UKRAYNA ÜÇÜN ŞİMALİ KOREYA TƏHLÜKƏSİ... - Putin Kim Çen Indan nə istəyib və nə alacaq?

ABŞ Ukraynaya silah yardımını yenidən davam etdirdiyi və ukraynalıların dronlar üzrərindəki innovasiyalarının faydalı iş əmsalı artdığı üçün Rusiya ordusunun işi xeyli çətinə düşüb. Digər tərəfdən, Dağıstandakı terror aktı Kremlin vəziyyətini daha da mürəkkəbləşdirib.

Bundan sonra Rusiya əhalisində pessimist əhvalın təzahürləri özünü daha qabarıq şəkildə büruzə verəcək ki, bu da Putinin bəlkə də ən çox qorxduğu ssenaridir. Deməli, Rusiya nəyin bahasına olursa olsun Ukraynadakı müharibədə dönüş yaratmalıdır. Yoxsa, ölkə daxilindəki hadisələr nəzarətdən çıxa bilər.

Vladimir Putin çarəsizlikdən özünə beynəlxalq arenanın kandarına itələnmiş ölkələrdən ibarət dostlar alyansı qurmaq istəyir. Bu kontekstdə Rusiya Şimali Koreyadan aldığı silah və texnika sayəsində yaralarını sarımağa və vaxt udmağa çalışır.

Ukraynanın “Obozrevatel.ua” saytı “Putin Şiamli Koreyadan nə istəyib və o, Rusiya ordusuna hansı silahlarla kömək edə bilər?” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur. Həmin məqaləni təqdim edirik: ”Hərbi-texniki sferada KXDR ilə Rusiya arasındakı əməkdaşlıq 2023-cü ildə Rusiya ordusunun Şimali Koreyadan ilk partiya mərmi almasından sonra güclənib. Vladimir Putinin Pxenyana səfəri nəinki bu ölkələr arasında əməkdaşlığı genişləndirir, həm də Seulu Ukraynaya silah yardımı məsələsində hərəkətə keçməyə məcbur edir. Əvvəlcə Şimali Koreyanın Rusiyaya nə ilə kömək göstərə biləciyi ilə tanış olaq.

KXDR Hərbi Sənaye Kompleksinin istehsal etdiyi tanklar, artilleriya qurğuları və zirehli döyüş maşınları sovet dönəminin nümunələrindən ibarətdir. Şimali Koreyanın raket proqramı da SSRİ və Çin irsinə söykənir. Həmin məhsulların sayı çoxdur. Biz aydın görürük ki, Şimali Koreya Hərbi Sənaye Kompleksi keyfiyyətə yox, kəmiyyətə üstünlük verir.

2023-cü ildə Şimali Koreyadan Rusiyaya milyonlarla artilleriya mərmisinin yollandığını gördük. Bunlar 152-mm və 122- mm çaplı lüləli artileriya üçün mərmilər, ”BM-21 Qrad” Yaylım Atəş Raket Sistemləri üçün reaktiv mərmilər və minaatanlar üçün 120-mm və 82-mm minalar olub.

Bütün bu məhsullar Rusiya artilleriyaçılarının böyük narazılığına səbəb olub. Mərmilərin keyfiyyətinə, dəqiqliyinə və digər xüsusiyyətlərinə görə ciddi iradlar bildirilib. Şimali Koreya mərmiləri çox bərbad vəziyyətdədir, bəzi hallarda bu mərmilərdən atəş açılması artilleriya heyəti üçün risk də daşıyıb. Lakin bu problem Rusiya komandanlığını heç narahat etməyib, çünki onlar üçün əsas məsələ kəmiyyətdir.

 

Şübhəsiz ki, Putinin Pxenyan səfəri Kremlin növbəti mərmi istəyi ilə bağlı deyildi. İndiki vəziyyətdə söhbət Rusiyanın ehtiyac duyduğu əlavə şeylərdən gedib. Bu, təbbi ki, texnikadır. İş ondadır ki, Rusiyanın sovet dönəmindən qalmış texnikalarının anbarları demək olar ki, boşalıb.

Rusiya hakimiyyətinin təmsilçiləri digər ölkələrdəki sovet və Rusiya texnikasını almağa çalışırlar. KXDR belə ölkələrdən biridir və orada bu cür texikadan kifayət sayda var. Təxmini hesablamalara görə, Şimali Koreyada 2000 ədəd “T-54/55” tankı var və Rusiya ordusu keçən ildən başlayaraq Ukraynadakı döyüş zonasında bu tip tanklardan aktiv istifadə etməyə başlayıb. Bundan başqa, KXDR-in silah arsenalında 2000-dən artıq “T-62” tankının müxtəlif modifikasiyaları yer alır və buraya “T-62M” klassik sovet tankı və yerli “Çxonma”(Chonma-I,-II,-III,-IV,-98,-214) varinatları da daxildir. Bu tankların top lüləsinin çapı 115 millimetrdir.

Qeyd etmək lazımdır ki, qoca “T-62” tankının sonsuz modernləşdirilməsi prosesi göstərir ki, bu sahədə KXDR rusiyalı mütəxəssisləri xeyli qabaqlayır. Şimali Koreyalılar bu tanklarda və “dünyada anoloqu” olmayan “T-90” və digərlərində rusiyalıların 30 ildən artıqdır ki, edə bilmədiklərini həyata keçirə biliblər.

Şimali Koreyanın silahlı qüvvələrində 3500 ədəd təkərli və tırtıllı “Zirehli Döyüş Maşınları” var. Onlar əsas etibarı ilə “BTR-60” və “BTR-80”-dir.

Ayrıca qeyd etmək lazımdır ki, Rusiya ordusu məhz zirehli maşınlar sarıdan böyük qıtlıq yaşayır. Hətta bu ehtiyac kritik həddədir.

Əgər Rusiya ordusu bu vasitələrlə lazımi səviyyədə təchiz edilərsə, bu, Ukrayna Silahlı Qüvvələri üçün böyük problem yaradacaq. Rusiyaya yardım məsələsində Şimali Koreya Hərbi Sənaye Kompleksinin imkanlarının qiymətləndirilməməsi düz olmaz, bununla yanaşı, onun hədsiz şişidirlməsi də yersizdir. Kim Çen In hamı ilə eyni vaxtda müharibə aparmaqdan ehtiyatlanır, ona görə də o, Rusiyaya çoxlu silah və texnika verməyəcək, çünki bu, onun öz ordusunun müdafiə qabiliyyətinə xələl gətirə bilər. Amma hər bir kateqoriya üçün Rusiyaya bir neçə yüz texnika verildiyini təsəvvür etsək, bu, 3-4 ay ərzində Rusiya ordusunun hərbi texnika itkisini qapatmağa kifayət edər”./azpolitika.info