etməyə və çirkli pulların yuyulması, qaçaqmalçılıq, o cümlədən, qanunsuz yollarla “Bell” helikopterləri, gecəgörmə eynəkləri və İran rejimi üçün digər hərbi avadanlıqlar almaq məqsdilə qurulmuş ən mürəkkəb şəbəkəni müəyyən etməyə nail oldular. DEA-nın məlumatına görə, “Hizbullah” narkotik, silah qaçaqmalçılığı, işlənmiş avtomobillərin satışı və digər cinayət əməlləri ilə çirkli pulların yuyulmasına nail olur ki, bu yolla da hər il 1 milyard dollar əldə edir.
2008-ci ildən 2023-cü ilə qədər 15 il keçdiyini nəzərə alsaq, “Hizbullah”ın yalnız narkotik ticarətindən 15 milyard dollar qazandığını güman etmək olar. Məlumat üçün bildirək ki, 2016-cı il üçün Livan büdcəsinin gəlirləri 10 milyard dollar təşkil edib.
Amma “Kassandra layihəsi” uğurlu alınmadı və narkotik ticarəti və çirkli pulların yuyulması şəbəkəsinin məhvi ilə bitmədi. "Politico"nun araşdırması nəticəsində məlum olub ki, Obama administrasiyası nəinki layihəni dəstəkləməyib, həm də hər cür maneələrlə müdaxilə edib.
"Politico" araşdırmasına və orada təqdim edilən faktlara əsasən, Ağ Ev "Kassandra Layihəsi"ni sabotaj edib. Eyni zamanda, bu narkotiklərin bir hissəsi ABŞ-da yerli vətəndaşlara, bir hissəsi isə Avropada, ABŞ-ın müttəfiq ölkələrində satılır və bu puldan ölkənin digər müttəfiqi İsrailə qarşı terror üçün istifadə olunur. Ağ Ev çirkli pulların yuyulması üçün ən mürəkkəb sxemdən də xəbərdar olmamış deyildi ki, bu sxemin bir hissəsi ABŞ-da başlayıb, digər ucu Beyruta və bəlkə də oradan Tehrana gedib.
Obama administrasiyasının bu diqqətsizliyinin səbəbi onların İrana xüsusi münasibəti və onun regiondakı mümkün rolu ilə bağlıdır.
Belə bir sual ortaya çıxır: necə oldu ki, ABŞ dövlət maşınının “Hizbullah”la bu qədər fəal mübarizəsinə baxmayaraq, bu təşkilat böyüyə və bu qədər güclü ola bildi? Hər halda, yuxarıda qeyd olunan faktlar dediyimiz suallara kifayət qədər aydınlıq gətirir.
İndi İran xüsusi xidmət orqanları da Avropada narkotik ticarətinin təşkili üçün şimal sərhədindən istifadə edirlər. Narkotiklər Azərbaycanın işğal olunmuş ərazilərindən keçməklə, daha sonra Gürcüstanın Qara dəniz limanları vasitəsilə Avropa ölkələrinə daşınır…
Hazırladı: Stopnarkotik.az