Qarabağdakı separatçıların Ağdam yolunda barrikadalar qurması fonunda Müdafiə Nazirliyinin yaydığı məlumat diqqət çəkdi: qanunsuz erməni silahlı dəstələrinin Ağdam istiqamətində ordumuzun mövqeləri qarşısında uzunmüddətli fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alınıb.
Bu məlumat separatçıların Ağdam istiqamətində təxribat hazırlığını təsdiq edir.
Birincisi, “mülki əhalinin etirazı” adı altında Ağdam marşrutunu bloklamaq məqsədilə barrikadalar qururlar və bununla Xankəndiyə ərzağın Azərbaycan tərəfindən göndərilməsi perspektivinin qarşısını alırlar;
İkincisi, bu istiqamətdə hərbi istehkamlar inşa edir, döyüşə və yeni təxribatlara hazırlıq görürlər;
Hər iki məqam separatçıların “başçısı” Araik Arutyunyanın Laçın postunun açılması üçün bir həftə “vaxt verməsi”, əks təqdirdə həm ermənilərin yaşadığı ərazilərdə, həm də ordumuzun mövqelərinin olduğu ərazilərdə tədbirlərə əl atacaqlarına dair şantajı fonunda təsadüfi deyil. Və hədəflərinə dair müəyyən ehtimalları önə çıxarır:
- Qanunsuz silahlı dəstələrin apardığı mühəndis-istehkam işlərinin qarşısını alan ordumuzun tədbirlərini barrikadalar quran “mülki əhaliyə” qarşı hücum kimi göstərməyi planlaşdıra bilərlər: əlində plakatlar olan ermənilərin Ağdam yolunda olduğu vaxt bu istiqamətdə toqquşmanın yaşanması separatçılara “Azərbaycan mülki əhaliyə hücum edir” iddiasını sərgiləmək imkanı verə bilər;
- Barrikadaların qurulması diqqətin silahlı dəstələrin təxribatlara hazırlığından yayındırmaq məqsədi daşıya bilər;
- İstisna deyil ki, Araikin dediyi kimi bir həftə sonra təxribatlar Ağdam istiqamətində olacaq və separatçılar “mülki erməniləri” qabağa verməklə onlardan ordumuza qarşı canlı sədd kimi istifadə edə bilər;
Baş verənlər Ağdam yolunda qurduqları barrikadaların arxasında daha böyük təxribatın olduğu versiyasını ön plana çıxarır. Separatçların fortifikasiya qurğuları qurmaq cəhdi də bunu gücləndirir: fortifikasiya mühəndis-istehkam sistemlərinin qurulması, müdafiə xəttinin qurulması deməkdir, o cümlədən, bu qurğuların yaradıldığı ərazidə döyüşün idarə edilməsi, silah və texnikanın səmərəli şəkildə istifadə olunması həyata keçirilir;
Fortifikasiya qurğuları qurmağa cəhd edən separatçıların bu istiqamətdə silah və texnika da topladığı şübhəsizdir. Və aydın görünür ki, separatçılar barikadaların arxasından ordumuza qarşı müharibə hazırlığı aparır./axar.az