"Fənlərin dövrü çoxdan bitib, müasir təhsil bunu tələb edir, süni intellekt də gətirə bilərik".
Stopnarkotik.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev "Real TV"yə verdiyi müsahibədə deyib.
O, təhsilin məzmunu ilə bağlı mövcud problemlərə toxunaraq, Azərbaycanda təhsilin məzmununun müəllimlərin maaşına bağlı olduğunu bildirib. Nazir bu məsələnin dəyişməsinin çətin olduğunu vurğulayıb və qeyd edib ki, fənlərarası dəyişikliklər müəllimlərin maaşını azaldacaq, bu isə təhsilin məzmununa birbaşa təsir edir:
"Fənlərarası dəyişikliklər müəllimin maaşını azaldacaq. Məsələn, biologiya dərsini bir saat azaltsaq, bu, həmin fənnin müəlliminin maaşının 10 faiz azalması deməkdir".
Emin Əmrullayev ölkədəki təhsil sisteminin çox uzun müddətdir eyni olduğunu və 4 nəslin eyni fənləri oxuduğunu vurğulayıb. O, 90-cı illərdə informatika fənninin tədrisinə başlandığını, amma indi süni intellektin təhsilə daxil olmasının artıq vacib olduğunu bildirib. Ancaq bunun üçün müəllimlərin fənlərarası əməkdaşlıq və təhsil məqsədlərini daha yaxşı başa düşməli olduğunu söyləyib:
"Müəllimlər yalnız öz fənləri ilə bağlı düşünməməlidirlər. Əgər məqsəd yalnız dərs saatlarını keçib məktəbdən getməkdirsə, şagirdlər hərtərəfli inkişaf etməyəcək".
Nazir, həmçinin təhsil sisteminin əsas məqsədinin şagirdin yaxşı təhsil alması olduğunu qeyd edib: "Biz müəllimə maaş veririk ki, şagirdlər daha yaxşı öyrənsinlər. Əgər şagird yaxşı öyrənmirsə, onda müəllimə niyə maaş verməliyik?"
Emin Əmrullayev son 10 ildə müəllimlərin peşə keyfiyyətlərinin artdığını, əvvəllər "müəllim" sözünü düzgün yazmayan şəxslərin artıq sistemdən kənarlaşdırıldığını vurğulayıb. Onun fikrincə, hazırda müəllimlər arasında ciddi rəqabət mövcuddur. Lakin o, gənc müəllimlərin sertifikatlaşdırma prosesinin mükəmməlləşdiyini və bu müəllimlərin çoxunun yüksək bal topladığını qeyd edib. Nazir, həmçinin metodik təkmilləşdirmənin də böyük əhəmiyyət daşıdığını əlavə edib.