“Rusiya hərbi fabrikləri istehsal gücünü fəal şəkildə artırır. Söhbət taktiki və strateji təyyarələr, döyüş helikopterləri istehsal edən və təmir edən, həmçinin hərbi pilotsuz təyyarələr və idarə olunan hərbi sursatların yığılması ilə məşğul olan müəssisələrdən gedir”.
Bu barədə “Radio Svoboda”nın “Sxemlər” layihəsinin yeni araşdırmasında deyilir.
Araşdırmaçılar peyk görüntülərinə əsasən müəyyən ediblər ki, son bir il ərzində Rusiyanın bir çox hərbi zavodlarında yeni istehsal sexləri və anqarlar tikilib. Həmçini Ukraynada müharibə başlayandan sonra yeni hərbi zavodlar tikilib.
Kazan Aviasiya Zavodu
Bu təyyarə zavodu “Rostec” hərbi dövlət korporasiyasının bir hissəsidir və Kazandakı mülki hava limanının yaxınlığında yerləşir. O, təkcə mülki təyyarələri deyil, həm də Rusiyanın Ukraynaya raket atdığı strateji bombardmançı təyyarələri istehsal və təmir edir.
“Sovet dövründə Qorbunov adına Kazan Aviasiya Zavodu ən mühüm strateji obyektlərdən biri idi, çünki o, strateji təyyarələr hesab olunan nüvə üçlüyünün – “Tu-16”, “Tu-22” və “Tu-160”-ın istehsalı və onlara texniki xidmət ilə məşğul idi. Zavodun gücü indi də “Tu-22M3” və “Tu-160”-ın dərin modernləşdirilməsinə və təmirinə imkan verir”, - aviasiya üzrə ekspert Anatoli Xrapçinski “Sxemlər”ə bildirib.
Bu il Kazan aviasiya zavodunun ərazisində yeni böyük anqar tikilib. Jurnalistlər ilk dəfə “Rossiya 1” telekanalında Rusiyanın Baş naziri Mixail Mişustinin müəssisəyə səfərindən bəhs edən süjetdə yeni anqarın kadrlarına diqqət yetiriblər. Bu, 2023-cü ilin iyun ayında idi.
“Sxemlər” “Maxar Technologies” və “Planet Labs” şirkətlərinin peyk görüntülərindən istifadə etməklə zavodun ərazisində bu anqarın tikintisi prosesini izləyib. İlk tikinti işlərinə 2018-ci ildə başlansa da, tikinti 2022-ci ildə sürətlənib və bu il anqar tamamlanıb. Uzunluğu 300 metr, eni isə 180 metrdən çoxdur.
“Rossiya 1”-in xəbərində qeyd olunur ki, anqarın yeni “Tu-214” mülki təyyarələrinin istehsalı üçün istifadə edilməsi planlaşdırılırdı. Lakin onun ölçüsünü nəzərə alsaq, strateji bombardmançı təyyarələr də bu anqarda təmir oluna və modernləşdirilə bilər.
Hələ 2016-cı ildə Rusiya strateji aviasiyanın modernləşdirilməsi proqramını hazırlayıb: bu, köhnə “Tu-160”-ların yeni texnologiya ilə təchiz edilərək “Tu-160M2”-yə çevrilməini nəzərdə tutur. Bir milyard dollarlıq dövlət proqramındakı vəsaitin əhəmiyyətli hissəsi xüsusi olaraq Kazan Aviasiya Zavodunun potensialının inkişafı üçün ayrılıb.
İrkutsk Aviasiya Zavodu
Təyyarə istehsalı qabiliyyətini artıran daha bir dövlət təyyarə zavodu İrkutskda yerləşir. Onun profili Rusiya Hərbi Hava Qüvvələrində ən populyar təyyarə növlərindən biri olan bütün modifikasiyalı “Su-30” qırıcılarıdır. Müxtəlif ölkələrdə hərbi texnikanın miqdarı ilə bağlı illik hesabatlar dərc edən beynəlxalq “The Military Balance” nəşrinin məlumatına görə, Rusiyanın 120-dən çox “Su-30” təyyarəsi var.
Zavod həm döyüş təyyarələri istehsal edir, həm də təmir edir. O, şəhər daxilində yerləşir. 2022-ci ilin oktyabrında zavodun aerodromundan havaya qalxan “Su-30”-un İrkutskda yaşayış binasına çırpılması barədə yerli media xəbər vermişdi:
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bu hadisənin “Su-30-da aparılan təmirin keyfiyyətinin aşağı olması səbəbindən baş verə biləcəyini irəli sürüb.
“Maxar” və “Planet Labs”ın peyk şəkillərini təhlil edən jurnalistlər qeyd ediblər ki, hələ 2019-2021-ci illər ərzində zavodun ərazisində əsas qurğulardan çox da uzaq olmayan ərazidə uçuş zolağına çıxışı olan genişləndirmə işləri aparılıb. Bbu il daha bir oxşar obyektin tikintisi tamamlanmaq üzrədir. Çox güman ki, ikinci bina da uçuş-enmə zolağına birləşdiriləcək.
Aviasiya eksperti Anatoli Xrapçinskinin sözlərinə görə, bu cür binalardan “Sukhoi Superjet” kimi kiçik mülki təyyarələrin, eləcə də “Su-30” kimi qırıcıların təmiri üçün istifadə oluna bilər.
Ural Mülki Aviasiya Zavodu
Bu dövlət zavodu Yekaterinburqda yerləşir. Xüsusilə mülki aviasiya ilə məşğul olsa da, şirkət “Mi-2”, “Mi-8”, “Mi-24” və “Ka-52” kimi hərbi helikopterlərdə də istifadə oluna bilən mühərrikləri və sürət qutularını təmir edir. Rusiya ordusu bütün bu helikopterlərdən Ukraynaya qarşı müharibədə fəal istifadə edir.
Bu ilin sentyabrında yerli Ural nəşrləri zavodda kadr çatışmazlığından və istehsal həcminin artması səbəbindən müəssisənin fəal şəkildə işçi axtarışına başladığından yazmağa başladı.
2021-ci ilin sonundan başlayaraq zavodun ərazisində yeni böyük sexin tikintisinə başlanılıb və bu il tamamlanıb. Onun uzunluğu 145 metr, eni 75 metrdir.
"Ural Mülki Aviasiya Zavodunda yeni bina çox güman ki, ixtisaslaşdırılmış məhsulların - təyyarə mühərrikləri, köməkçi güc blokları, helikopterin istehsalına xidmət edir”, - Xrapçinski izah edir.
Dubna Maşınqayırma Zavodu
Digər bir zavod Moskva vilayətinin şimalındakı Dubna şəhərində yerləşir. Dövlət korporasiyasının bir hissəsində taktik raket silahları istehsal edən “Raduga Maşınqayırma Konstruktor Bürosu” yerləşir.
Zavod “Kh-22”, “Kh-55”, “Kh-101” kimi raketləri istehsal edir. Rusiya onlardan Ukrayna şəhərlərində yaşayış binalarını, ticarət mərkəzlərini və enerji infrastrukturu obyektlərini atəşə tutmaq üçün istifadə edir. Buna misal olaraq 2022-ci ilin iyununda Kremençuqdakı “Amstor” ticarət mərkəzinə edilən hücumları göstərmək olar.
Jurnalistlər 2021-2023-cü illər üçün zavodun ərazisinin peyk şəkillərini təhlil edərək, bu müddət ərzində zavodun yanında böyük bir binanın tikildiyini qeyd etdilər. Onun tikintisinə 2021-ci ildə başlanılıb və peyk fotolarına görə bu il başa çatdırılıb. Yaxınlıqda iki helikopter meydançası da var. Yeni bina və Dubna Maşınqayırma Zavodunun ərazisi birgə girişə malikdir.
Bu, “Kronştadt” şirkətinə məxsus Rusiya İHA istehsalı üçün yeni özəl zavoddur.Onun yaradılması hələ 2021-ci ildə elan edilib. Şirkətin profili "Orion", "Helios" və digər markalar altında müxtəlif modifikasiyalı hərbi pilotsuz təyyarələrin istehsalıdır.
“Kronstadt” Vladimir Putinə yaxın rusiyalı oliqarx Vladimir Yevtuşenkovun “AFK-Sistema holdinq”i ilə əlaqəli şirkətdir. Bu yaxınlarda onun Ukraynadakı aktivləri müsadirə edilib.
“AFK-Sistema” şirkətinin rəhbərliyi 2022-ci ilin mayında “Kronstadt”dan çıxdığını elan etdi. Lakin eyni zamanda, Rusiya hüquqi şəxslərin reyestrinə əsasən, “AFK-Sistema” hələ də “Kronstadt”ın törəmə şirkəti olan “KT - İnsansız Sistemlər”də 49,6% paya malikdir. Şirkətin rəsmi saytında qeyd edildiyi kimi, o, Müdafiə Nazirliyi və FSB ilə əməkdaşlıq edir.
2022-ci ilin iyununda, artıq genişmiqyaslı müharibə zamanı, “Kronstadt” menecerlərindən biri Dubnadakı yeni zavodun "istehsalını artırdığı" üçün yeni işçilər işə götürdüyünü bildirdi.
"Zavod pilotsuz uçan aparatların istehsalı üzrə yeni yaxın vaxtlarda alınan sifarişləri yerinə yetirmək üçün üçnövbəli iş rejiminə keçəcək. Bununla əlaqədar olaraq “Kronştadt” şirkəti kadr toplamaqda davam edir", - Rusiyanın “TopWar” nəşri “Kronstadt” şirkətinin direktor müavini Aleksey Belıx sitat gətirir.
Rusiya uzunmüddətli müharibəyə hazırlaşır?
Rusiya hərbi-sənaye kompleksinin digər zavodları da öz gücünü artırır. Rusiya hakimiyyəti bu barədə açıq məlumat verir.
Məsələn, bu ilin oktyabrında Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Texnopolis Moskva” xüsusi iqtisadi zonasının Rudnevo sənaye parkında “Almaz-Antey” konserninin raket zavodunun binasının təhvil verilməsi mərasimində iştirak edib. Tədbir zamanı Şoyqu şirkətin hava hücumundan müdafiə sistemləri istehsal edəcəyini açıqlayıb.
Bundan əvvəl, 2023-cü ilin yanvarında məlum olmuşdu ki, “Kalaşnikov” konserninin törəmə şirkəti “Zala Aero” (“Aeroscan” MMC) İjevskdəki “İtalmas” ticarət mərkəzini “Lanset” tipli döyüş sursatlarının istehsalı üçün alıb və konvertasiya edib. 2023-cü ilin sentyabrında Vladimir Putin bu prosesi izləməyə gəlib.
Amerika Müharibə Araşdırmaları İnstitutu bildirib ki, Rusiya çox güman ki, İranın “Şahed-136/139” dronları ilə birlikdə “İtalmas” adlı yeni hücum pilotsuz təyyarələrindən istifadə etməyə başlayıb. İstehsalçı zavodun adı çəkilmir, lakin belə dronların təqdimatı yuxarıda adı çəkilən keçmiş “İtalmas”zavodunda baş tutub.
Hərbi ekspert Mixail Jiroxov jurnalistlərə verdiyi şərhdə Rusiyada hərbi fabriklərin belə fəal inkişafını onunla izah edir ki, ölkə rəhbərliyi yaxın illərdə müharibəni dayandırmaq niyyətində deyil. Buna görə də müharibəyə, hərbi sənaye kompleksinin inkişafına yüz milyardlarla rubl xərcləyir.
“Rusiya Federasiyasında 2010-cu ildə qəbul edilmiş silahlı qüvvələrin və hərbi-sənaye kompleksinin inkişafı proqramı mövcuddur. Onun çərçivəsində müdafiə kompleksinin əsas müəssisələrinin modernləşdirilməsi və mümkün tikintisi, yeni müəssisələrin yaranması nəzərdə tutulur. Rusiya PUA müharibəsinə müəyyən önəm verir, amma digər sənaye sahələrini də unutmur. Bu da Rusiyanın uzunmüddətli oynamaq, müharibəni dayandırmamaq niyyətindən xəbər verə bilər”, - Mixail Jiroxov qeyd edib.
Britaniya kəşfiyyatının məlumatına görə, Rusiyanın 2024-cü il üçün təklif olunan büdcəsində 2023-cü il büdcəsi ilə müqayisədə planlaşdırılan müdafiə xərclərinin 68 faiz artırılması nəzərdə tutulur./azpolitika.info