Həmkəndlisini qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Stopnarkotik.az-a Şəmkir Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, cari il yanvarın 18-də Şəmkir rayonunun Dəllər-Cəyir kəndi ərazisində 1973-cü il təvəllüdlü Elsevər Əkbərliyə xəsarətlər yetirilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla 2007-ci il təvəllüdlü Umud Cəfərovun qeyd edilən kənd ərazisində təşkil olunmuş kiçik toy məclisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Elsevər Əkbərliyə sonuncunun qardaşının gözü qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Umud Cəfərova Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd və silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq etmə maddələri ilə ittiham elan edilib, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.