Rusiya qoşunları Pokrovsk yaxınlığında tədricən irəliləyir, lakin onların şəhəri ələ keçirməyi, yoxsa Donetsk və Dnepropetrovsk vilayətlərinin inzibati sərhədlərinə qədər irəliləməyi planlaşdırdıqları hələlik məlum deyil.
ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) son hesabatında belə deyilir.
Analitiklərin fikrincə, Vladimir Putin orduya mühüm şəhər mərkəzlərini ələ keçirməkdənsə, daha çox əraziləri zəbt etməyi tapşırıb: "Putin əvvəllər etdiyi kimi konkret şəhər mərkəzlərinin ələ keçirilməsini vurğulamaqdansa, getdikcə daha çox Rusiyanın hücumlarını kvadrat kilometrlərlə ölçür və xarakterizə edir. Ola bilsin ki, Putin rus hərbi komandirlərinə açıq sahələrdə daha çox irəliləməyi, Donetsk vilayətinin inzibati sərhədinə çıxmağı və Pokrovskun işğalını təxirə salmağı tapşırıb".
Hesabatda qeyd edildiyi kimi, geolokasiya məlumatları göstərir ki, Rusiya qoşunları Donetsk vilayəti sərhədinin 10 kilometrliyindədir və “Putin Rusiya hərbi komandanlığına Pokrovsku mühasirəyə almaq əvəzinə sərhədə doğru irəliləmək üçün təzyiq edə bilər”.
Analitiklər vurğulayırlar ki, Donetsk vilayətinin qalan hissəsini ələ keçirmək Putinin Ukraynadakı çoxdankı məqsədlərindən biridir və o, çox güman ki, bundan həm xarici, həm də daxili auditoriyaya Rusiyanın Ukraynadakı uğurları barədə iddialar irəli sürmək üçün istifadə edəcək./azpolitika.info