Rusiya Prezidenti Vladimir Putinin dediyinə görə, o, “dünya liderlərinin heç biri ilə münasibətləri korlamamağa çalışır”: “Mənim Bayden, Makron və Şoltsla normal münasibətlərim olub, lakin onlar bunun lazım olmadığına qərar veriblər”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə keçirilən ənənəvi “Valday” toplantısında deyib. O, Trampın indi onunla danışmaq istəyib-istəmədiyini bilmədiyini, lakin onların normal münasibətlərinin olduğunu qeyd edib.
Putin həmçinin deyib ki, Moskva “ABŞ ilə münasibətləri korlamaq niyyətində deyil və Vaşinqtonla konstruktiv əlaqələri bərpa etməyə hazırdır”. Ancaq əlavə edib ki, “indi top amerikalıların meydanındadır”.
Onun sözlərinə görə, “Rusiya həmişə o prinsipə sadiq qalıb ki, hər iki tərəf fikir ayrılıqlarının sülh yolu ilə həllinə çalışarsa, ölkələr arasında münaqişənin qarşısını almaq olar”.
“Biz heç kimə qarşı heç kimlə birləşmək fikrində deyilik”, deyən Putin əlavə edib ki, Rusiya heç vaxt ABŞ yaxınlığında münaqişələri qızışdırmağa çalışmayıb və Vaşinqton da öz növbəsində qlobal münaqişələrin qarşısını almaq üçün Moskvanı təhrik etməməlidir.
Rusiya Prezidenti həmçinin iddia edib ki, Moskva “təcavüzə başlamayıb, sadəcə, 2014-cü ildə Kiyevin başlatdığı hərbi əməliyyatları dayandırmağa çalışır”. Putin vurğulayıb ki, Rusiya “Ukrayna ilə dinc danışıqlara hazırdır, ancaq bugünkü reallıqlar və mövcud razılaşmalar əsasında”. Bu zaman Putin 2022-ci ilin əvvəlində İstanbulda əldə edilən razılaşmanı nəzərdə tutub. Onun sözlərinə görə, “Ukraynanın neytrallığı olmadan qonşu ölkə ilə mehriban qonşuluq münasibətlərini təsəvvür etmək mümkün deyil”.
Putin hesab edir ki, Kiyevin Kursk vilayətinə hücum qərarı “siyasi vəziyyət, xüsusən də ABŞ-dəki prezident seçkilərinin yaxınlaşması” ilə bağlı olub.
Bundan əlavə, Rusiya Prezidenti bəyan edib ki, “Ukraynanın və onun sərhədlərinin gələcəyi tarixi ərazilərin sakinlərinin rəylərindən, eləcə də cari hadisələrin dinamikasından asılı olacaq”. Putin deyib ki, “Rusiya rusdilli insanların öz müqəddəratını təyinetmə hüququ ilə bağlı mövqeyindən əl çəkməyəcək” və bu, onun fikrincə, BMT Nizamnaməsinə uyğundur.
Sonda Putin yenə “faciəli hadisələrə baxmayaraq” rus və yüzminlərlə insanını öldürdüyü, milyonlarla insanını didərgin saldığı Ukrayna xalqlarının “qardaş olaraq qalacağına” əminliyini ifadə edib. O, həmçinin “münaqişənin müvəqqəti barışıq üçün deyil, uzunmüddətli həlli üçün şərait yaradılmasının” vacibliyini vurğulayıb.
Nəhayət, Putin Trampı təbrik etməkdə və ona birinci zəng etməkdə qəbahət, yaxud utancverici bir şey olmadığını deyib və Trampı prezident seçilməsi münasibətilə təbrik edib.
Daha sonra Putinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib ki, Putin nəzəri cəhətdən Trampa zəng edə bilər, lakin hadisələrin necə inkişaf edəcəyini gözləmək lazımdır. O əlavə edib ki, “Valday” sessiyasında Putinin Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik etməsi “rəsmi təbrik sayıla bilər”.
Qeyd edək ki, bir gün öncə Peskov Putinin Trampı təbrik etməyəcəyinə eyham vuraraq demişdi ki, ABŞ Rusiya ilə müharibə aparan Ukraynaya dəstək verən əsas ölkədir…
Bu arada ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Vladimir Putinlə təmasların perspektivlərindən danışıb. Onun Putinlə əlaqə saxlayıb-saxlamayacağına dair suala Tramp "düşünürəm ki, danışacağıq", - deyə cavab verib./azpolitika.info