"Prius"u polislərin üstünə sürən şəxs DİN-ə 7500 manat ziyan vurmaqda ittiham olunur

Bakıda "Prius"u polislərin üstünə sürməkdə ittiham olunan Rauf Qurbanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını oxuyub. Qeyd olunub ki, Rauf Qurbanova Cinayət Məcəlləsinin 186 (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221 (Xuliqanlıq), 234 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 315 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinə 7532 manat ziyan vurub. O, ümumilikdə 10 min 32 manat ziyan vurmaqda ittiham olunur.

İş üzrə baxış iclası sentyabrın 13-nə təyin olunub.

Qeyd edək ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1987-ci il təvəllüdlü Rauf Qurbanov aprelin 28-də idarə etdiyi Toyota "Prius" markalı avtomobildə külli miqdarda satış məqsədilə narkotik vasitələrin olması barədə polisə əməliyyat məlumatı daxil olub. Aparılmış araşdırmalarla R. Qurbanovun külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsini həyata keçirməsinə, eləcə də idarə etdiyi nəqliyyat vasitəsini polis işçilərinin üzərinə sürüb sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə müqavimət göstərməsinə, həmçinin 3 xidməti polis avtomobili və 2 vətəndaşa məxsus avtomobili qəsdən zədələməsinə əsaslı şübhələr müəyyən edilib.

Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 234.4.3 və 315-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə Rauf Qurbanov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.