Tramp Venesuela hakimiyyətini terror təşkilatı kimi tanıdı

ABŞ Venesuela hakimiyyətini xarici terror qurumu elan edib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Tramp bildirib ki, Venesuela ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən faktiki olaraq tam mühasirəyə alınıb və Karakas Vaşinqtona məxsus “oğurlanmış” neft və aktivləri geri qaytarmayana qədər bu hərbi tədbirlər daha da gücləndiriləcək.

Onun sözlərinə görə, Venesuela Prezidenti Nikolas Maduronun qeyri-legitim hakimiyyəti ələ keçirilmiş neft yataqlarından əldə olunan gəlirləri öz mövqeyini möhkəmləndirmək, narkoterrorizm, insan alveri, qətllər və adam oğurluqlarını maliyyələşdirmək üçün istifadə edir. Tramp vurğulayıb ki, aktivlərin mənimsənilməsi, terrorçuluq, narkotik qaçaqmalçılığı və insan alveri də daxil olmaqla bir sıra səbəblərə görə Venesuela rejimi xarici terror təşkilatı statusu alıb.

ABŞ Prezidenti əlavə edib ki, Venesuela limanlarına daxil olan və oradan çıxan, sanksiyalara məruz qalan bütün neft tankerlərinə qarşı blokada tətbiq olunur.