"Polkovnik üçün 50 inək saxlamadığıma görə həbs olundum" deyən fermerə bəraət verildi

Bakı Apellyasiya Məhkəməsində məcburi əməkdə təqsirləndirilən, ferma sahibi olan Fazil İsmayılovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilib,  Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə hökmü ləğv olunub. Belə ki, onun əməlində cinayət tərkibi olmadığı qənaətinə gəlinib və bəraət verilib. Fazil İsmayılovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunub.

İttihama görə, Fazil İsmayılov fermada çalışan işçiləri zorla orada saxlayıb, hərəkət azadlıqlarını məhdudlaşdırıb, antisanitariya vəziyyətində yaşamağa məcbur edib, hədələyib və s.

Ona qarşı Cinayət Məcəlləsinin 144-2 (məcburi əmək) və başqa maddələri ilə ittiham irəli sürülüb. Amma o, özünü təqsirli bilmir. Deyir ki, polis polkovniki İbrahim Kazımovun qanunsuz istəklərinə boyun əymədiyinə görə onun sifarişiylə cəzalandırılıb: "Əvvəl torpaq söhbəti gedirdi. Məndən torpaq istəyirdi, vermədim. Sonra dedi ki, mənə fermada 50 danalıq yer ver. Dedim, mən heç atama nökərçilik eləməmişəm, sənin nökərinəm? 50 inəyə baxmaq bilirsən nə deməkdir? Dedi ki, "görərsən başına nə oyun açacam". Dediyini də elədi"./pravda.az