Beynəlxalq müstəvidə hadisələrin son gedişatı göstərir ki, Ukraynanın NATO üzvlüyü perspektivi getdikcə daha böyük müşkülə çevrilir. Bir tərəfdən Rusiya təcavüzünün davam etməsi və Moskvanın sülh şərtləri sırasında Ukraynanın NATO üzvlüyünə qadağa qoyulmasını xüsusi qabartması, digər yandan isə NATO-nun əksər aparıcı üzvlərinin Ukraynanı öz sıralarında görmək həvəsində olmaması onu deməyə əsas verir ki, yaxın və orta perspektivdə Kiyevin alyansa üzvlüyü gözlənilən deyil. Buna baxmayaraq, rəsmi Kiyevin NATO yolunda “şirnikləndirilməsi” prosesi də davam etdirilir...
Bu ilin iyulunda Vaşinqtonda keçiriləcək sammitdə NATO-nun Ukraynaya rəsmi dəvət və ya üzvlük üçün konkret yol xəritəsi təklif etmək planı yoxdur.
Bunu “The Hill”nəşri Ukraynanın NATO perspektivlərilə bağlı yazısında qeyd edib.
Nəşr yazır ki, Ukrayna Rusiya ilə müharibədə olduğu müddətdə üzvlük məsələsi qaldırılmayacaq, çünki əks halda NATO da Rusiya ilə müharibə vəziyyətinə düşəcək. Bununla yanaşı, qeyd olunur ki, Ukraynanın müharibə bitən kimi alyansa qoşula biləcəyi də şübhəlidir. Çünki NATO-nun kollektiv müdafiə zəmanətinin Rusiyanı Ukraynaya qarşı yeni hücumdan çəkindirəcəyinə inam, təminat yoxdur: "Ukraynanın üzvlüyü ilə bağlı şübhələr təəccüblü görünməməlidir. NATO-nun “çirkli sirri” odur ki, Soyuq Müharibə bitəndən bəri təşkilat Rusiya təcavüzündən qorunmağa ehtiyacı olan ölkələri öz sıralarına qəbul etmir. İlk iki genişlənmə dalğası 1999 və 2004-cü illərdə, bütün keçmiş Varşava Paktı üzvlərinin, Baltikyanı dövlətlərin və Sloveniyanın qəbul edildiyi bir vaxtda baş verdi. Hansı ki, həmin vaxt NATO və Rusiyanın əməkdaşlıq əlaqələri qurmağa fokuslandığı bir vaxt idi”.
Qəzet yazır ki, indi isə tamamilə başqa dövrdür və Rusiya ilə NATO-nun münasibətləri açıq düşmənçilik həddindədir.
Nəşr yazır ki, Ukraynanı NATO üzvlüyü perspektivi ilə aldatmaqdansa, təşkilata sonuncu qəbul edilən Finlandiya və İsveç nümunəsindən istifadə etmək lazımdır: "Bu iki Skandinaviya dövləti güclü orduya və NATO ilə uzun əməkdaşlıq tarixinə malikdir. Digər yeni üzvlərdən fərqli olaraq, onlar NATO-ya daxil olduqdan sonra faktiki olaraq təşkilatı gücləndiriblər. NATO onları qorumaq əvəzinə, çox güman ki, digər müttəfiqlərin müdafiəsində kömək üçün onlara müraciət edəcək”.
“The Hill” yazır ki, Ukrayna hazırkı şəraitə uyğunlaşdırıla bilən İsveçin Soyuq Müharibə modelindən istifadə edə bilər: “Soyuq Müharibə zamanı İsveç rəsmi olaraq neytral ölkə idi, onun güclü müdafiə sənayesi sektoru və bacarıqlı silahlı qüvvələri var idi. Lakin o, həmin zaman ABŞ və digər NATO müttəfiqləri ilə təhlükəsizlik və kəşfiyyat sahəsində də sıx əməkdaşlıq edirdi. Bu əməkdaşlıq məxfi saxlanılırdı. Lakin SSRİ bu barədə şübhəsiz ki, bilirdi və bu reallıq həmin ölkəyə hərbi təcavüzə qarşı güclü bir maneə rolunu oynadı. Ukraynanı “yenilənmiş İsveç”ə çevirmək üçün NATO Ukraynanın müdafiə sənayesi sektorunun yenidən qurulmasına və silahlı qüvvələrinin təliminə dəstəyi artırmalı, həmçinin təhlükəsizlik və kəşfiyyat sahəsində onunla sıx əməkdaşlıq etməlidir. Eyni zamanda, ən azı növbəti onillikdə sabit dəstək axınına zəmanət vermək lazımdır”.
Bundan əlavə, yazıda qeyd olunur ki, Ukraynaya yardım onun öz iqtisadiyyatında və siyasi sistemində Avropa standartlarına uyğun islahatların aparılması ilə müşayiət edilməlidir. Çünki “The Hill”-in də qeyd etdiyi kimi, İsveç modeli ona görə işləyib ki, orada səmərəli bazar iqtisadiyyatına malik güclü demokratiya var idi və indi də var.
Qəzet yazır ki, İsveç modelindən istifadə etməklə, Ukrayna üçün NATO-dan kənarda qalmaq şərtilə belə, Rusiyaya qarşı etibarlı müdafiə sistemi yaradıla bilər: “Ancaq NATO üzvlüyü ilə bağlı illüziyalar saxlandıqca və Ukraynanı aldadaraq buna (NATO üzvlüyünə-red.) nail olmağa sövq etdikcə bu, baş verməyəcək. Bu fantaziyadan əl çəkməyin və Ukraynanın təhlükəsizliyi üçün nəyin mümkün və yetərli olduğuna diqqət yetirməyin vaxtıdır”.
Bu yazıda da qeyd edildiyi kimi, Ukraynanı tezliklə NATO üzvlüyü perspektivlərilə aldadıb, sonradan xəyal qırıqlığına uğratmaq, eləcə də onu üzücü müharibədə tükəndirmək Qərbin məlum dairələrinin riyakarlığının açıq təzahürüdür./azpolitika.info