Yetkinlik yaşına çatmayan qızı fahişəliyə cəlb edən şəxslə bağlı qərar verildi

Bakı Apellyasiya Məhkəməsində yetkinlik yaşına çatmayanları fahişəliyə cəlb etməkdə və fahişəliyə cəlb etmədə təqsirləndirilən Q.Q.-nin (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, təqsirləndirilən Q.Q. 2023-cü ilin dekabr ayının sonlarında Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində yaşayan, 2008-ci il təvəllüdlü – yəni on altı yaşına çatmayan zərərçəkmiş S.S. (adı, soyadı şərtidir) ilə əlaqə saxlayaraq onu fahişəliyə cəlb edib. O, yetkinlik yaşına çatmayan zərərçəkmişlə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAF Park” yaşayış kompleksindəki evində görüşərək onu tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqəyə girməyə razı salıb.

Məlumata görə, təqsirləndirilən şəxs hər bir görüşdən özü üçün 150–200 manat məbləğində gəlir əldə etmək məqsədi güdüb və bu məqsədlə zərərçəkmişə 200–250 manat qarşılığında cinsi əlaqə təkliflərini qəbul etdirməyə nail olub. 2023-cü ilin dekabr ayının sonlarından 2024-cü ilin fevral ayının əvvəllərinədək olan müddətdə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin təşkilatçılığı ilə Bakı şəhərinin müxtəlif otellərində təxminən 4–5 dəfə kişi müştərilərlə görüşməyə məcbur edilib.

İttiham aktında həmçinin qeyd olunub ki, Q.Q eyni sxemi 2023-cü ilin dekabr ayının sonlarında digər zərərçəkmiş M.M. (adı, soyadı şərtidir) barəsində də təkrarlayıb. O, həmin şəxsi də Xırdalan şəhərində yerləşən evinə dəvət edərək tanışı olan müştərilərlə pul müqabilində görüşməyə razı salıb və bu yolla maddi gəlir əldə etməyə çalışıb.

Təqsirləndirilən şəxs 2023-cü ilin dekabrından 2024-cü ilin fevral ayının əvvəlinədək olan dövrdə M.M-i müxtəlif otellərdə 9–10 dəfə kişilərlə görüşməsini təşkil edib və onu fahişəliyə cəlb edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q.Q. 5 il müddətinə azadlıqdan məhrum edilib./pravda.az