Donald Trampın ABŞ-də hakimiyyətə gəlməsi və cəbhədə Ukrayna Silahlı Qüvvələri üçün yaranan çətin vəziyyət Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya ilə gələcək danışıqlarda mövqeyini yumşaltmağa sövq edir.
“The Washington Post”da dərc edilən məqalədə belə deyilir.
Qəzetin yazdığına görə, Zelenski son həftələrdə müharibəni bitirmək üçün danışıqlara daha çox hazır olduğunu göstərməyə çalışır: “Bu, ölkəsinin hər qarış torpağı uğrunda mübarizə aparacağına söz verən Ukrayna lideri üçün böyük dəyişiklikdir. Zelenskinin ritorikasındakı dəyişiklik, Ukrayna və Qərb rəsmilərinin də fərq etdiyi kimi, çox güman ki, cəbhə xəttində vəziyyətin pisləşməsi və Kiyevə gələcək təhlükəsizlik yardımını şübhə altına alan yeni ABŞ administrasiyasının hakimiyyətə gəlməsi ilə izah edilə bilər".
Qəzetin qeyd etdiyi kimi, Zelenski daha əvvəl bəyan etmişdi ki, danışıqlar yalnız Moskva bütün qoşunlarını Ukrayna ərazisindən çıxardıqdan sonra başlaya bilər. Bununla belə, Tramp və Avropa liderləri ilə son görüşlərdə Ukrayna Prezidenti daha çox Ukrayna üçün “davamlı sülhün əldə edilməsinə” yönəlib.
Qeyd olunur ki, indi əsas prioritet NATO hərbi alyansına dəvət almaq və Rusiyanın gələcək hücumlarının qarşısını almaq üçün Qərb sülhməramlılarının mümkün iştirakı da daxil olmaqla, təhlükəsizlik təminatlarına nail olmaqdır.
Rəsmilər və analitiklərin fikrincə, Zelenskinin ton dəyişikliyi, çox güman ki, Trampın münaqişəni sona çatdırmaq vurğusuna uyğunlaşmaq cəhdidir.
ABŞ-nin Rusiyadakı keçmiş səfiri Maykl Makfol qəzetə deyib ki, Zelenski administrasiyası “Trampın dövründə hər şeyin dəyişəcəyini anlayır”: “Düşünürəm ki, bu, Zelenski üçün onu nə olursa olsun 1991-ci il sərhədlərinə qədər döyüşəcəkləri mövqeyindən azad edir. İndi o deyə bilər ki, mən bunu etmək istərdim, amma Tramp gəldi və hər şey dəyişdi"./azpolitika.info