Supergücləri üz-üzə gətirən “fentanil epidemiyası” – ABŞ VƏ ÇİN NARKOKARTELLƏR QARŞISINDA HƏQİQƏTƏN ACİZDİR?.. / II HİSSƏ

Yazının birinci hissəsi ilə bu linkdə tanış ola bilərsiniz: Supergücləri üz-üzə gətirən “fentanil epidemiyası” – ABŞ VƏ ÇİN NARKOKARTELLƏR QARŞISINDA HƏQİQƏTƏN ACİZDİR?..

Çin fentanili xüsusilə aktual mövzu hesab etmir. Pekin ümumiyyətlə fentanil problemi olduğunu inkar edir və ABŞ tərəfindən haqsız yerə günahlandırıldığını iddia edir. Təsadüfi deyil ki, Çin 2022-ci ildə Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin Tayvana səfərinə cavab olaraq, fentanillə bağlı ABŞ-la danışıqları kəsdi.

Lakin ABŞ rəsmiləri indi bir az daha pozitivdirlər. Noyabr ayında Çin lideri Si Tsinpin San-Fransiskoda Baydenlə görüşdə hökumətinin fentanillə bağlı danışıqları davam etdirəcəyinə razılaşdı: hər iki tərəf yanvar ayında problemi müzakirə etmək üçün bir araya gəldi. Çin rəsmiləri kimya firmalarına prekursorların ticarətinə qarşı sərt tədbirlər görəcəkləri barədə “müjdə” etdilər.

“The Economist” Ağ Evin daxili təhlükəsizlik üzrə müşaviri Liz Şervud-Randalldan sitat gətirilərək bildirdi ki, liderlərin görüşündən bəri Çin "hüquq-mühafizə orqanlarının əməkdaşlığını artırmaq və xüsusi kimya şirkətlərinin fəaliyyətini məhdudlaşdırmaq üçün konkret addımlar atıb". Dövlət katibi Blinken də deyir ki, bu, “amerikalıların həyatında real dəyişiklik etmək potensialına malikdir”.

Kimyəvi natarazlıq

Çində fentanil, met, ekstazi və digər narkotiklər hazırlamaq üçün istifadə edilə bilən çoxsaylı kimyəvi maddələrin satıcılarını tapmaq hələ də asandır. İnternetdə narkotik istehsalı ilə bağlı elanları "The Economist" aşkarlayıb. Məsələn, “Facebook”da prekursor istehsalı üzrə bir çox kompaniyaların olduğu Şimali Hebey əyalətində bir kimya firmasını təmsil edən "Libby" yanvar ayında fentanilin istehsalnda geniş istifadə olunan "N-tert-Butoxycarbonyl-4-piperidone" kimi kimyəvi maddələr təklif edən bir mesaj yerləşdirib. Ödəniş kriptovalyuta ilə tələb olunur - kiloqramı 200 dollar. Bildirilir ki, məhsul müştərinin qapısına çatdırılacaq və bütün gömrük prosedurları satıcı tərəfindən həyata keçiriləcək (yəni bunu ölkənizdəki səlahiyyətli orqanlara bildirməyin).

Göründüyü kimi, Çin üçün prekursor ticarətini cilovlamaq çətindir. Çünki ölkədə geniş kimya sənayesi var. Prekursorlar istehsal edən şirkətlər çox vaxt yerli məmurların himayəsindən istifadə edirlər: onlar iş yerləri və vergi gəlirləri yaradır və rüşvət verməkdən məmnundurlar. Firmalar qıvraq və elastikdirlər.  Hökumət prekursorları daha çox qadağan edərsə, bu işi eyni şəkildə görə bilən, lakin hələ qadağanın onlara çatmadığı digər kimyəvi maddələr istehsal edəcəklər. Amerikalılar isə istəyirlər ki, Çin "müştərini tanı" rejimini qəbul etsin, bu da satıcıların mallarının cinayətkar qruplar tərəfindən istifadə olunmamasını təmin etsin. Başqa sözlə, fentanil prekursorları kimə gəldi yox, rəsmi tərəfdaşa satılsın. Bu halda narkotik dövriyyəsinə nəzarət də oluna biləcək.

Pekin isə israr edir ki, kimyəvi maddələrin qanuni şəkildə istifadə olunmasına nəzarəti idxalçı, yəni malı alan tərəf etməlidir. Çin tez-tez fentanil məsələsində ABŞ-ı suçlayır. Oktyabr ayında Çinin Meksikadakı səfirliyi açıqlamışdı ki, Çin fentanil tipli maddələrin qeyri-qanuni istehsalının, ticarətinin və sui-istifadəsinin qarşısının alınmasında mühüm rol oynayır. O, ABŞ-ı Çinin fentanil böhranındakı rolu ilə bağlı "əsassız neqativ ifadələr" verməkdə və "beynəlxalq qanunun aliliyi ruhunu tapdalamaqda" ittiham etmişdi.

Fentanil məsələsində Çin-ABŞ əməkdaşlığı fasiləsiz davam etsə belə, tədarük zəncirləri həmişə öz işindədir. Amma məsələnin başqa maraqlı tərəfi var - bu yaxınlarda Hindistanın fentanil hazırlamaq üçün istifadə edilən bəzi kimyəvi maddələrin alternativ mənbəyi olması ortaya çıxdı. Bu məsələni tənzimləyənlərin Çin kimi eyni siyasi problemləri yoxdur, lakin onlar da yetərli qədər səmərəli olmaya bilərlər. Bundan başqa, bəzi prekursorlar indi Amerikanın özündən keçərək Çindən Meksikaya axır, çünki bu marşruta daha az nəzarət var.

Ağrı dünyası

2023-cü ilin iyul ayında ABŞ bu tendensiyaları nəzərə alaraq sintetik narkotiklərlə mübarizə üçün “qlobal koalisiya” yaratdı. İlk virtual görüşdə 80-dən çox ölkədən yüksək vəzifəli şəxslər iştirak etdi. Çin iştirakçılar arasında olmayıb. Lakin Vaqşinton ümid edir ki, bunun təkcə onun problemi olmadığını, bəlkə də gec-tez Çini də narahat edəcək qlobal səviyyəli problem olduğunu başa düşməyə başlayanda onun baxışı dəyişəcək. “Əgər bir ölkə yalnız tranzit ölkə olduğunu və buna görə də fentanil bəlasından sığortalanmış olduğunu düşünürsə, dəhşətli və faciəvi şəkildə yanılır. Biz tranzit ölkələrin təyinat ölkələrinə çevrildiyini gördük. Meksika bizim qədər kəskin əziyyət çəkmir, lakin şübhəsiz ki, fentanildə artım müşahidə olunur", deyə Mayorkas bildirir.

Fentanilin və onun kimi sintetik narkotiklərin necə yayılması istifadəçilərin onların hansı növünü seçməsindən yox, narkotik tacirlərinin haqq-hesablarından asılıdır. Çox vaxt istifadəçilər belə, hansı narkotikləri qəbul etdiklərini bilmirlər. Satıcılar ticarət həcmini və narkotikin effektivlik təsirini artırmaq üçün fentanili heroin, met və ya kokain ilə qarışdıra bilərlər. Amma bu işdə ehtiyatsızlıq və naşılıq “qaynar nöqtələr”lə – istifadəçinin aşkar edə bilməyəcəyi ölümcül fentanil konsentrasiyası ilə nəticələnə bilər. ABŞ-ın analitik mərkəzi olan “Brookings İnstitutu”nun əməkdaşı Vanda Felbab-Braun qeyd edir ki, kokainin 1990-cı illərdə də Avropaya çatana qədər Amerikanı süpürməsindən on ildən çox vaxt keçib. O deyir ki, bu, istehlakçı zövqlərinin dəyişməsinin deyil, Meksika kartellərinin yeni bazar tapmaq qərarının nəticəsidir. Xanım Felbab-Braun iddia edir ki, onlar sintetik opioidlərlə də eyni şeyi edəcəklər.

Avropa hazırda xüsusilə cazibədar hədəf kimi görünə bilər, çünki Əfqanıstanda Taliban rejiminin tiryək xaşxaşı becərilməsinə etdiyi təzyiqlər Avropaya heroinin tədarükünü azaldıb və beləliklə də narkomanları alternativ həll yolu axtarmağa məcbur edib. Ümumi mənada, narkotik tacirlərinin fentanil kimi sintetik narkotikləri heroin və kokain kimi bitkilərdən əldə edilənlərə nisbətən yayması üçün stimulu var. Çünki fentanil hər yerdə hazırlana bilər və bu, hansısa ölkədə yağışdan, yaxud siyasi iqlimdən asılı deyil.

2023-cü ilin ilk yarısında 4000-ə yaxın opioid ölümünün olduğu Kanadada da fentanil istifadəsi artıq yayılmaqdadır ki, bu da bir ilin eyni dövrü ilə müqayisədə 5% çoxdur. Meksikanın şimalında QHT-lərin iştirakı ilə son meyit yarılmaları göstərib ki, morqa gətirilən cəsədlərin ən azı üçdə birində fentanil izləri var. İngiltərədə nitazen adlı sintetik opioidin törətdiyi ölümlərin tüğyan etməsi müşahidə edildi.

Amerika təcrübəsi bu ölkələr üçün xəbərdarlıq olmalıdır. 2022-ci ildə Bayden xalqa çıxışında "birlik gündəliyi" adlandırdığı şeyi ortaya qoydu və ilk məqsədinin "opioid epidemiyasını məğlub etmək" olduğunu söylədi. “Milli Narkotiklərə Nəzarət Siyasəti İdarəsi”nin (maraqlıdır niyə narkotiklərin aradan qaldırılması, yaxud son qoyulması yox, Narkotiklərə Nəzarət Siyasəti İdarəsi) məlumatına görə, narkotiklərə nəzarət üzrə federal xərclər 2008-ci ildən bəri iki dəfədən çox artıb. Bayden administrasiyası həmçinin “metadon” və “buprenorfin” kimi opioid asılılığının sübut olunmuş müalicə üsullarına qoşulmağı asanlaşdırıb. Metadon, abstinensiya simptomlarını və daha güclü narkotiklərə olan istəyi azaldan daha yumşaq bir opioiddir, əvvəllər yalnız klinikada nəzarət altında qəbul edilə bilərdi. Lakin 2023-cü il qüvvəyə minən yeni qayda xəstələrə onu evdə qəbul etməyə imkan verəcək və alıcının ən azı bir il ərzində opioidlərə aludə olduğunu sübut etməli olması tələbini ləğv edəcək.

Bayden administrasiyası həddindən artıq dozadan zəhərlənmə halında padzəhər olan naloksonun əldə edilməsini asanlaşdırmaq üçün də çalışıb. İndi nalokson apteklərdə reseptsiz satıla bilir.

Bayden administrasiyasının “narkotik çarı” Rahul Qupta deyir ki, son məqsəd naloksonu ictimai yerlərdə olan yanğınsöndürən balonlar kimi bir aksessuar etməkdir. Lakin müalicə və profilaktika proqramları təkcə federal hökumətdən deyil, həm də ştatlardan və yerli hakimiyyət orqanlarından asılıdır. Məsələn, Vayominq əyalətində metadon təklif edən opioid müalicə proqramları yoxdur. Ştatlar 1990-cı və 2000-ci illərdə reseptli opioid həblərinin geniş istifadəsini təbliğ edən və bununla bir çox amerikalıları narkotiklərə cəlb edən əczaçılıq şirkətləri və distribyutorlardan kompensasiya kimi milyonlarla dollar almağa başlayır. Bu səbəbdən, 50 milyard dollardan çox vəsait ayrılacaq ki, bu da müalicənin tüğyanına səbəb ola bilər. “Capstone Partners” konsaltinq şirkətinin proqnozlarına görə, bu cür xidmətlər bazarı 2030-cu ilə qədər hər il təxminən 9% artacaq.

Məktəblərdə narkomaniyaya qarşı maarifləndirmə kimi profilaktika səylərinin maliyyələşdirilməsi də 2008-ci ildən bəri təxminən iki dəfə artmışdır, baxmayaraq ki, bu, hələ də ümumi anti-narkotik xərclərin yalnız kiçik bir hissəsini təşkil edir. Tədqiqatçılar belə nəticəyə gəliblər ki, 1980-1990-cı illərdə narkotiklərdən istifadəyə müqavimət üçün maarifləndirmə proqramı yaxud polis məmurlarının siniflərə girərək uşaqlara narkotiklərə "sadəcə yox demələrini" gərəkdiyini söyləməsi narkotik istifadəsini azaltmadı. Ancaq fentanil ilə hər şey fərqli ola bilər. Bunun əvvəllər istifadə edilən hər şeydən nə qədər təhlükəli olduğunu gənclərə öyrətmək çox vacibdir. Opioidin digər dərmanlarda olub-olmadığını müəyyən edə bilən fentanil test çubuiqlarının istifadəsini təşviq etmək də həyatları xilas edərdi.

Bütün bunlar nə qədər məntiqli olsa da, dünyanın hələ getməli olduğu çox yol var. Misal üçün, ABŞ-da ən azı 6 milyon opioid aludəçisi var. Hər on amerikalıdan dördü həddindən artıq dozadan ölən birini tanıyır. Epidemiyanın nisbi sakitliyini görmək xoşdur, lakin fentanil Amerikanın indiyə qədər üzləşdiyi ən ölümcül bəlalardan biri olaraq qalır.

Asya ŞÜKÜROVA

Stopnarkotik.az