Putinin bir milyardlıq sarayı yerlə-yeksan edildi: SUİ-QƏSD PLANI? - FOTO/VİDEO

Rusiya prezidenti Vladimir Putin Soçidə bir milyard dollara inşa edilən yay iqamətgahını sökdürüb.

Bu barədə Rusiya mediasında iddialar gündəmə gəlib.

İqamətgahın sökülməsinin səbəbi kimi Ukraynanın mümkün PUA hücumlarıdır. 2022-ci ildə başlanan Ukrayna müharibəsinin arealı Rusiya ərazilərinə qədər genişlənib. Ukrayna ordusunun Kurska hücumu, eləcə də Kreml də daxil olmaqla Moskvaya endirilən PUA zərbələri Rusiyanın təhlükəsizlik qalxanının heç də “yenilməz” olmadığını ortaya çıxardı. Rəsmi Kiyev Putinə sui-qəsd etmək niyyətini gizlətmir, hətta bir neçə dəfə uğursuz cəhdlərin edildiyini də açıqlayıb.

Soçidəki iqamətgahın Ukraynanın əsas hədəflərindən biri olması istisna deyil. Bu baxımdan, iqamətgahın hücum təhlükəsinə qarşı söküldüyü ehtimalı mümkün variantlardandır.

Bu variantı gücləndirən iki məqam da var.

Birincisi, Ukrayna müharibəsi başlayandan sonra Putinin iqamətgaha getməməsidir. Mühacirətdə olan ruslar tərəfindən yaradılmış müxalif “Proyekt” saytı yazır ki, Putin Ukrayna müharibəsi başlayandan sonra iqamətgaha səfərlərini azaldıb, 2023-cü ildə cəmi 8 gün orada qalıb. Artıq Rusiya prezidenti iqamətgaha getmir.

İkincisi, eyni sayt iqamətgahın yerləşdiyi ərazilərin peyk görüntülərini yayıb. Görüntülərdə iqamətgahın yerində böyük çuxurun olduğu görünür. İddia edilir ki, iqamətgahın sökülməsi bu ilin fevral-mart aylarından baş verib.

“Moscow Times” yazır ki, Putin ilin 30 gününü iqamətgahda keçirirmiş. COVID-19 pandemiyası dövründə Rusiya prezidenti xəstəlikdən qorunmaq üçün bu iqamətgahda izolyasiya edilmiş həyat yaşayıb. Sonuncu dəfə bu ilin 6 mart tarixində Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bu iqamətgahda qarşılayıb.

“Putin sarayı” olaraq tanınan iqamətgah haqqında geniş məlumat 16 fevral 2024-cü il tarixində həbsxanada vəfat edən müxalif lider Aleksey Navalnının hazırladığı “Putin üçün saray” verilişində ortaya çıxıb. Üç il öncə yayımlanan verilişdə sarayın inşası üçün xərclənən pullarla bağlı geniş araşdırma təqdim edilirdi. Putin həmin vaxt “bu mənim sarayım deyil” açıqlaması ilə təkzib etmişdi, daha sonra rusiyalı milyarder Arkadi Rotenberq binanın ona məxsus olduğunu açıqladı. Lakin Rusiya ictimaiyyəti iqamətgahın prezidentə məxsus olduğunu hesab edir və bunun üçün bir sıra rəsmi faktlar da təqdim olunur. Misal üçün bir sıra görüşlərin orada keçirilməsi kimi. Sarayın 1 milyard dollara başa gəldiyi haqda məlumatlar da var.

BBC Rusian 2021-ci ildə iqamətgahın inşasında iştirak edən fəhlələrlə əlaqə yarada və məlumatlar öyrənə bilmişdi. Məlumatlara görə, iqamətgahın inşasında 1500 nəfər çalışıb və tikinti işi maksimum gizli şəkildə həyta keçirilib. Misal üçün tikintini gizlətmək, xüsusilə sahilində yerləşdiyi Qara dənizdən görünməməsi üçün materialların kamulflaj edildiyi iddia olunurdu./publika.az