1970-ci ildən təzyiq altında Suriyada hakimiyyətdə olan Əsəd ailəsi 54 ildən sonra süquta uğrasa da, geridə böyük dağıntılar və xoş olmayan xatirələr qoydu. Aralarında uşaq, qoca və qadın da daxil olmaqla minlərlə insanı işgəncə, sürgün, bombardman və kimyəvi silahlarla məhv edən Əsəd ailəsinin məşhur Sednaya həbsxanası isə sözügedən rejimin zülmünün simvolik ünvanlarından birinə çevrildi.
Paytaxt Dəməşqdə, Əsədin sarayının 33 kilometrliyində yerləşən bu həbsxanada 70 mindən çox işgəncə və zülmə məruz qalan məhkumun saxlanıldığı iddia olunur.
Həftədə 25 edam
Məlumata görə, 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayan zaman bütün müxaliflər bu həbsxanaya gətirilib. Burada minlərlə insan işgəncələrə məruz qalıb, öldürülüb, qadınlara təcavüz edilib, kütləvi edamlar həyata keçirilib. İddialara görə, həbsxanada hər həftə 20-25 məhbus edam edilib. Bəşər Əsəd Rusiyaya qaçdıqdan sonra ölkədəki həbsxanalardan ümumilikdə 100 mindən çox məhbusun azad edildiyinə dair məlumatlar var.
Bəzi məhbuslar hələ də tapıla bilməyib
İllərlə ağır şəraitdə həbsdə olan məzlum xalq azadlığa çıxmağın sevincini yaşasa da, bəziləri üçün gün işığını görmək hələ də mümkün olmayıb. Belə ki, təhlükəsizlik kameralarında məhbusların olduğu otaqlar görünsə də, gizli bölmələrə salındıqları üçün onların bəzilərini tapmaq mümkün olmayıb. 4 mərtəbəli gizli yeraltı həbsxananın qapıları betonlandığından məhbusların xilas edilməsi çətinləşib. Betonların sındırılması ilə digər mərtəbələrə keçidin olduğu həbsxananın tək bir mərtəbəsindən minlərlə məhbusun çıxarıdığı deyilir.
Aralarında uşaqlar da var...
Xilasetmə qrupu məhbuslara çatmaq üçün xüsusi xəritələrə baxır, binanın strukturunu öyrənməyə çalışırlar. Səlahiyyətlilər devrilmiş rejimin keçmiş həbsxana işçilərinə betonlanmayan qapıların şifrələrini vermələri üçün çağırış edib. Məlumata görə, bəzi məhbusların qaldığı yerdə ventilyasiya olmadığından onlar boğulmaq təhlükəsi ilə üzləşiblər. Paylaşılan videolarda azadlığa çıxanlar arasında anaları ilə birlikdə saxlanılan azyaşlı uşaqların da olduğu görünüb.. Suriya Müxalif Koalisiyasının məhbusların xilas edilməsi üçün Türkiyə və Amerikadan kömək istədiyi bildirilib.
Edam edilən məhbusların cəsədləri preslənib
Məlum olub ki, edam edilmiş məhbusların cəsədləri preslərdə yastılaşdırılıb, onların qan və bədən mayeləri kanallarla boşaldılıb, meyitlər isə kisələrə qoyularaq məhv edilib. Bəzi məhbusların həbsxanadakı dözülməz işgəncələr nəticəsində əqli qabiliyyətini itirdiyi müəyyən edilib. Məhbuslara kiflənmiş və xarab yeməklər verildiyi ortaya çıxıb...
“Atalarını tanımadığım övladlarım var”
Həbsdən xilas edilən suriyalı bir qadının dediklərindən:“19 yaşında subay qız ikən Sednaya həbsxanasına atıldım. İndi 32 yaşındayam və atalarını tanımadığım övladlarım var”.
“Bizi Səddam Hüseynmi xilas etdi?”
40 ildir ki, həbsdə olan başqa bir suriyalı isə azad edildikdən sonra Bəşər Əsəd rejiminin süqutuna inana biməyib. O, ətafındakılardan: “Bizi Səddam Hüseynmi xilas etdi?”, -deyə soruşub.
Rejimin süqutundan dəqiqələr öncə 54 məhbus edam ediləcəkmiş
Baas rejiminin süqutundan sonra azad edilən suriyalı məhbus edamından bir neçə dəqiqə əvvəl bunları deyib:“Bizim edamımız yarım saat əvvəl idi. 54 nəfər... Edamımız bu gün idi”.
Məlumata görə, bu həbsxanadan azad edilən məhbusların sayı on minlərlədir./azpolitika.info