PAŞİNYANIN “KTMT ŞANTAJI”... - Onun Kremlə qarşı növbəti demarşının arxasında nə durur?

Ermənistan Baş naziri Nikol Paşinyan Moskvaya münasibətdə ritorikasını getdikcə daha da sərtləşdirir. Bu ritorikanın konkret addımlara keçdiyini görməsək də, belə addımların atılacağına dair müəyyən siqnallar verilir...

Paşinyan parlamentin dünənki iclasında deputatların hökumətin KTMT ilə bağlı gələcək planlarına dair suallarına cavab verib

O, deyib ki, Ermənistan faktiki olaraq KTMT-dəki fəaliyyətini dondurub və “KTMT-nin Ermənistan Respublikasında məsuliyyət sahəsi nədir?” sualına cavab almasa, onu de-yure də donduracaq: “Biz KTMT-yə sual vermişik və bu günə qədər cavab almamışıq. Bu suala cavabın olmaması, fikrimizcə, Ermənistan Respublikasının milli təhlükəsizliyinə və ərazi bütövlüyünə təhdidlər yaradır. Sual çox sadədir: KTMT-nin Ermənistan Respublikasında məsuliyyət sahəsi nədir? Bu sual 2021-ci ilin may və noyabr, eləcə də 2022-ci ilin sentyabr hadisələrindən sonra yaranıb. KTMT buraya missiya göndərdi, o, öz hərəkətlərinin və araşdırmalarının nəticələrinə əsasən vəziyyəti dəyərləndirməli idi. Lakin KTMT üzrə tərəfdaşlarımız mövcud vəziyyətə hər hansı bir qiymət verməkdən imtina etdilər və bu, hazırkı vəziyyətə səbəb oldu”.

Onun sözlərinə görə, artıq bir ildir ki, Ermənistanın KTMT-də daimi nümayəndəsi yoxdur və o, uzun müddətdir təşkilatın tədbirlərində iştirak etmir. Həm yüksək, həm də ən yüksək səviyyədə.

KTMT-də qərarların qəbuluna gəldikdə isə konsensus prinsipi tətbiq edilir. Paşinyan əmin edib ki, Ermənistan heç nəyə mane olmur. Eyni zamanda orada gedən proseslərdə də iştirak etmir.

Onun sözlərinə görə, rəsmi İrəvan əslində, KTMT-nin Ermənistan Respublikasında hansı məsuliyyət sahəsinin olduğunu bilir: “Bizim təklif etdiyimiz tək şey budur ki, bu qanuni cavaba imza atın və bunu etiraf edin. Bu, konsensusla edilməlidir”.

Göründüyü kimi, Paşinyan özündən olsa, KTMT üzvlərini bir növ şantaj edir. Məqsəd heç də reallıqda birmənalı olaraq qurumu tərk etmək deyil. Əsl məqsəd Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi məsələsi həll edilmədən KTMT üzvlərini Ermənistanın özünün hesab etdiyi sərhədləri tanıması və bu sərhədlər çərçivəsində Ermənitanın müdafiəsinə görə məsuliyyəti öz üzərinə götürməsidir.

Bunu isə bütün KTMT üzvlərinin qəbul edəcəyi ağlabatan görünmür. Nəticədə bundan istifadə edən Paşinyan bir tərəfdən “KTMT-dən çıxıram” deyərək, Qərbin gözündə “qərbpərəstlik” görüntüsü yaradır, digər yandan isə Moskvanın qarşısında ultimatumlar qoyaraq, ondan nələrisə qoparmağa çalışır. Paşinyanın bu ikili oyunu nə qədər oynaya biləcəyi və bunun nə ilə nəticələnəcəyini zaman göstərəcək…/azpolitika.info