Gürcüstanda parlament seçkiləri bitsə də, müxalifətin siyasi mübarizəsi və kütləvi etirazları davam edir. Hadisələrin bundan sonrakı gedişini proqnozlaşdırmaq o qədər də asan deyil.
Gürcü politoloq Tornike Şaraşenidze erməni mətbuatına aşıqlamasında Gürcüstanda baş verənlərə və Qərbin regiondakı siyasətinə maraqlı şərh verib.
Politoloq deyib ki, Qərb kifayət qədər çətin vəziyyətə düşüb. Onun fikrincə, əgər Qərb indi hakim “Gürcü arzusu”nun liderlərinə qarşı sanksiyalar tətbiq etsə, Gürcüstanda Belarus ssenarisi təkrarlana bilər. Qərbdə heç kim bunu istəmir, çünki belə olan halda Gürcüstan həqiqətən də Rusiyanın tabeliyinə qayıdacaq: “Gürcüstan hakimiyyəti artıq göstərdi ki, onlar sanksiyalardan və etirazlardan qorxmurlar. Qərb bundan sonra nə etməlidir? Gürcüstanı təcrid etmək? Bu, Qərbin bütün Cənubi Qafqazı itirməsinə gətirib çıxaracaq, çünki Gürcüstan coğrafi baxımdan regionun açarıdır. Ermənistan üzünü Qərbə çevirib və Gürcüstan hakimiyyəti bu məsələdə çox yaxşı oynayır. Qərb Gürcüstanı itirsə, Ermənistanı da itirəcək, nəticədə İrəvan da Rusiyaya üz tutacaq. Gürcüstan hakimiyyəti bundan istifadə edir və Qərbi Tbilisinin şərtləri ilə Gürcüstanın Avropaya inteqrasiyasını davam etdirməyə çağırır”.
Onun sözlərinə görə, məhz Ukraynanın sayəsində Gürcüstan üçün fürsət pəncərəsi açılıb: “Ukraynada müharibə başa çatdıqdan sonra Aİ əvvəlcə Ukraynanı qəbul etməli, sonra Gürcüstanı müzakirə etməlidir. Amma bunun nə vaxt baş verəcəyini heç kim bilmir. Nə qədər ki, bizim ərazimizdə, Cənubi Osetiya adlanan ərazidə Rusiyanın hərbi bazası var, Gürcüstanın NATO-ya qəbulu mümkün deyil. Gürcüstanın NATO-ya gedən yolunda ən mühüm maneə demokratiya yox, Rusiya qoşunlarının orada olmasıdır. Onlar Gürcüstanı NATO-ya qəbul etmək istəyirlər, bu, faydalıdır, lakin çətindir. Çünki burada rus qoşunları faktoru var”.
Şaraşenidze İvanişvilinin seçki yarışı zamanı osetinlərdən üzr istəməsi ilə bağlı bəyanatını ciddi səhv adlandırıb. Onun fikrincə, bu, hətta hakim partiyanın seçicilərin də xoşuna gəlməyib: “Ola bilsin ki, o, Moskvanın Tbilisi və Sxinvalinin qeyri-rəsmi səviyyədə əlaqə yaratmasına imkan verəcəyinə ümid edir. Əgər nəticə verərsə, niyə də olmasın. Amma ümid edirəm ki, bunun üçün dəhşətli bədəl ödəməyəcəyik”.
Eyni zamanda politoloq Gürcüstan hakimiyyətinin Moskva ilə ciddi dialoq aparacağını istisna edib. Çünki hakim partiyanın seçiciləri də buna qarşı olacaq. Onun fikrincə, Rusiya Cənubi Osetiya və Abxaziya məsələsində güzəştə getməyənə qədər Tbilisinin Moskva ilə ciddi dialoqu olmayacaq: “Çox güman ki, Gürcüstan hakimiyyəti indi Qərblə münasibətləri bərpa edəcək. Çünki o, Rusiya ilə baş-başa qalmaq istəmir”./azpolitika.info