Bazar günü Tbilisidə müxalifətin “Xarici agentlər haqqında” qanuna qarşı növbəti etiraz yürüşü keçirilib.
Etirazçılar Respublika meydanından şəhərin mərkəzindəki Gürcüstan parlamentinə doğru yürüş ediblər.
Yürüş iştirakçıları ölkənin adını və “Rusiya qanunlarına yox” şüarlarını səsləndiriblər. Parlament binasının üzərinə “Rusiya işğalçıdır” yazısı və Gürcüstan bayrağı proyeksiya edilib.
Müxalifət bəyan edir ki, “Xarici agentlər haqqında” qanun Moskvanın göstərişi ilə hakim partiya tərəfindən qəbul edilir. Qanun layihəsinin müəllifləri isə müxalifətin iddialarını təkzib edirlər.
Hakim “Gürcü arzusu” qanun layihəsinin tərəfdarlarını bu gün - aprelin 29-da küçələrə çıxaracağını bəyan edib. Bazar günü keçirilən mitinq zamanı nümayişçilər qanun layihəsinin tərəfdarlarının çıxışı üçün qurulmuş səhnəyə keçməyə cəhd ediblər. Bu zaman bir neçə nəfər saxlanılıb. Onların arasında Gürcüstanın Avropaya inteqrasiya üzrə keçmiş naziri Aleksi Petriaşvili də var. Daxili İşlər Nazirliyi onu xırda xuliqanlıqda və polisə tabe olmamaqda ittiham edib.
Bu gün parlamentdə qanun layihəsinin ikinci oxunuşda müzakirəsi başlayacaq. 2023-cü ildə muxalifətin və vətəndaş cəmiyyətinin etirazlarından sonra analoji sənəd onun müəllifləri tərəfindən parlamentdən geri götürülüb.
Qeyd edək ki, ABŞ və Avropa İttifaqı sözügedən qanun layihəsini kəskin tənqid edir və Tbilisini onu geri götürməyə çağırırlar. ABŞ Senatının bir qrup üzvü əks halda Gürcüstanın rəhbər şəxslərinə qarşı sanksiyalar tətbiq ediləcəyini, Brüssel isə ölkənin Avrointeqrasiya kursunun ciddi şəkildə zədələnəcəyini bəyan edib.
Hakim partiyanın Qərbin təzyiqləri qarşısında geri çəkilməməməsi, əksinə, tərəfdarlarını küçələrə çağırması Gürcüstanda payızda keçiriləcək parlament seçkiləri ərəfsində ciddi siyasi böhranın baş verəcəyini göstərir./azpolitika.info