Ögey atası tərəfindən ərə verilən 14 yaşlı qız danışdı - VİDEO / YENİLƏNDİ

Tovuz rayonunun Öysüzlü kəndində ərə verilən və müvafiq qurumlar tərəfindən mərasimin qarşısı alınan qız danışıb.

Stopnarkotik.az xəbər verir ki, N.Ə Teleqraf-ın Qərb bürosuna açıqlamasında toy mərasiminin keçirilmədiyini deyib: "Sadəcə "Hə" mərasimi keçirilirdi. Toy və ya nişan olmayıb. Ailə quracağım bəylə dağda tanış olmuşdum. Anası-atası da bilirdi. "Hə" almağa gəlmişdilər, o da baş tutmadı".

N.Ə oğlan evi tərəfdən cəmi 5-6 nəfərin gəldiyini deyib: "Qeyd elədiyim kimi, "hə" almağa gəlmişdilər, mərasim də bu münasibətlə keçirilirdi. Yaşım 18-ə çatanadək məni gözləyəcəkdilər. Yaşım tamam olduqdan sonra toyumuz olacaqdı".

N.Ə həmçinin bildirib ki, təhsil almaq arzusu olub, amma imkansızlıqdan təhsilinə davam edə bilməyib:

"Mahir Ələkbərov adına Öysüzlü kənd tam orta məktəbində oxuyurdum. Altıncı sinifdən çıxmışam. Səbəb imkansızlıq oldu. Təzədən yenə məktəbə müraciət etdim, qəbul eləmədilər, dedilər, bu məktəbdə yer yoxdur".