Azərbaycanda müsadirə olunan narkotik vasitələrin xeyli hissəsini marixuana təşkil edir. Sözə başlamışkən, əlüstü 2025-ci ilin yanvar-oktyabr dönəminin hesabatına göz ata bilərik.
Məsələn, bu dönəm ərzində müsadirə olunmuş 7 ton 263 kq 229,113 qram narkotik vasitələrin və psixotrop maddələrin 6 ton 446 kq 419,462 qramını marixuana təşkil edib. Ənənəvi olaraq, hesabatlarda bu ifadə işlədilir ki, müsadirə olunan marixuananın çox hissəsini psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli marixuana təşkil edir. Bu dəfə də yanvar-oktyabr hesabatında müsadirə olunmuş 6 ton 446kq 414,562 qr marixuananın 5 ton 663kq 874,462 qramını (87,8%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli marixuana olub. Dəfələrlə yazıldığı və deyildiyi kimi, xarici ölkə mənşəli marixuananın da İrandan gətirilən narkotik olduğu bəllidir. Bəs İran marixuanasının zənginləşdirildiyi psixotrop maddə nə ola bilər?
İnternet resurslarında etdiyimiz araşdırmadan aydınlaşdırdıq ki, bu psixotrop maddə Fensiklidin (PCP) ola bilər. Maddə haqqında məlumatlarda bildirilir ki, PCP - fensiklidin qeyri-leqal, zehni dəyişiklik edən dissosiativ narkotikdir, "mələk tozu", "donuz" və ya "raket yanacağı" kimi küçə adları ilə də tanınır. Fensiklidin əvvəlcə 1950-ci illərdə cərrahiyyə sahəsində anesteziya vasitəsi kimi hazırlanmış, lakin insanlarda həyəcan, qeyri-real xəyallar və irrasional davranış kimi ciddi yan təsirlərə görə istifadəsi dayandırılmışdır.
Fensiklidin adətən ağ kristal toz və ya mayedir, tütün və marixuana kimi yarpaqlı materiallara əlavə edilir və siqaret kimi çəkilir. Həmçinin buruna çəkilə, həb kimi qəbul edilə və ya iynə ilə inyeksiya edilə bilər.
Bu narkotik reallıqdan uzaqlaşma hisslərinə, yalançı güc hissi, keyləşməyə səbəb olur və həmçinin halüsinasiyalara, paranoyaya, narahatlığa, aqressiyaya, qıcolmalara, komaya və potensial ölümə səbəb ola bilər. Üstəlik PCP psixoloji asılılığa səbəb olur və uzunmüddətli istifadə yaddaş itkisinə, nitq problemlərinə və depressiyaya səbəb ola bilir. Hüquqi statusuna görə, fensiklidin ABŞ-da II Cədvəldə nəzarət altında olan maddədir, yəni sui-istifadə potensialı yüksəkdir və qeyri-tibbi istifadəsi qanunsuzdur.
Fensiklidinin "mələk tozu" adı nədən irəli gəlir? Yuxarıda qeyd etdiyimiz kimi, PCP (fensiklidin) güclü halüsinasiya və dissosiativ narkotikdir ki, bu da insanın reallıqdan qopmasına, istifadəçiyə xəyali güclər verildiyi kimi hiss etdirərək həddən artıq güc və zorakılıq hissləri oyadır. Faktiki real dünyadan uzaqlaşma, gerçəklik qavrayışının itməsi, zorakı meyllər, xəyali "mələk" kimi uçmaq illüziyası yaradır. Beləliklə, "mələk tozu" - yaratdığı halüsinasiya ilə istifadəçini “uçurmuş” kimi hiss etdirir.
Bütün bunlardan sonra aydın olur ki, nəyə görə əsrlər əvvəl sadə insanlar tərəfindən siqaret kimi çəkilərək sakitləşdirici vasitə kimi istifadə olunan çətənə indi geridönülməz fəsadları olan kəskin narkotikə çevrilib. İran narkotik sənayesində çox irəlilədiyi üçün marixuananı necə kəskin narkotikə çevirməyi yaxşı bilir. Vətəndaşlara isə adi bitkini geridönülməz fəsadları olan narkotikə çevirən İrandan gələn hər növ narkotikdən uzaq durmalarını tövsiyə edirik.
Stopnarkotik.az