İranda girov saxlanılan Fərid anası ilə danışıb – “Qətiyyətlə dedi ki, heç bir günahı yoxdur..."

Almaniyada təhsil alan və bu ilin martında İranda casusluq ittihamı ilə həbs olunan Azərbaycan vətəndaşı Fərid Səfərli ittihamları rədd edir.

Stopnarkotik.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna onun anası Dilarə Əsgərova deyib.

Onun sözlərinə görə, o, bugünlərdə oğlu ilə telefonla danışa bilib: "Mənə dedi ki, yaxşıdır, ürək-dirək verdi. Qətiyyətlə dedi ki, heç bir günahı yoxdur və ittiham üçün heç bir əsas olmadığını vurğuladı".

D.Əsgərova əlavə edib ki, Azərbaycan dövləti oğlunun işi ilə ciddi məşğul olur: "Vəkilin tutulması məsələsini də hökumət həll edəcək. Ola bilsin ki, artıq vəkil təyin olunub. Azərbaycanın İrandakı Konsulluğundan Fəridlə əlaqə saxlanılır. İnanıram ki, Fəridlə bağlı ədalətli qərar veriləcək".

D.Əsgərova, bununla belə, ittihamın detallarından xəbərsiz olduğunu bildirib: "Bilmirəm Fəridi hansı ölkəyə casusluqda ittiham edirlər. Amma ağır ittihamdır. Hətta asmaq cəzası da verilə bilər".

Almaniyada təhsil alan F.Səfərlinin bu il fevralın 20-də eyni universitetdə oxuduğu qızın dəvəti ilə Tehrana getdiyi deyilir. Martın 4-dən onunla əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açıldığı bildirilib.