"Dedi ki, ürəyim arvadını istəyir, onsuz qala bilmirəm" - Xəzərdəki qanlı hadisənin TƏFƏRRÜATI

Bakının Xəzər rayonunda 1987-ci il təvəllüdlü Ceyhun arvadı ilə münasibətdə olan qonşusu Toğrula (adlar şərti verilib - red.) xəsarət yetirib.

Stopnarkotik.az teleqraf.com-a istinadla xəbər verir ki, hadisə 25 iyul 2024-cü ildə Xəzər rayonunda, Qala yolunun kənarında baş verib.

Ceyhun qonşusu Toğrulun onun arvadı Fəridə ilə münasibətdə olmasından şübhələndiyi üçün mübahisə edib. Avtomobilində saxladığı bıçaqla Toğrulun döş qəfəsinə zərbə vurub.

İstintaq orqanı tərəfindən Ceyhunun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ceyhun ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Fəridə ilə 2008-ci ildə ailə qurub, iki uşaqları var: "İcarəyə götürdüyüm "Kia Rio" markalı avtomobillə Qala qəsəbəsində taksi fəaliyyəti ilə məşğul oluram. Arvadım isə Yeni Qala qəsəbəsində yaşadığımız evin həyətyanı sahəsində qadın salonu açıb, orada saç ustası işləyir".

Təqsirləndirilən şəxs bildirib ki, son 3 il ərzində arvadı Fəridə ilə münasibətləri soyuduğundan boşanmaq istəyib: "Amma iki azyaşlı övladım olduğu üçün ayrılmaq istəmədim. Toğrul Qala qəsəbəsində bizimlə qonşuluqda yaşayır. Əvvəllər aramızda heç bir düşmənçilik və ya ədavət olmayıb. 2024-cü ilin təxminən iyun ayında evə gedərkən Toğrulun arvadımın dalınca düşdüyünü gördüm. İyunun 29-da arvadımın əmisi nəvəsinin toyunda Toğrul da iştirak edirdi. Onun dəfələrlə arvadıma baxdığını, gözünü çəkmədiyini gördüm. Arvadımla Toğrulun münasibəti olmasından şübhələndim".

Ceyhun qeyd edib ki, iyunun 30-da Eldar adlı qonşusundan Toğrulun mobil nömrəsini öyrənib: "Nömrəni arvadımın mobil telefonunda yoxladım. Gördüm, Toğrulun nömrəsi arvadımın telefonunda qadın adı ilə qeyd olunub. Buna görə arvadımla aramızda mübahisə düşdü. Arvadım mənə qonşumuz Toğrulla telefonda danışdığını, aralarında heç bir şey olmadığını bildirdi. Toğrula zəng vurdum. "Utanmırsan, mənim arvadımla danışırsan, qonşuyuq, mən sənin qardaşını tayıram. Arvadımın qardaşı və əmisi oğlu ilə dostsan, bu nə hərəkətdir, edirsən?" dedim. Toğrul da cavab olaraq ürəyi arvadımı istədiyini bildirdi, onsuz qala bilmədiyini dedi. İyulun 25-də saat 17 radələrində Qala yolunda maşınımla durduğum vaxt Toğrulu köşkün yaxınlığında gördüm. Mən olan tərəfə fasiləsiz baxması mənə pis təsir etdiyi üçün avtomobillə ona yaxınlaşdım. Maşına oturmasını təklif etdim, əyləşmədi. Qatlanan bıçağı götürüb yerə düşdüm. Qolundan tutaraq avtomobilə əyləşdirmək istəyəndə yumruqla məni vurmaq istədi. Əlimdəki qatlanan bıçağı açdım, Toğrulun bədənindən bir dəfə vurdum. Həyəcanlı olduğumdan bıçağın hara dəydiyini bilmədim. Oradakılar bizi araladı.

Yaşadığım evə getdim. Qayınanam və arvadıma Toğrulu bıçaqla vurduğumu dedim. Polis əməkdaşları zəng etdi, məni hadisənin baş verdiyi yerə dəvət elədilər. Hadisə yerində Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsinin əməkdaşlarına olanları danışdım, məni polis idarəsinə apardılar".

İş üzrə zərərçəkmiş Toğrulun sözlərinə görə, Fəridəni hadisədən təxminən 2-3 ay əvvəl tanıyıb. O qeyd edib ki, Fəridə ilə bir neçə dəfə mesajlaşdıqdan sonra adını sonradan bildiyi Ceyhun onun mobil nömrəsinə zəng vurub:

"Fəridə ilə olan münasibətimə görə irad bildirdi. "Biz qonşuyuq, mən sənin qardaşını tayıram, bu nə hərəkətdir edirsən?" deyə soruşdu. Məhz həmin vaxt Ceyhunun Fəridənin əri olduğunu bildim. Telefonla söhbət zamanı bilmədən etdiyimi dedim, bir daha arvadına yazmayacağıma söz verdim, üzr istədim. Ceyhun birinci dəfə zəng edəndə məni təhdid etdi, bildirdi ki, Fəridə mənə xəyanət edibsə, sənə də edəcək. Ceyhun arvadının əvvəllər də ona xəyanət etdiyini bildirdi".

Toğrul qeyd edib ki, Ceyhun onunla iyrənc söhbətlər aparıb, Fəridədən boşanması müqabilində 30 min manat pul istəyib: "Daha sonra boşanmayacağını dedi, onunla əlaqəni kəsməyimi tələb etdi. Fəridə ilə aramızda olan münasibətin üstü iyun ayının 28-29-da açıldı. Hadisə isə 25-26 gün sonra, iyulun 25-də baş verdi. Bu müddətdə mən işə gedib-gəlmişəm. Hətta Ceyhunla rastlaşdığım vaxtlar da olub".

Toğrulun ifadəsinə görə, 25 iyul 2024-cü ildə, saat 17 radələrində sinif yoldaşı ilə birlikdə yaşadıqları məhəllədən çıxıb və siqaret almaq üçün "Qala yolu" adlanan yolun kənarında olan köşkə gedib: "Sinif yoldaşım siqaret almaq üçün köşkə yaxınlaşdı. Mən də bir az aralıda onu gözləməyə başladım. Ceyhunun maşından düşərək iti yerişlə mənə tərəf gəldiyini gördüm. Çatan kimi əli ilə sinəmə vurdu. Sinif yoldaşım dərhal yaxınlaşaraq Ceyhunu arxadan qucaqladı və məndən araladı.

Ceyhun aralanarkən əlində bıçaq olduğunu, sinəmə baxdıqda isə qan gəldiyini gördüm. O, maşına minərək getdi. Vəziyyətim ağırlaşdığı üçün sinif yoldaşım yolun kənarında dayanan Dövlət Yol Polisi əməkdaşlarına məni təcili tibbi yardıma aparmasında köməklik etməkləri üçün yaxınlaşdı. Məni yol polisinin avtomobilinə oturtdular və Mərdəkan qəsəbəsində yerləşən 26 saylı xəstəxanaya apardılar. Oradan isə təcili tibbi yardımla 3 saylı Sabunçu Xəstəxanasına çatdırıldım".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ceyhunun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.