“BAYDENİ DƏYİŞMƏK ÜÇÜN İKİ HƏFTƏ VAXTLARI VAR...” - “Putinin Trampa dair gözləntiləri özünü doğrultmaya bilər”

ABŞ-də noyabrda keçiriləcək prezident seçkiləri bütün dünyanın diqqət mərkəzindədir. Bir neçə gün öncə namizədlər Co Bayden və Donald Trampın seçki öncəsi debatından çıxan nəticələri təhlil edən analitiklərin fikrinə görə, baş verənlərə təkcə iki, yaşlı namizədin mübarizəsi kimi yox, ABŞ-dəki siyasi sistemin böhranı kontekstindən baxmaq lazımdır. Belə hesab olunur ki, ABŞ-dəki siyasi böhranın dərinləşməsi qlobal miqyaslı təlatümlərə yol aça bilər. 

Ukraynanın “Qlavred.info” saytı sözügedən mövzu ilə əlaqədar “Vətəndaş Cəmiyyətinin Təhqiqatları Mərkəzi”nin direktoru, siyasi ekspert Vitali Kulikdən müsahibə götürüb.

Həmin müsahibəni qısa ixtisarla təqdim edirik:

- Bayden-Tramp debatı ilə bağlı ümumi təəssüratınız necədir?

- Hər şey çox solğun görünürdü, hətta depressiv əhval vardı. Namizədlər proqramlarını açıqlamalıydılar, yəni, hər kəs hazırladığı ev tapşırığını göstərməliydi. İstər Bayden, istərsə də Tramp iki sadə şeyi etməliydilər - əsas elektoratı inandırmaq üçün özlərini inamlı aparmalı və hələ seçim etməyənlərin etimadını doğrulda biləcəklərini nümayiş etdirməliydilər.

Bayden faktiki olaraq heç nə edə bilmədi. O, Amerikanın təlatümlü bir dövründə prezident postunun məhz ona həvalə edilməsinin vacibliyini göstərmək üçün özünü əldən düşmüş qoca kimi yox, diribaş lider kimi aparmalıydı. Ancaq bunun əvəzinə o, özünün nə dərəcə aciz vəziyyətdə olduğunu göstərdi.

Digər yandan, Tramp öz ampluasında idi və həmişəki kimi yalan danışır, qışqırır, sözləri kontekstdən çıxarır, qeyri-ardıcıllıq nümayiş etdirirdi. Amma buna baxmayaraq, o, qıvraq görünürdü. Tramp da həmçinin tərəddüd edən seçiciləri inandıra bilmədi, çünki onlar Trampın timsalında mötədil və strateji təfəkkürə malik birisini görə bilmədilər.

Amma ümumən Tramp xal hesabı ilə qalib gəldi. ”CNN”-in verdiyi rəqəmlər Tampın nəsə etmək üçün enerjisi olan və ən azından səlahiyyət müddətinə kimi yaşaya biləcək lider olduğunu göstərdi.

- Hər iki namizədin Ukrayna ilə bağlı bəyanatlarını necə dəyərləndirirsiniz? 

- Məzmun etibarı ilə onların Ukrayna ilə bağlı səsləndirdikləri bəyantlarında fəlakətli heç nə yoxdur. Əksinə, biz çox maraqlı şeylər gördük. Xüsusən də Tramp dedi ki, o, Putinin planını rədd edir və onu dəstəkləmir. Əgər Tramp bu cür bəyanatlar verərsə, strateji proqram və layihələrini ardıcıl şəkildə bunlara uyğunlaşdırarsa və gələcəkdə də bu mövqedə dayanarsa, Trampın qələbəsi Ukrayna üçün problem yox, böyük imkanlar yarada bilər. Lakin biz Trampın mövqeyindən 180 dərəcə dönməsini ona bağışlayan spesifik elektoratının olduğunu da bilirik. Ona görə də Tramp bu gün deyir ki, Putinin planını rədd edir, amma sabah və ya növbəti debatda deyə bilər ki, Putinlə danışmağa və onun planı ilə tanış olmağa hazırdır. Yaxud, ola bilər sonra söyləsin ki, Ukraynaya silah vermək lazımdır. Yəni, Trmap tamamilə qeyri-ardıcıl, hərəkətləri proqnozlaşdırılmayan siyasətçidir, ona görə də onun bəyanatlarından nəsə böyük şeylər gözləmək məqsədəuyğun deyil.

Digər tərəfdən, Baydendən Ukraynaya dəstək bəyanatları səslənmədi. Bizim yadımızdadır ki, son zamanlar Ağ Ev Rusiya ərazisinin dərinliklərinə atəş açmağa icazə verib və Ukraynada xarici hərbi təlimatçıların işləməsi məsələsinə baxılması və ya Ukraynada hərbi təlim missiyası həyata keçirilməsinə imkan verilib. Amma daha əvvəllər ABŞ bütün bunlardan kənarda dayanmağa çalışıb, xüsusilə də seçkilər ərəfəsində. Əgər debatda məhz bu cür bəyanatlar səslənsəydi, bu Ağ Evdə kəskin dönüşün olmasını və Amerikanın dolayı yolla Ukraynaya girməyə hazır olduğunu göstərərdi. Lakin bu baş vermədi və çətin ki, baş versin. Hətta Baydenin səsləndirdiyi başlıqlarda hədsiz ehtiyatlılıq duyulurdu və bu, ilk növbədə sol elektoratı itirməməklə bağlıdır, çünki orada müharibənin tezliklə bitməsinə və diplomatik həll yollarının tapılmasına çağırış edənlər var.

Bu, ABŞ-dəki liderlik və siyasi sistem böhranıdır. Deməli, bu böhran dünyada da özünü bürüzə verəcək.

İndi deyə bilərsiniz ki, ABŞ dərin dövləti növbəti Trampa və ya Baydenə tab gətirə biləcək. Amma dərin dövlətin özündə aşınma var və artan qarşıdurma və ya münaqişə xətalara yol aça bilər. Bu, Ukraynaya göstərilən dəstəkdə və ABŞ-nin çağırış və təhdidlərə operativ cavabında özünü göstərəcək. Belə vəziyyət avropalıları da narahat edəcək. Çünki onlar Rusiya tərəfdən gələ biləcək işğal və ya hibrid müdaxilə təhlükəsi ilə üzləşə bilərlər. Bu cür şeylər qorxunu yalnız artırır.

Dünyanın xaosa qərq olması sürət almağa başlayır və Amerikada keçiriləcək seçkilər dünyanın bundan sonrakı taleyinin necə olacağına dair suala cavab vermir. Liderlik böhranı bütövlüklə dünya nizamına sirayət edir və ABŞ-dəki bu debatlar Qərb siyasi sistemindəki xəstəliyin simptomudur. Əgər azad dünyanın flaqmanı sayılan ABŞ-dəki siyasi güvvələr liderlik qabiliyyəti olan daha gənc və samballı namizədlər tapa bilmirlərsə, gedib herentokratiya (qocaların hakimiyyəti) ətrafında birləşirlərsə, deməli, onların sistemində işlər yolunda getmir.

- Artıq debatların nəticələri fonunda Demokratlar Partiyasına yaxın olan nəşrlər Baydenin namizədliyinin dəyişdirilməsindən yazırlar. İndiki mərhələdə bu nə dərəcədə ehtimal olunandır və əvəzedici namizədlər hesab edilən Mişel Obama və Qevin Nyusomun şanslarını necə dəyərləndirirsiniz?

- Bütün ideolji məzmun Bayden üzərində qurulub. Demokratlar Partiyası uzun müddət namizədin dəyişdirilməsi fikrini rədd edib. Demokratlar Partiyasını maliyyəşdirən qrupların əksəriyyəti Baydenin namizədliyinin davam etdirlməsi ilə bağlı konsensusa gəliblər.

Sözsüz ki, indi bu konsensus pozulacaq və onlar yəqin ki, buna yenidən baxmağa çalışacaqlar, amma ümumən kampaniya Bayden üzərində qurulub. Əgər Demokratlar Partiyası namizəd dəyişikliyinə gedərsə, seçicilərin bəyəndiyi və qəbul etdiyi adama üstünlük verməli olacaqlar. Bu isə o deməkdir ki, indiki prosesdə iştirak edənlərin bir hissəsi prosesdən aralanacaqlar. Kaliforniya qubernatoru Nyusomu heç də bütün demokratlar bəyənmirlər, həmçinin, heç də qaradərili Mişel Obama hamının xoşuna gəlmir. Onların namizədlikləri ətrafında yekdil fikrə gəlinməyib.

Demokratlar Partiyasını öz ətrafında birləşdirə bilən Barak Obamadan fərqli olaraq Mişel Obama özünü böyük siyasətdə göstərə bilmədi və öz ətrafında güclü siyasi mərkəzlər qurmadı. Ona görə də namizədin dəyişdirilməsi məsələsi demokratları parçalayıb mövqelərini daha da zəiflədə bilər. Syasi texnologiya nöqteyi-nəzərindən favoriti dəyişməkdənsə, təngənəfəs olmuş atın finişə çatdırılması daha yaxşıdır.

Digər tərəfdən, mütərəqqi qüvvələr kreativ yanaşmanın nəticə verə biləcəyini düşünürlər və hesab edilir ki, əsas məsələ prezidentin kimliyi yox, onun kabinetidir.

Prezidentliyə namizədin dəyişdirilməsi məsələsini həll etmək üçün Demokratlar Partiyasının iki həftə vaxtı var, lakin demokratların bunu etmək üçün kifayət qədər iradəsi yoxdur və yəqin ki, onlar Baydeni sona qədər sürükləyəcəklər.

- Trampa qarşı gedən məhkəmələr onun şanslarına təsir edəcəkmi?

- Mənə elə gəlir ki, bu yalnız onun xeyrinə işləyir, çünki onun seçici tərəfdarları rasional deyil və onlar ittihamların ədalətliliyinə inanmırlar. Onlar hesab edirlər ki, bu, saxtakarlıqdır və məhkəmə ittihamları siyasi xarakter daşıyır.

- Sizcə vəziyyət bundan sonra necə inkişaf edəcək? Axı, irəlidə hələ iki debat var.

- Kamala Harris və digər demokratlar deyirlər ki, bu debat yalnız başlanğıcdır, lakin bu, özünə təsəlli verməkdir. Çünki ikinci raund heç nə verməyə bilər. Bu Bayden kampaniyası üçün ölümcül ola bilər.

- Bu debatlara ABŞ-nin NATO müttəfiqlərindən və həmçinin, Rusiya və Çindən hər hansı reaksiya ola bilərmi?

- Rusiya vəziyyətdən sui-istifadə edib atəşin üstünə yağ tökməyə çalışacaq. Rusiya həmişə eyni səhvləri təkrarlayır. Trampdan gözləntilər Putinin ümid etdiyi kimi olmaya bilər. Trampın nə edəcəyini proqnozlaşdırmaq çətindir.

Çin isə gözləmə mövqeyində dayanacaq, çünki onlar üçün Tramp heç də yaxşı namizəd sayılmır. Belə ki, Trampın prezidentliyi zamanı ABŞ və Çin arasındakı qarşıdurma yalnız güclənəcək. ABŞ seçkilərində xarici oyunçuların təsir vasitələri böyük deyil. Şərti olraq Roma Papasının, Putinin və ya Si Cinpinin fikirləri Amerikanın Texas ştatındakı seçicilər üçün qətiyyən maraqlı deyil./azpolitika.info