“Taliban” Əfqanıstanda xaşxaş tarlalarını məhv edir... – AVROPADA "HEROİN QITLIĞI" GÖZLƏNİLİR / FOTOLAR

Son dövrlərədək Əfqanıstan dünyada tiryək istehsalının 80%-dən çoxunu təmin edirdi. Əfqan tiryəyindən hazırlanan heroin indi də Avropa bazarının 95%-ni təşkil edir. Britaniyanın peyk görüntülərinin analizləri üzrə ixtisaslaşmış “Alcis” şirkətinin əfqan narkotik ticarəti üzrə aparıcı eksperti Devid Mensfild bildirir ki, ölkədə illik xaşxaş məhsulu bu il keçən illə müqayisədə 80%-ə qədər azala bilər.

Maraqlıdır ki, indi Əfqanıstanın böyük əyalətlərində tiryək əkininin kəskin azalması adi gözlə nəzərə çarpır. Hətta eyni mənzərəni kosmosdan gələn görüntülər də təsdiqləyir. 2022-ci ilin aprelində “Taliban” lideri Heybətulla Axundzadə heroinin əsas tərkib hissəsi olan tiryəyin əldə edildiyi xaşxaşın becərilməsini qadağan edən fərman verib. “Taliban” xaşxaş tarlalarının məhv ediməsi üçün “Kalaşnikov” avtopmatı ilə təchiz edilmiş silahlı dəstələr göndərir. Yəni bir sıra tarla sahibləri hələ də bu hərəkata müqavimət göstədiyi üçün dəstə üzvləri silahlı olur. Dəstə bir tarlanı məhv etdikdən sonra, növbə ilə digər tarlalara keçir və xaşxaşları biçərək onların qönçələrini qoparırlar.

Əfqanıstann şərqində yerləşən Nanqarhar əyalətində “Taliban”ın narkotik tarlalarını məhv edən dəstəsinin rəhbərliyi BBC-yə prosesi müşahidə üçün icazə verib. “Alcis” şirkətinin peyk şəkililəri göstərir ki, Hilmənd əyalətində xaşxaşın becərilməsi 99%-dən çox azalıb. Devid Mensfild bildirir: "Hilmənd əyalətinin yüksək dəqiqlikli təsvirləri göstərir ki, xaşxaş becərilməsi indi keçənilki 129 min hektardan 1000 hektara qədər azalıb".

Artıq fermerlər tarlalarında xaşxaş əvəzinə, buğda əkirlər. Lakin bu, onlar üçün hələlik daha azgəlirli əkinçilik növüdür və bir çoxları maddi cəhətdən əziyyət çəkdiklərini deyir. Amma bəzi fermerlər hələ də qadağanı pozurlar.

Bəzi fermerlərin hələ də bu qaydaya müqavimətinə gəlincə, onlar bunu kasıblıqla əlaqləndirirlər. “Taliban” sözçüsü Zabiullah Mücahid bu məsələyə dair suala, "Biz bilirik ki, insanlar çox yoxsuldur və əziyyət çəkirlər. Amma tiryəyin zərəri faydasından çoxdur. Ölkəmizdə 37 milyon insandan 4 milyonu narkomaniyadan əziyyət çəkir. Bu, böyük rəqəmdir. Beynəlxalq ictimaiyyətin əfqanlara alternativ dolanışıq vasitələri ilə kömək etməsini istəyirik”, - deyə cavab verib.

Bəs Əfqanıstanın ABŞ-ın işğalında olduğu zaman narkotik məsələsi necə cərəyan edib? Amerikalılar “Taliban”ın nəzarətində olan ərazilərdə xaşxaş tarlalarına hava zərbələri endirib, tiryək ehtiyatlarını yandırıb və narkotik laboratoriyalarına basqın ediblər.

Lakin 2021-ci ildə “Taliban” hakimiyyəti ələ keçirməzdən əvvəl tiryək ABŞ-ın dəstəklədiyi Əfqanıstan hökumətinin nəzarətində olan ərazilərdə sərbəst becərilib.

Sonda isə bir nüansı vurğulayaq. Tiryək sahələrinin məhvi əslində hansı zərurətdən doğur? Həqiqətənmi, bu hərəkat “Taiban”ın açıqladığı kimi inancdan və günahın qarşısını almaq zərurətindən qaynaqlanır? Narkotiklə beyni zombiləşmiş xalq heç vaxt subyekt kimi tarix səhnəsinə çıxa bilməz. Görünür, Əfqanstanın siyasi subyekt kimi tarix səhnəsinə çıxmasına “stavka edilib”. Bu planın reallaşdırılması üçün əfqan xalqının beyninin narkotik zəhərindən ayılması mütləqdir. Ola bilsin ki, Əfqanıstan səhnəyə önəmli proje kimi varid olacaq. Böyük Əfqanıstan kimi...

Stopnarkotik.az