Bakıda ərəblərin evindən oğurluq edən müğənni saxlanıldı

Bakıya turist kimi gəlmiş ərəb tanışlarının kirayədə qaldığı mənzildən oğurluq edən müğənni saxlanılıb. 

Hadisə Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsi, ev 49, mənzil 6 ünvanında yerləşən mənzildə baş verib. 

Hadisəyə görə 1995-ci ildə İmişli rayonu, Sərxanlı kəndində anadan olmuş Zamir Süleymanov (ad-soyad şərti) Fəvvarələr meydanı ərazisində müəyyən edilərək saxlanılıb və barəsində protokol tərtib olunaraq, iş məhkəməyə göndərilib.

Zamir Süleymanov ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək bildirib ki, Xətai rayonu, Mikayıl Müşviq küçəsində kirayədə yaşayıb, rəsmi olaraq heç yerdə işləməyib. Hərdən müğənnilik etməklə pul qazanıb. 2023-cü ilin fevral ayının 11-dən 12-nə keçən gecə saat 1 radələrində o, ərəb tanışlarının qaldığı evə gedib, həmin mənzilin qapısı döymək istədikdə açıq olduğunu görüb. Mənzilə daxil olduqda girişin hissəsindəki qonaq otağında olan divanın üzərində qara rəngli əl çantası görüb, mənzildə heç kəsin olmamasından istifadə edərək onun içərisindən 703 manat və 550 dolları götürərək, evi tərk edib. Əməlindən səmimi peşman olduğunu bildirən təqsirləndirilən şəxs ona yüngül cəza təyin edilməsini xahiş edib. 

Məhkəmənin qərarı ilə Zamir Süleymanova 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub./qaynarinfo