“Ramiz Mehdiyevin Rusiya hakimiyyət dairələrinə Azərbaycanda “Dövlət Şurası” yaratmaqla bağlı yazdığı məktubu məhz Abbas Abbasov vasitəsilə istədiyi ünvanlara çatdırdığı aşkara çıxa bilər”. Bunu Musavat.com-a Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bildirib.
Vəkil Turan Abdullazadə isə konkret.az-a deyib ki, əgər Abbas Abbasov Rusiya vətəndaşıdırsa, bu zaman əsas hüquqi maneə ortaya çıxır: “Rusiya Konstitusiyası və digər qanunvericilik aktlarına əsasən, Rusiya Federasiyası öz vətəndaşlarını xarici dövlətlərə ekstradisiya etmir”.
Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub.
Cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
Qeyd edək ki, A.Abbasov 1992-ci ildən Azərbaycan Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olmuşdur. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiyada yaşamağa başlayıb.
A.Abbasov ötən müddət ərzində müxtəlif qanunsuz yollarla Rusiyada Azərbaycan diaspor strukturlarını ələ keçirib təsir altına salmaq istiqamətində pozucu fəaliyyət aparıb. 2012-ci ildə yaradılmış qalmaqallı, hamının “Milyarderlər İttifaqı” adı ilə tanıdığı Rusiya Azərbaycan Təşkilatları İttifaqının təsisçisi və rəhbəri olub.