Bakıda 52 yaşlı kişi narkotik almaq üçün oğurluq edib.
Stopnarkotik.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.
Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Ağazər Abbasov (ad və soyad şərtidir) bir neçə dəfə oğurluq və quldurluq cinayətlərinə görə azadlıqdan məhrum edilib. O, bir ay öncə cəzası başa çatdığı üçün azadlığa buraxılıb.
Azadlığa çıxdığı vaxtdan bir neçə gün sonra o, narkotik almaq üçün pul axtarsa da, tapa bilməyib. Heç yerdə işləməyən A.Abbasov oğurluq etmək qərarına gəlib. O, qonşuluqdakı evlərdən birində təmir getdiyini bilib, həmin evdə yaşayış olmadığını müəyyən edərək oğurluq əməlini reallaşdırıb. Mənzili təmir edən usta evdən çıxandan sonra Ağazər hasardan aşaraq, qonşunun həyətinə keçib. O, həyətdən samovar, drel, laqonda və digər əşyalar olmaqla, ümumilikdə həyətdən 1500 manatlıq oğurluq edib. Keçmiş məhkum həmin əşyaları qiymətindən dəfələrlə ucuz qiymətə satıb.
O, həmin pulla 0.786 qram psixotrop maddə olan metamfetamin (patı) alıb. A.Abbasov həmin maddəni istifadə edərkən polis əməkdaşları tərəfindən yaxalanıb.
Faktla bağlı cinayət işi başlanıb və iş Sabunçu Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə A.Abbasov 2 il 9 ay azadlıqdan məhrum edilib.