Gəncədə kişi qətlə yetirilib, cinayət işi açılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, iyunun 28-si, saat 11 radələrində Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən iaşə obyektlərindən birində 1986-cı il təvəllüdlü Kamil Cəfərovun kəsici-deşici xəsarətlərdən ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyit müayinə olunmaqla digər prosessual hərəkətlər aparılır.
Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
"Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər davam etdirilir. Nəticəsi barədə əlavə məlumat veriləcək", - məlumatda qeyd edilib.
*** 12:00
Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə şəhər ərazisində 1 nəfərin bıçaq xəsarətləri ilə qətlə yetirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Stopnarkotik.az-a bildirib ki, dərhal Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Şəmkir rayon sakini 1988-ci il təvəllüdlü Kamil Cəfərov aldığı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, 2004-cü il təvəllüdlü Samir Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Stopnarkotik.az