Ermənistanın Baş naziri Nikol Paşinyan bu yaxınlarda ölkəsində aşkar olunan böyük miqdarda kokain partiyası ilə bağlı cinayət işini siyasiləşdirməməyə çağırıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Baş nazir parlamentin iclasında çıxışı zamanı bildirib.
Paşinyan Ermənistandan qaçaqmalçılıq yolu ilə keçirilməsi nəzərdə tutulan kokain partiyası ilə bağlı açılan cinayət işinin təfərrüatlarını açıqlayaraq məsələni siyasiləşdirməməyə çağırıb.
O qeyd edib ki, iş üzrə artıq saxlanılan şəxs var və yükü qəbul edən şirkət keçmiş hakim partiya olan Ermənistanın “Respublika naminə” partiyasından olan sabiq deputata bağlıdır:
“Bununla belə, siyasi baxışlarından asılı olmayaraq müxtəlif insanlar narkotik alveri sxemlərinə cəlb oluna bilər. Burada hansısa partiyaya mənsub olmaq həlledici rol oynamır. İstənilən partiyada həqiqətən də onun siyasi prinsiplərini bölüşməyənlər ola bilər”, - Ermənistan hökumətinin başçısı vurğulayıb.
“Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daha çox faktın aşkarlanması müsbət haldır. Qanunsuz maddələrlə mübarizə getdikcə daha çox diqqət mərkəzində saxlanılır”, - Paşinyan əlavə edib.